AZ

12 gün arxada qaldı - hələ də vaxtımız var...

COP29-dan gözləntilər

Əsas məsələlərdən biri Bakıda iqlim maliyyələşməsi ilə bağlı razılığın əldə olunmasıdır

Bakıda keçirilən COP29 bütün dünyanın diqqət mərkəzindədir. Qlobal iqlim dəyişiklikləri ilə mübarizə tədbirində geniş müzakirələr aparılıb. Əsas məsələlərdən biri isə Bakıda iqlim maliyyələşməsi ilə bağlı razılığın əldə olunmasıdır.

BMT-nin Baş katibi Bakıda çağırış etdi

Yeri gəlmişkən, noyabrın 21-də ölkəmizə səfəri sərçivəsində mətbuat konfransı keçirən BMT-nin Baş katibi Antonio Quterreş keçirdiyi mətbuat konfransında deyib ki, Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik. Maliyyə artımının vacibliyini vurğulayan Baş katib bildirib: “Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək də vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır”.

A.Quterreş diqqətə çatdırıb ki, maliyyə, nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı sərmayədir. “Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və ortagəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli maliyyə elan etdilər. Bu maliyyə 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək. Mən hər bir tərəfi addımlar atmağa, sürəti artırmağa çağırıram, vaxt azdır”, - deyə o əlavə edib.

Baş katib qeyd edib ki, indi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır: “Mən COP29-da danışıqlar aparan şəxs deyiləm. Ancaq nümayəndə heyətlərini dinləmişəm. İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”.

Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammitində COP29-un gündəm mövzusu olduğunu deyən A.Quterreşin sözlərinə görə,  sammit zamanı G20 liderlərini öz nazirlərinə və danışıqlar aparan şəxslərə COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırıb. “Liderlər konkret nailiyyətin vacibliyini vurğulayıblar. Nümayəndə heyətləri və COP Sədrliyi ortaq dil tapmaq üçün çox çalışır. Lakin vaxt gedir. Razılaşma üçün niyyət hiss edirəm. Artıq uyğunlaşma sahələri açıq görünür. Əsasını maliyyə təşkil edən bütün razılaşdırılmamış məsələlərlə bağlı ambisiyalı və balanslaşdırılmış paket təqdim etmək məqsədilə son mərhələyə çatması üçün böyük təkan lazımdır. Uğursuzluq bir seçim deyil”, - deyə Baş katib vurğulayıb.

COP29-un danışıqlar qrupları iştirakçılarının Qurultayı keçirilib

Qeyd edək ki, həmin gün COP29-un danışıqlar qrupları iştirakçılarının Qurultayı keçirilib. Qurultayı COP29-un Prezidenti Muxtar Babayev açaraq nazirlərin uzun sürən məsləhətləşmələrinin və müvafiq qrupların işinin nəticəsi olan yekun sənəd layihəsinin hazırlandığını açıqlayıb.

Sonra COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sənəd layihəsini Qurultay iştirakçılarına təqdim edib. O, mətnin 25 səhifədən 10 səhifəyə endirildiyini və sözügedən sənədin bu işdə iştirak edən hər kəsin səyinin məhsulu olduğunu bildirib. Y.Rəfiyev, həmçinin tərəfləri xüsusilə təsirin yumşaldılması yolunda (iqlim dəyişikliyinin mənfi nəticələrinin azaldılması üzrə tədbirlər) maksimalist yanaşmadan imtina etməyə çağırıb.

Tədbirdə əks mövqeləri ifadə edən iştirakçılar - tənqidi yanaşmadan tutmuş dəstəyi ehtiva edən fərdi paraqraflara qədər fikirlərini bildirənlər çıxış ediblər. Sənəd layihəsi ilə bağlı rəy bildirənlər arasında demək olar ki, bütün milli nümayəndə heyətlərinin, eləcə də Avropa İttifaqının nümayəndələri də olublar.

Xüsusilə, Uqanda və Türkiyədən olan nümayəndələr Azərbaycanın Sədrliyinin gərgin işini çox yüksək qiymətləndiriblər və həmkarlarını yekun sənədi hazırlamadan Bakını tərk etməməyə çağırıblar. Pakistan, Boliviya və digər inkişaf etməkdə olan dövlətlərin nümayəndələri də bu ölkələrin ayrılmış vəsaitlərə çıxışının olması barədə razılığa gəlməyə çağırıblar.

COP29 çərçivəsində qeyri-hökumət təşkilatları da fəaldır

COP29 çərçivəsində qeyri-hökumət təşkilatları da çox fəaldır. Tədbirin keçirildiyi günlərdə QHT-lər bir sıra tədbirlər reallaşdırıblar. Belə tədbirlərdən biri də Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransdır. Konfransda  Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atması, iqlimlə bağlı fəaliyyət də daxil olmaqla, ölkələr arasında həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi xüsusi vurğulanıb.

Tədbirin yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.

Bəyanatda, həmçinin ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.

COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.

Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” mövzusunda layihənin təqdimatı da QHT-lər COP29 çərçivəsində fəallığı baxımından əhəmiyyətlidir. Tədbirdə yerli və xarici alimlər də iştirak ediblər. Azərbaycanın Botanika İnstitutunun və Rusiyanın Çelyabinsk Dövlət Universitetinin alimləri tərəfindən həyata keçirilən “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” adlı layihəyə dair tədqiqatlar haqqında ətraflı məlumat verilib. Təqdimatlarda qeyd olunub ki, layihə çərçivəsində Xəzər dənizində (Azərbaycan hüdudlarında) yayılmış yosun növünün tədqiqi və laborator tədqiqatlarının fasiləsizliyinin təmin olunması üçün yosun kolleksiyasının yaradılması və sənaye-məişət obyektlərində, açıq ərazilərdə becərilməsi üçün karbon qazının konsentrasiyasını azaltmaq və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi texnologiyasının öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulub.

Yaşıl zonada Bakı Dövlət Universiteti və EkoSfera Ekoloji Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda keçirilən tədbirdə isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri həll etmək üçün universal bir çağırış olduğunu vurğulanıb. Qeyd edilib ki, universitetlər təhsil, tədqiqat və əməkdaşlıq yolu ilə bu məqsədlərin inkişafında mühüm rol oynayır.

COP29 çərçivəsində maraqlı tədbirlərdən biri də “İqlim davamlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: problemlərin dərk edilməsi və imkanların axtarışı” mövzusunda keçirilən tədbirdir. Əsas məruzə ilə Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev çıxış edərək plastik tullantıların təkcə ekoloji deyil, həm də iqlim problemi olduğunu qeyd edib. Onun sözlərinə görə, plastikin istehsalı və utilizasiyası əhəmiyyətli dərəcədə istixana qazları emissiyalarına gətirib çıxarır və bununla da karbon qazını artırır.

Tədbir zamanı tullantıların idarə olunması sahəsində innovativ həllərin tətbiqi üçün sektorlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Afrika gəncləri hansı məsələləri müzakirə edib?

Noyabrın 22-də Yaşıl Zonada “Afrika gənclərini ön sıralara çəkmək: CorpsAfrica yaşıl təşəbbüsündən öyrənilən dərslər” mövzusunda tədbir də  keçirilib. Tədbirdə çıxış edən iqlim fəalı Malamin Badyan Afrikada iqlim dəyişikliyi ilə mübarizə aparmaq və yerli icmaların həyatını yaxşılaşdırmaq üçün həyata keçirilən proqramlardan danışıb. O, Keniya və Seneqal kimi ölkələrdə həyata keçirilən təşəbbüsləri nümunə göstərib. Bildirib ki, Keniyada kəndlərdə qurulan mətbəx bağçaları sayəsində ailələr öz qida tələbatlarını ödəyə bilir, uşaqlar məktəbə qayıdır və icmalar daha dayanıqlı həyat şəraiti qururlar. Seneqalda isə qadınlara kömür briketlərinin hazırlanması öyrədilib ki, bu da meşələrin qırılmasının qarşısını alır və qadınların gəlir mənbəyini təmin edir.

İqlim fəalı qeyd edib ki, bu proqramlar Afrikanın 10 ölkəsində tətbiq edilir və 500-dən çox könüllü icmaya dəstək göstərir. “Birləşərək hərəkət etsək, iqlim dəyişikliyinə qalib gələ bilərik”, - deyə o çıxışını yekunlaşdırıb.

Daha sonra tədbirdə müxtəlif ölkələri təmsil edən gənclər “Nəsillərarası həmrəylik: COP-dan sonra bizi nə gözləyir” mövzusunda da müzakirələr aparıblar.

“Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” nə vəd edir?

 “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” mövzusunda keçirilən tədbirdə isə ölkəmizin COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri ilə bağlı müzakirələr aparılıb. Tədbir Azərbaycanda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayevin moderatorluğu ilə baş tutub. Panel müzakirəsində çıxış edənlər - Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova, Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova, “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra, BMTİP-nin Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları vurğulayıblar. Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.

Ermənistanın işğalçılıq siyasəti ifşa olunur

Ən vacib məqamlardan biri isə COP29 çərçivəsində Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması yönündə tədbirlərin keçirilməsidir. Məsələn, Yaşıl Zonadakı Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub. Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.

Filmin təqdimat mərasimində Azərbaycan Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, həmçinin Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) iştirak ediblər.

Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər. Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Bundan başqa, COP29 çərçivəsində Yaşıl Zona pavilyonunda XIX-XX əsrlərdə İrəvandakı Azərbaycan irsinin transformasiyası mövzusunda da tədbir keçirilib. Tədbirin əsas məruzəçisi tədqiqatçı və teleaparıcı Fuad Axundov çıxışında İrəvan xanlığının tarixi, onun strateji əhəmiyyəti və sonrakı dövrlərdə mədəni irsin dəyişdirilməsi proseslərinə dair faktları təqdim edib. O vurğulayıb ki, İrəvan xanlığı çar Rusiyası tərəfindən 1827-ci ildə - üç cəhddən sonra işğal olunmuş yeganə xanlıq idi. Bu işğal çar imperiyasının artilleriya qoşunlarının böyük üstünlüyü sayəsində həyata keçirildi.

Məruzədə qeyd edilib ki, işğaldan sonra çar imperiyası İrəvan xanlığının ərazisinə erməni əhalinin məqsədli şəkildə kütləvi köçürülməsinə başlayıb. Bu, bölgədə demoqrafik tarazlığı dəyişmək və erməni əhalisinin dominantlığını təmin etmək məqsədi daşıyırdı.

O, İrəvanın memarlıq, mədəniyyət abidələri və toponimləri baxımından Azərbaycan irsinə aid xüsusiyyətlərinin sistemli şəkildə dəyişdirildiyini sübut edən faktları təqdim edib. Bu tədbir İrəvan xanlığının Azərbaycan mədəniyyətindəki yerini və tarixi transformasiyasını geniş auditoriyaya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edib.

Nardar BAYRAMLI

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr