AZ

Uşaq qidaları niyə bahalıdır? - DETALLARI AÇIQLANDI

“Bu gün elə məhsullar var ki, onlara olan tələb qeyri-elastikdir. Yəni məhsulun qiymətinin qalxması və düşməsi qarşısında məhsula olan tələbin həcminin azalıb və ya artması başqa sözlə tələbin reaksiyası az olur. Çünki təcrübədə alıcının həmin məhsulu bazarda başqa məhsulla əvəz etməsi mümkün olmur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: “Bu kimi məhsulların qiymətində artma cəmiyyətdə müzakirələrə səbəb olur. Əsasən zəruri tələbat mallarının bir neçəsinin qiyməti Tarif Şurası tərəfindən təyin olunur. Bu kimi məhsulların qiymətinin dövlət tərəfindən tənzimlənməsi cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində bəzi məhsul və xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə müvafiq qurumlar fəaliyyət göstərir.

Azərbaycanda 50-dən çox mal və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Hazırda Azərbaycanda müxtəlif sahələrdə dövlət tərəfindən qiymət tənzimlənməsini 3 qurum yerinə yetirir: Nazirlər Kabineti, Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi.

Tarif Şurası bir mal və xidmətlərin qiymətini tənzimlədiyi kimi bəzi dərmanların da yuxarı qiymətini təyin edir. Hesab edirəm ki, Uşaq qidalarına olan tələb qeyri-elastik olduğundan onların qiymətləri vətəndaşların sosial təhlükəsizliyi ilə bağlı məsələdir. Bu baxımdan bu məhsulların qiymətləri diqqət mərkəzində olmalıdır. Yaxşı olardı ki, bu kimi məhsullara vergi güzəştləri tətbiq olunsun”.

Ayşən Vəli

Seçilən
35
sia.az

1Mənbələr