AZ

Səttarxanın doğulduğu, mis yataqlarının istismar edildiyi şəhər - GÜNEY AZƏRBAYCANI TANI

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Vərziqan - Səttarxanı Azərbaycana bəxş etmiş bir şəhər” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Vərziqan (Vərzqan) şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərindən 70 km aralıda yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Vərziqan şəhəri əslində Vərziqan rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Xarvana, Üzümdil, Bəkirova, Ərəzil, Coşın və Dizmar kimi daha kiçik qəsəbələri və kəndləri ilə əhatə olunub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Vərziqan rayonunun əhalisi 52 600 nəfərə bərabərdir. Bu şəhərin əhalisi Azərbaycan türkcəsində danışır. Onlar müsəlman və şiədir.

Azərbaycanımızın bir çox şəhəri kimi Vərziqan rayonu da dağlıq bölgədə yerləşməkdədir. Əslində bu şəhər də, Əhər və Kəleybər kimi Qaradağ mahalından sayılırlar. Qaradağ bölgəsi çox soyuq, bəzənsə şaxta qışları və ilıq, sərin yayları ilə tanınır. Bu bölgənin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq, əsas məhsulları isə mərcimək, buğda və baldır.

Vərziqanın qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa nəzər

Bölgədə Urartu daş kitabələrinin olması bu şəhərin tarixinin eramızdan əvvəlki dövrlərə gedib çıxdığını göstərir. Tarixi qaynaqlara görə, Urartu dövləti (eramızdan əvvəl 860–547) güclü olduğu çağlarda bölgəni öz ərazisinin tərkib hissəsinə daxil edilib. Urartunun əsas ərazilərinə Azərbaycanın qərb şəhərləri daxil olsa da, bu imperiya gücünün pik dövründə Ərdəbil ətrafına qədər bütün torpaqları öz tabeçiliyinə keçirmişdi. Bu iddianın sübutu Sərab şəhəri yaxınlığında mövcud olan mixi yazı ilə yazılmış daş kitabələrdir. Vərziqanın yaxınlığında yerləşən Sığındıl daş kitabəsi də Urartu dövlətinin yadigarıdır və bu rayonun tarixinin daha qədim zamanlara gedib çıxır.

(Sığındıl daş kitabəsi)

Təəssüf ki, Vərziqanbölgəsinin tarixi ilə bağlı hərtərəfli elmi araşdırma aparılmayıb. Lakin qeyd etdiyimiz kimi, Sığındıl daş kitabəsinin bu bölgədə yerləşməsi, bu torpaqlarda çox qədim tarixi qalaların olması, arxeoloji qazıntılar nəticəsində İslamdan əsrlər əvvələ aid əşyaların tapılması, bölgədə fərqli tarixi dövrlərə aid abidələrin varlığı onu göstərir ki, bu bölgənin qədim tarixini araşdırmaq üçün zəruri olan əsas xam materiallar müəyyən dərəcədə mövcuddur.

Bu tarixi əsərlərə əsasən demək olar ki, bu torpaqlarda insanların məskunlaşması hətta Urartu imperiyasından əvvəlki dövrlərə təsadüf edir. Məsələn, Vərziqanın Süngün bölgəsinin Qoşadaş adlı mahalında yerləşən qədim petroqliflərin eramızdan əvvəl 5-ci illərə aid olduğu təxmin edilir. İnsan və heyvanların rəqs təsvirləri ilə bağlı olan petroqliflər Azərbaycan tarixinin zəngin xəzinəsi hesab olunur. Onlar uzaq keçmişdən insan həyatının informasiya fayllarıdır və açılmamış sirlərlə doludur.

(Qoşadaş petroqlifləri)

Bu petroqliflər kod hərflərinin, yazının, mesaj mübadiləsinin, dilin, tarixin, miflərin, incəsənətin və mədəniyyətin yaranmasının təməli sayılır. Onlarda ən çox təkrarlanan heyvan motivinin dağ keçisi olduğu da diqqətçəkicidir. Azərbaycanın əski mifologiyasında keçinin çox əhəmiyyətli yeri var. Hələ də Güney Azərbaycanda bayram ərəfəsində təkəmçilər kəndbəkənd dolanaraq bayramın gəlməsinin muştuluğunu verirlər. Təkəmçilik ənənəsinin əsas motivi isə yazın muştuluğunu gətirən keçidir.

Nümunə olaraq Qaradağın tarixi Dizmar bölgəsinin mərkəzində, Qal və Coşın kəndləri arasında yerləşən Coşın qalasını qeyd etmək olar. Bu qalanın salındığı dağ çox hündür olmasa da qalaya gedən yol o qədər çətindir ki, xüsusi vasitələr tələb olunur. Beləliklə, qalanın müdafiə amaclı tikilmiş olduğu da ortaya çıxır.

(Coşın qalasının yerləşdiyi dağ)

Bu qalanın giriş pillələri oyma daşdan hörülüb. Qalanın qalıqlarından şərq və qərb tərəflərində, ehtimal ki, müşahidə üçün istifadə edilmiş iki böyük qayanı, su qayaların içərisində saxlamaq üçün qazılmış hövzələri və məşəl qoymaq üçün kiçik silindrik çuxurları qeyd etmək olar.

(Coşın qalası)

Başqa bir misal olaraq İslamdan əvvəlki dövrə aid olan Ağca Qalanı qeyd etmək olar. Təəssüf ki, Güney Azərbaycanın bir çox digər tarixi abidələri kimi, bu qala da ciddi şəkildə dağıdılıb və indi bu qaladan 8 dairəvi yarımsilindrik qüllə və 11 parça qalın və enli daş divar qalıb.

(Ağca Qalanın dairəvi qüllələrindən biri)

Vərziqan rayonunun Xarvana bölgəsində eyniadlı kəndin yanında yerləşən Göy Günbəz bu bölgənin digər tarixi abidəsi sayılır. Böyük ehtimalla tarixin adlı-sanlı insanlarından birinin məzarı olan bu bina zirzəmi və birinci mərtəbə olmaqla iki hissəlidir. Üst mərtəbənin günbəzləri uçub. Bina daşdan, gövdəsi qırmızı kvadrat kərpicdən hörülüb, üzərinə firuzəyi kaşılarla “Allah” kəlməsi yazılıb. Binada heç bir kitabənin tapılmadığı üçün hansı tarixi şəxsiyyətə aid olduğu və hansı zamanda tikildiyi bəlli deyil. Lakin binanın memarlıq üslubu moğol Elxanlarının son dövrünə aid olduğunu, yaxud da moğol Elxanları ilə Səfəvilər dövrünün arasındakı zamanda tikilmiş olduğu bilinir.

Bu kiçik yazıda qeyd olunanlar bu bölgənin qədim tarixi haqqında bizə ipucu verə biləcək əsərlərin yalnız bir hissəsi idi. Son iki yüz ildə bu bölgədən çıxan kişilər Azərbaycan və İran tarixində mühüm rol oynayıblar. Heç şübhəsiz deyə bilərik ki, bu adamların başında Səttarxan dayanır. Məşrutə hərəkatında Azərbaycan döyüşçülərinə sərkərdəlik edən və qorxmazlığı və cəsarəti ilə bu gün belə bir qəhrəman kimi dəyərləndirilən və Güney Azərbaycan türklərinin cəsarət simvolu olan Səttarxan 20 oktyabr 1866-cı ildə Vərziqanın kəndlərinin birində dünyaya göz açıb. Onun doğulub boya-başa çatdığı ev hələ də öz yerində durur. Təəssüflər olsun ki, evin qorunub-saxlanılması ilə bağlı bir iş görülməyib, indiki vəziyyətdə isə xarabalıqdan başqa heç nə qalmayıb.

(Səttarxan, ilk sırada, sağdan 2-ci, Azərbaycan məşrutə hərəkatının fədailəri arasında)

Səttarxanlar yurdu olan Vərziqan bölgəsinin gəncləri təbii ki, öz keçmişinə, mədəniyyətinə, dilinə, kimliyinə biganə qala bilməz. Belə ki, Vərziqanın Qaradağ bölgəsində yerləşdiyini də unutmayaq. Daha əvvəlki yazılarımızda da qeyd elədiyimiz kimi, Qaradağ bölgəsi Azərbaycan türk kimliyinin qorunub saxlandığı ən bariz bölgələrdən biridir. “Qaradağ aşıqları” sözü hələ də dillərdə deyilən və Azərbaycan mədəniyyətini xatırladan bir sözdür. Zəngin aşıq mədəniyyətinə sahib olan bu bölgə Azərbaycan keçmişini, mədəniyyətini, dilini, kimliyini aşıqların sazlarında və sözlərində yaşadır. Bu bölgənin əhalisinin əksəriyyətinin kiçik şəhər və kəndlərdə yaşadığı üçün, ölkədə yüz ildən artıqdır davam edən assimilyasiya və farslaşdırma siyasəti bu bölgədə o qədər də təsirli olmamışdır. Ən azı Güney Azərbaycanın başqa bölgələri ilə müqayisədə daha az təsir göstərib.

Güney Azərbaycanın başqa şəhərlərinin haqqında yazdığımız kimi, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı şənlikləri, Novruz bayramının dəbləri, sayaçılar, kosa, təkəmçilər, çillə gecəsinin dəbləri, Koroğlu “dastanı” kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək olar ki, azərbaycanlılıq və türklük də yaşayır. Lakin Azərbaycan türk kimliyi özünü sadəcə bunlarda əks etdirmir, bölgənin adət-ənənələri oranın kulinariyasına da sirayət edib. Bu bölgədəki motivləri Azərbaycanının digər bölgələrində toxunan xalça və kilimlərdə də görmək olar.

Unutmayaq ki, bir toplumu millətə çevirən amil yuxarıda qeyd olunanlardan əlavə, milli həmrəylik ruhudur. Biz bu həmrəylik ruhunu azərbaycanlılar arasında zaman-zaman görmüşük. Bunun ən aydın nümunəsini Qarabağ müharibəsi zamanı gördük. Bu həmrəylik ruhunu çox açıq şəkildə əks etdirən bir başqa hadisə də Vərziqanda baş vermiş güclü zəlzələ olub. 2012-ci il avqustun 11-də baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu binalar dağıldı, bir çox insan öldü və yaralandı. Xəbərin ilk saatlarından bütün Güney Azərbaycan öz bacı-qardaşlarına kömək etmək üçün səfərbər oldu. Güney Azərbaycanın hər yerindən Vərziqan bölgəsinin bütün şəhər, kənd və qəsəbələrinə yardımlar göndərildi. Uçuq binaların yenidən tikilməsi üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən gedən insanlar canla-başla çalışdılar. Vərziqan zəlzələsi nə qədər acı hadisə olsa da, Güney Azərbaycan türklərinin həmrəylik ruhunu aydın bir şəkildə hamıya göstərdi.

Son söz:

Vərziqan rayonu Azərbaycanın əksər bölgələri kimi, ürəyində bənzərsiz xəzinələri olan ən məhrum yerlərdəndir. Bu saysız-hesabsız xəzinələr arasında təkcə Sünqün mis mədənini qeyd etmək kifayətdir. Təkbaşına dünya mis ehtiyatının bir, İranın mis ehtiyatlarının 52%-ni ödəyən ehtiyatların dəyəri 320 milyard dollar dəyərində qiymətləndirilir və bölgənin rifahı və inkişafı üçün kifayətdir. Amma təəssüflər olsun ki, yerli sakinlər bu nəhəng mis mədəninin istismarından heç bir fayda əldə etmir, əksinə ətraf mühit məhv edilir, yeraltı və yerüstü su qaynaqları çirklənir, təsərrüfatlara və bağlara ziyan vurulur. Belə ki, mədəndən çıxarılan xam materiallar yük maşınlarına yüklənib fars bölgələrinə (Kirman əyalətinə) aparılır. Halbuki bölgədə mis filizi emalı zavodları tikilsəydi, heç olmasa yerli sakinlər işlə təmin edilərdi. Lakin Azərbaycanın digər bölgələrinin əhalisinin, hətta yerli dövlət məmurların etirazlarına baxmayaraq, məsələ həllini tapmayıb.

Seçilən
24
1
apa.az

2Mənbələr