AZ

Qərbin Cənubi

Qafqaz məğlubiyyəti...

Avropanın regionda “dişləri” necə və niyə sındı?

Gürcüstan fiaskosu ardından Ermənistan pessimizmi...

İllərdir Cənubi Qafqazda “möhkəmlənmək” üçün can atan Qərbin bütün cəhdləri bumeranq effekti ilə özünə qayıdır. Əməkdaşlığı “tabeçiliklə” qarışdıran Qərb, xüsusilə Avropa İttifaqı dövlətlərin üzərində monopoist hegemoniya qurmağı planlaşdırır - əsasən isə Avropanın mərkəzindən kənar bölgələrində yerləşən dövlətləri öz maraqları üçün vasitəyə çevirmə halları aşkar şəkildə ortaya qoyulur. Bir nüansı isə vurğulamamaq olmaz - öz yolunu Qərbin, Avropanın “düsturları” ilə deyil, milli maraqları əsasında quran ölkələr bu instansiyaların ən qatı düşməninə çevrilir.

Bir qanunun “gücü”...

Aylardır Gürcüstanda baş verən proseslər bu həqiqətin üzərinə bir daha işıq salmış oldu. Ümumiyyətlə, bu ilin əvvəlindən Gürcüstana münasibətdə rənglərini tündləşdirən Qərb ilin hazırki siyasi nəticələrlə yekunlaşacağını proqnozlaşdırırdı. Məhz bu səbəbdən də elə ilin başlanğıcından baş tutacaq parlament seçkilərinə “hazırlaşırdı”. Hər zaman olduğu kimi, özünə sərf edən “media azadlığı”, ona xidmət edən “vətəndaş cəmiyyəti” kimi obrazlı pafosun arxasında gizlənərək Qərb lokal maraqlarını ifadə və təmin etməyə çalışırdı - “göy qütb”ün əsl siması isə may ayında başlanan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə başlanan siyasi proseslə açıldı. Aylardır ki, bu qanuna qarşı Qərbin atmadığı addım, qəbul etmədiyi sanksiya, ləğv etmədiyi müqavilə qalmayıb - qeyd edilən qanunun qəbulunun ardından Qərbin Gürcüstana qarşı münasibətində fərqli ştrixlər üzə çıxdı. Bayden administrasiyası Gürcüstana maliyyə yardımı proqramını, Avropa İttifaqı isə Gürcüstan Müdafiə Nazirliyinin maliyyələşdirilməsini dayandırdı. Eyni zamanda, qanun layihəsinin müəlliflərinin ABŞ-a girişi məhdudlaşdırıldı. Paralel olaraq Gürcüstanın Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejimi də ləğv edildi.

Bu fakt özlüyündə bir həqiqəti ortaya çıxarır - tərəfdaş ölkənin maraqları, həmin ölkənin vətəndaşlarının iradəsi Qərb üçün etalon sayılmır. Əksinə, Qərb üçün əsas olan özünün lokal və korporativ maraqlarıdır.

Qərbin “ilğım davranışı”, yaxud “tamaşa” başa çatdı...

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ətrafında çəmbərə çevrilən ajiotaj Qərbin özünə öz əli ilə “qəbir qazmasına” bənzədi - onun mövqeyi bütün gizli kartlarını açıq etdi. İllərlə Avropa təsisatlarının, ABŞ institutlarının yedəyinə çevrilmənin acı nəticəsi bütün titrları ilə ortaya çıxdı:

- Post-sovet məkanından Qərbə “can atan” dövlətlərin başına gətirilən oyunların “ssenari müəllifləri” ifşa olundu;

-  “Demokratiya” adı altında öz planlarını irəlilətmək arzusu bütün parametrləri ilə üzə çıxdı;

- Formalaşdırılan təsisatların vasitəsilə “yumşaq güc” formulunu daha geniş areala yaymaq layihəsi aşkar edildi .

Gürcüstanda baş verən məxməri inqilab sonrası Qərbin Tbilisidən “Şərq filialı” kimi istifadə etmə cəhdləri sirr deyildi - hətta digər ölkələrdə fəaliyyət göstərən “agentura şəbəkələri”nin görüş yeri kimi Tbilisi xarakterizə olunurdu. Bunu “demokratik ab-hava” kimi qələmə verməyə çalışanlar isə mövcud vəziyyətdən maksimum yararlanırdılar. İllərlə Gürcüstan cəmiyyətində monolitliyin, bütövlüyün bərqərar edilməməsinin səbəblərindən biri və bəlkə də birincisi və məhz xarici təsirlərin güclü xarakter daşıması oldu. ABŞ və Avropanın “ilğım vədləri” oradakı bəzi siyasi qrupların diqqətini cəlb etmişdi - nəticədə bu “tamaşa” da sona çatdı...

Qərbin arzuları deyil, “Gürcü Arzusu” qələbə qazandı...

Gürcüstanda baş tutan seçkilərdə Qərbin arzuları deyil, “Gürcü Arzusu” qələbə qazandı - bu isə nəticə etibarı ilə Avropanın Cənubi Qafqaza uzanan əllərinin “çəkilməsinin” ilk mərhələsi də sayıla bilər. Yeri gəlmişkən, artıq Gürcüstanda baş tutmuş parlament seçkilərinin nəticələri də təsdiqlənib - hətta hakim “Gürcü Arzusu” Partiyası Baş nazir vəzifəsinə təyin edilmək üçün yenidən İrakli Kobaxidzenin namizədliyini parlamentə təqdim edib. Siyasi Şuranın bu qərarı barədə hakim “Gürcü Arzusu” Partiyası məlumat yayıb. Xatırladaq ki, Kobaxidze 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub. 2019-cu ildə kütləvi etirazların ilk günündə istefa verib. 8 fevral 2024-cü ildən isə Gürcüstanın 16-cı baş naziridir. “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Siyasi Şuranın iclasından sonra bildirib ki, Şalva Papuaşvili isə yenidən parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürəcək.

Ermənistanın ulduzu “necə parladı” - Qərbin “B” planı...

Qərbin Cənubi Qafqazda “dişinin qırılması” faktı tək Gürcüstana istinadən deyil - özünün “əlaltısına” çevirdiyi Ermənistan da artıq Qərbdən üz çevirməkdədir. Daha doğrusu, rəsmi İrəvan yenə də manipulyasiya yolu tutaraq özünü “sudan quru” çıxarır, reallıqları “dəyərləndirir”. İki ilə yaxındır ki, Ermənistanın Azərbaycanla şərti səhəddində “kök salmış” Aİ-nin sözdə “müşahidə missiyası”nın kürkünə birə düşüb - Avropanın təzyiqlərinə baxmayaraq Ermənistan missiyanın xidməti müddətini uzatmaqda fikirləşir. Əslində, bu “qərar” artıq verilib - sözdə Aİ-yə, üzdə isə Fransaya tabe olan bu missiya fevralda böyük ehtimalla “evə” qayıdacaq. Yaranan situasiya bunu deməyə əsas verir:

- Sülh prosesi yeni mərhələyə qədəm qoyur (Paşinyan seçki və referendum məsələsində qəti qərarlar qəbul etmək üzrədir);

- Bayden administrasiyasının gedişi fevral üçün Avropaya Ermənistanda mütləq yeni “sürpriz” vəd edir - yeni administrasiya Avropanın “nüfuz dairəsi”nin genişlənməsində maraqlı görünmür;

- Ukraynada vəziyyətin gərginləşməsi fonunda Avropanın başı öz “dərdinə” qarışıb.

Bu məqamda 5 aprel görüşünə toxunmamaq olmaz - Avropa Gürcüstanda inkişaf edən siyasi proseslərin nəticəsini əvvəlcədən hiss etdiyi üçün Ermənistana “marağını” bir anda artırdı. Bütün rakurslardan İrəvanın hər hansı bir xüsusi cəlbediciliyi olmasa da, Qərb Ermənistan haqqında fərqli və yüksək layihələrdən danışdı - səs tonunun yuxarı olması isə danışılan yalanlara inandırmaq üçün idi. Tbilisi məğlubiyyətindən sonra antimilli layihələrin İrəvandan şəbəkələşməsi Qərb institutları üçün sərfəli idi.

Amma bunun da ifşası uzun çəkmədi. Məhz Azərbaycanın qətiyyəti, Avropanın bütün kartlarını açması, Fransanın istismarçı, kolonist simasını ifşa etməsi müstəqil düşüncəyə qarşı yönəlmiş bu layihələri darmadağın etdi. Aİ missiyasının suyu süzülə-süzülə Ermənistanı tərk edəcəyi Azərbaycanın qəti iradəsinə əsaslanır.

Məğlubiyyətin “formulu”...

Avropanın Cənubi Qafqazda distabillik yaratmaq istəyi və fikri bütün arqumentlər üzrə ortadadır - hətta sülh üçün ən real vasitələrdən sayılan COP29 kimi mühüm bir tədbirdən müsbət ştrixlər üzrə istifadə etməyən, əksinə, şantaj və sabotaj yolunu seçən Qərb rasionallığını tam itirib. Başqa sözlə, ABŞ-ın hazırki administrasiyası və Avropa Şərqə doğru genişlənmə planının Cənubi Qafqaz “ayağını” zor gücü ilə reallaşdırmağa çalışsa da, bacarmadı.

- Gürcüstanda “persona non-qrata” sayılması;

- Aİ-ABŞ-Ermənistan arasında imzalanan 5 aprel üçtərəfli sənədinin cəmisi bir neçə aydan sonra kağız parçasına çevrilməsi;

- Son 2 ayda ortaya qoyulan məqsədli sülh tələskənliyi və buna nail ola bilməmə Qərbin məğlubiyyətinin işarələridir.

Beləliklə, bütün tezislər üzrə Qərbin arzuları puç oldu. Səmimi tərəfdaşlığı deyil, istismar yolunu seçmiş Qərb Cənubi Qafqazda özü öz “əlini qapı arasında qoydu”.

P.SADAYOĞLU

Seçilən
33
yeniazerbaycan.com

1Mənbələr