AZ

Rusiyaya qarşı ilk etiraz: Abxaziyadakı gərginliyin pərdəarxası məqamları

Bir müddət davam edən gərginlikdən sonra Gürcüstanın işğal altındakı Abxaziya regionunda sabitlik yaranıb. Lakin bunun nə qədər davam edəcəyi bəlli deyil. Özünü müstəqil elan edən, Rusiyanın himayəsi altında olan qondarma respublikada müxalifətlə hakimiyyət arasında gərginlik “prezident” Aslan Bjaniyanın istefasına səbəb olub. Onunla yanaşı, “baş nazir” Aleksander Ankvab da öz vəzifəsini tərk edib. Ankvab 2011-2014-cü illərdə qondarma respublikaya rəhbərlik edib. Rusiya ilə yaxınlaşmağın, rus dilinin statusunun qaldırılmasının tərəfdarı olub. Bjaniyanın vəzifəsini “vitse-prezident” Badra Qunba icra edəcək. Abxaziyada “hökumət” və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş də imzalayıblar.

Etirazların səbəbi yerli “hakimiyyət”in Rusiya ilə investisiya sazişini ratifikasiya etmək niyyətidir. Etirazçıların fikrincə, bu, iri rus şirkətləri tərəfindən yerli biznesin sıxışdırılmasına gətirib çıxaracaq. İğtişaşlar noyabrın 11-də təhlükəsizlik qüvvələrinin beş müxalifətçini saxlamasından sonra başlayıb. Fəallar sərbəst buraxıldıqdan sonra mitinqlər müvəqqəti olaraq dayandırılıb, lakin noyabrın 15-də parlament sazişin ratifikasiyası məsələsinə baxmalı olanda yenidən başlayıb.

Rusiyaya qarşı ilk etiraz

Beləliklə, ilk dəfədir ki, Abxaziyada Rusiyaya qarşı narazılıq yaşanır. Özü də proses Rusiya ilə Gürcüstan arasında münasibətlərin normallaşması dövrünə təsadüf edir. Gürcüstan ərazisi olan bölgəyə nəzarət Rusiyanın əlində olsa da, gələcəkdə vəziyyət dəyişə də bilər. Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı? Bunu zaman göstərəcək.

Gürcüstandan baxış

Qondarma qurumda baş verən hadisələr Gürcüstanın siyasi gündəminə elə də təsir etməyib. Hələlik bu ölkənin nə hökuməti, nə də siyasi partiyaları Abxaziyada baş verənləri dəyərləndirməyib. Bu mövzu media məkanında və sosial şəbəkələrdə də görünmür. Yeganə istisna Mixail Saakaşvilinin “Facebook”da abxazların gürcülərin etməli olduqlarını etdiklərini, yəni “Rusiyanın müstəmləkə qanununu” blokladıqlarına dair şərhidir. Hazırda həbsdə olan eks-prezident bildirib ki, Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var. “Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar. Bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir. Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib rəğbətini abxazlara yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur”, - deyə Saakaşvili bildirib.

Seçilən
6
publika.az

1Mənbələr