AZ

Putinin əsəbi müraciəti nədən xəbər verir? (ŞƏRH)

"Bu açıqlama Putinin Ukraynanı birdəfəlik itirdiyinin göstəricisi olmaqla yanaşı, danışıqlara olan ümidləri də puça çıxardı". Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsilə bağlı rus xalqına müraciətini şərh edərkən deyib. "Son aylarda ikinci dəfə idi ki, Rusiya prezidenti bu cür əsəbi və narahat görünürdü. Bunun səbəbi də Putinin avantürasının nəticəsi olaraq Rusiyanın böyük çətinliklərlə üz-üzə qalmasıdır. Putin xalqa müraciətində iki məqsəd güdüb. Bir məqsədi guya Rusiyaya qarşı NATO-nun döyüşdüyünü xalqa bildirmək idi. İkincisi, Putin "Oreşnik" raketlərilə bağlı dünyaya blef xarakterli müraciət ünvanladı. 8 dəqiqəlik müraciətində Putin bir dəfə də olsun nüvə silahına əl atacağını bəyan etmədi", deyə Üzeyir Cəfərov bildirib.  Ekspert düşünür ki, mövcud vəziyyətdə Qərb Ukraynaya güclü yardım edəcək: "Dünya dərhal onun cavabını verdi. Böyük Britaniya dərhal bəyan etdi ki, Rusiyanın hədə-qorxularından çəkinmir. Təsir əks təsirə bərabərdir. Ağ Ev də bəyan etdi ki, eskalasiyanın dərinləşməsində bütün məsuliyyət Kremlin üzərindədir".  Üzeyir Cəfərov qeyd edib ki, dünənki addımı ilə Moskva Ukraynanı birdəfəlik itirdi. Habelə danışıqların başlanacağına olan ümidlər də daha da uzağa atıldı: "Qardaş dediyi Ukraynanın üzərinə Şimali Koreyadan əsgər gətirmək, "Oreşnik" tipli orta mənzilli raketlə zərbə endirmək münasibətlərin artıq tamamilə sıfırlandığı anlamına gəlir. Yaxın perspektivdə iki dövlət arasında hansısa bir danışıqdan söhbət gedə bilməz. Tərəflər arasında eskalasiya yeni mərhələyə keçir. Bəlkə də yaxın günlərdə bir-birinə daha ağır zərbələr endirmələrinin şahidi olacağıq". Həmsöhbətimiz "Oreşnik" raketlərinin bəzi xüsusiyyətlərini də açıqlayıb: "Bu raketlər sovet dönəmindəki "RSD10 Pioner" raketləri əsasında yaradılıb. Fırlananda bir saniyədə 334 metr məsafə qət edir. Ona görə də onu zərərsizləşdirmək çətindir. Amma bütün hallarda mümkündür. "Oreşnik" parçalanarkən 3-6 hissəyə bölünür və bu hissələr böyük ərazini əhatə edir. Bu raketlərdən 1000-5500 km məsafəyə qədər istifadə etmək olar. Onun səhv etmə əmsalı isə 50 metrdir. Bu isə belə böyük dağıdıcı raketlər üçün normaldır. Onu atarkən göydən elə bir ki, üzüm gilələri tökülür". Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib. Bu müraciətində o, uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olmadan Rusiya ərazisinə zərbələr endirməyin mümkün olmadığını bildirib. O qeyd edib ki, Rusiya özünü silahlarından Rusiya hədəflərinə qarşı istifadə etməyə icazə verən ölkələrin hədəflərinə qarşı silah istifadə etmək hüququna malik hesab edir.  Putin bildirib ki, hazırda Rusiyanın "Oreşnik" raketlərinə qarşı mübarizə aparacaq heç bir vasitə yoxdur. Onun sözlərinə görə, mövcud raketdən müdafiə sistemləri, o cümlədən Avropadakı Amerika elementləri "Oreşnik" kimi raketləri ələ keçirə bilməyəcək. 

Seçilən
3
1
turanpress.com

2Mənbələr