AZ

Müharibə qloballaşır...

Rusiya ballistik raketləri işə saldı

Putin açıqladı: NATO-ya cavab olaraq...

Ukrayna-Rusiya müharibəsi qlobal qarşıdurmaya çevrilir. Tərəflər artıq ballistik raket hücumlarına “müraciət” edir - bu isə qarşıdurmanın miqyasını və sərhədlərini genişləndirir. Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi bir neçə gün öncə ABŞ tərəfindən Ukraynaya verilmiş ATACMS raketləri ilə hücuma məruz qalmaları barədə məlumat yaymışdı. Bildirilirdi ki, Ukrayna Rusiyanın Bryansk vilayətinə zərbələr endirərkən Ordu Taktik Raket Sistemindən (Atacms) istifadə edib.

Noyabrın 21-də xalqına müraciət edən Rusiya prezidenti Vladimir Putin də bu faktı təsdiqləyib. Putin bildirib ki, Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb. Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qərbin uzaqmənzilli raketlərinin hücumlarını dəf edib və onlar qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.

ATACMS ilə Bryansk, “Fırtına kölgəsi” raketləri ilə Kursk...

Televiziya ilə müraciətində Vladimir Putin bildirib ki, Rusiya bu addımın qarşılığında Dneprdəki hərbi-sənaye kompleksini “Oreşnik” adlı yeni orta mənzilli ballistik raketlə vurub. Putinin sözlərinə görə, bu, Qərbin dəqiq silahlarının Rusiya ərazisindəki hədəflərə hücumlarına cavabdır. O, Qərb ölkələrini Kiyevin Rusiyanın dərinliklərindəki hərbi hədəfləri vurmaq üçün Amerika və Britaniya raketlərindən istifadə etməyə icazə verdiyinə görə tənqid edib. Rusiya prezidenti deyib ki, noyabrın 19-da Ukrayna Rusiya ərazisinə 6 Amerika ATACMS raketi ilə hücum edib - daha sonra isə hücumda Britaniyanın “Storm Shadow” və “HIMARS” raketlərindən istifadə edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ATACMS-in zərbəsi barədə həmin gün, “Fırtına kölgəsi” barədə isə yalnız noyabrın 21-də məlumat verib. Ukrayna Silahlı Qüvvələrinin ATACMS ilə Bryansk vilayətinə, “Fırtına kölgəsi” raketləri ilə isə Kursk vilayətində hərbi hədəflərə hücum etdiyi açıqlanıb. Bryanskda tələfat olmasa da, Kurskda hücum nəticəsində ölənlər olub. Putin təsdiqləyib ki, hücumun hədəfi Kursk vilayətindəki “Sever” qrupunun komanda məntəqəsi olub.

Hədəf açıqlandı - ABŞ öhdəliyini pozub...

Putin “Oreşnik” raket hücumunu döyüş şəraitində “ən yeni raket sistemlərindən biri”nin sınağı adlandırıb. Rusiya mətbuatı hədəfin “Yujmaş” zavodu olduğunu yazıb. Putin müraciətində bu məqama toxunmasa da, “Dnepropetrovsk şəhərində Sovet İttifaqı dövründən bəri ən böyük və məşhur sənaye komplekslərindən biri olan və bu gün də raket texnologiyası və digər silahlar istehsal edən zavodun” vurulduğunu” deyib.

Putin ABŞ-ın addımını qeyri-qanuni adlandırıb. O bildirib ki, Rusiyanın bu addımı atması Amerikanın öz öhdəliyini pozmasından irəli gəlib. “Bir daha deyirəm, biz NATO ölkələrinin Rusiyaya qarşı aqressiv hərəkətlərinə cavab olaraq “Oreşnik” raket sistemini döyüş şəraitində sınaqdan keçiririk”, - deyə Putin bildirib. Xatırladaq ki, orta mənzilli raketlərdən istifadə 1987-ci ilin dekabrında Ronald Reyqan və Mixail Qorbaçov tərəfindən imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsi ilə qadağan edilmişdi. Bu öhdəlik  500 km-dən 5500 km-ə qədər məsafəni qət edə bilən yerüstü raketlərə aiddir. Lakin 2018-ci ildə NATO Rusiyanı müqaviləni pozmaqda ittiham etdi və ABŞ rəsmi olaraq müqavilədən çıxdığını bildirmişdi.

Humanitar məqsəd: hücumlarla bağlı xəbərdarlıqlar ediləcək

Rusiya dövlət başçısı ballistik raketdən isttfadəni ölkəsinin hüququ adlandırıb. O bildirib ki, Rusiya silahlarını ölkəsinə qarşı raket hücumundan istifadə etməyə icazə verən ölkələrin hərbi obyektlərinə qarşı istifadə etmək hüququna malikdir. Putin, həmçinin humanitar məqsədlə növbəti hücumlarla bağlı xəbərdarlığın edilcəyini bildirib. “Biz Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərə əsaslanaraq ən yeni raket sistemlərimizin növbəti sınaqları zamanı məhv ediləcək hədəfləri müəyyənləşdirəcəyik”, - deyə Rusiya prezidenti bildirib.

ABŞ xəbərdar olub - yarım saat öncə...

ABŞ isə Ukraynanı dəstəkləməyə davam edəcək. Ağ Ev Rusiyanın Dneprdəki obyektə ən son “Oreşnik” ballistik raketi ilə hücumu haqda sualı cavablandırarkən belə deyib. Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdəki çıxışında bildirib ki, ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya qarşı orta mənzilli ballistik raket buraxmasından xəbərdar idi: “Son günlər biz Ukrayna, yaxın müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdik ki, onlara hazırlaşmaqda kömək etsinlər”.

Eyni zamanda, “CNN” adı açıqlanmayan amerikalı dövlət rəsmisinə istinadən məlumat yayıb ki, ABŞ Rusiyanın Ukraynaya strateji raketlə hücuma hazırlaşdığını əvvəlcədən bilib və bu barədə Kiyevə və digər dövlətlərin hökumətlərinə xəbərdarlıq edib.

Pentaqonun mətbuat katibi Sabrina Sinqh təsdiq edib ki, ABŞ Rusiyadan “Oreşnik” hipersəs raketinin buraxılışından az əvvəl bildiriş alıb.

Kremlin mətbuat katibi Dmitri Peskov da TASS-a ABŞ-a Rusiya Milli Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə 30 dəqiqə əvvəl buraxılış barədə xəbərdarlıq edildiyini bildirib.

İnanılmaz “Oreşnik”...

Qeyd edək ki, “Oreşnik” Rusiyanın ən son nəsil orta mənzilli hipersəs ballistik raketidir. Rəsmi açıqlamaya görə raket 10 M (saniyədə 2,5-3 kilometr) sürətə malikdir. Bütün növ hava hücumu və raketdən müdafiə sistemlərindən yayınmağı bacaran raketin fərdi hədəfə malik çoxlu döyüş başlığı ilə təchiz olunduğu görüntülənib. Mütəxəssislər raketin uçuş məsafəsini inanılmaz adlandırıb.

S.İSMAYILZADƏ

Seçilən
33
yeniazerbaycan.com

1Mənbələr