AZ

NASA-nın cəlilabadlı alimi: Ora neçə gedib çıxıb?

Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Geofizika ixtisasına qəbul olub. Bakalavr pilləsində təhsil aldığı dövrdən Geologiya və Geofizika İnstitutunda böyük laborant olaraq fəaliyyətə başlayıb. 2011-ci ildə BDU-nun Seysmologiya və seysmometriya ixtisaslaşması üzrə magistr adını qazanıb. Magistraturanın sonuncu tədris ilində DAAD mübadilə proqramının qalibi kimi tədqiqat işini Almaniya Yer Elmlər Mərkəzində aparıb. 2015-2019-cu illərdə Çin Milli Elmlər Akademiyası Universiteti Şanxay Astronomiya rəsədxanasını bitirib. Çin Elmlər Akademiyasında Kosmik Geodeziya və Geodinamika üzrə doktorantura təhsili alıb. Təhsil aldığı dövrdə Akademiya tərəfindən iki dəfə ən yaxşı xarici tələbə seçilib. “Şərqi Aralıq dənizi və Qafqaz bölgəsində yer qabığı deformasiyasının GPS və seysmik məlumatlar əsasında öyrənilməsi” mövzusunda tədqiqat işini uğurla müdafiə edərək astrometriya və fəza cisimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra Pekin Universitetinə müraciət edib və orada "BOYA" adlanan postdoktorantura proqramının qalibi olub. Bu proqramda regiondan tək qalib seçilib.
Söhbət hazırda NASA-nın “Reaktiv Hərəkətlər Laboratoriyası”nda (JPL) Postdoktoral Tədqiqatçı kimi fəaliyyət göstərən Bəhruz Əhədovdan gedir. O, ABŞ Dövlət Departementinin təşkil etdiyi qlobal təhsil mübadilə proqramı olan “Fullbright” təqaüd proqramının da qalibidir. Xatırladaq ki, B.Əhədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Çin Elmlər Akademiyası Universitetinin əməkdaşı olub. Uğurları, NASA-dakı fəaliyyəti ilə bağlı Bəhruz Əhədovla söhbətləşdik.

“Ən böyük uğurum NASA ilə bağlıdır”

- Bəhruz bəy, 2005-ci ildə geofizika ixtisasını seçərkən düşünürdünüz ki, zaman gələcək və NASA-da alim kimi fəaliyyət göstərəcəksiniz?

- O zaman indiki kimi geniş informasiya mənbələri və yüksək məlumatlılıq səviyyəsi yox idi. Peşə seçimi ilə bağlı məsləhət ala biləcəyim kifayət qədər mütəxəssis və ya istiqamət verən şəxslər də mövcud deyildi. Bu məhdudiyyətlər daxilində özüm araşdırma apararaq geofizikanın nə olduğunu və mənə gələcəkdə hansı imkanları verə biləcəyini öyrənməyə çalışdım. Elmi tədqiqat fəaliyyətimdə daim yenilik və fərqlilik axtarmağı sevmişəm. Geofizika sahəsini araşdırarkən düşünürdüm ki, burada qeyri-adi bir şey öyrənə və yeni biliklər əldə edə bilərəm. O dövrdə ətrafımdakı insanların çoxu iqtisadiyyat, hüquq, neft-qaz və tibb kimi populyar ixtisasları seçirdi. Lakin mən fərq yaratmağı sevdiyim üçün bu sahələr marağımı çəkmirdi, buna görə də geofizikanı seçdim.

- Uğurlarınız olduqca genişdir. Bəs sizcə, bunlardan hansı Bəhruz Əhədovu daha çox təmsil edir?

- İndiyə qədər olan fəaliyyətlərim arasında ən böyük uğurum NASA ilə bağlıdır. Doktorantura təhsili illərində NASA-da tədqiqatçı kimi çalışmağı arzulamışam. Çindəki təhsil dövrümü də mühüm bir nailiyyət kimi qiymətləndirirəm. Çünki NASA-ya gedən yol elə Çində əldə etdiyim bilik və bacarıqların nəticəsidir.

“Asiya ölkələrində təhsil almaq stressli prosesdir”

- Bir az Çindəki təhsilinizdən bəhs edə bilərsiniz?

- Çindəki təhsil mənə elmi baxımdan əhəmiyyətli dərəcədə inkişaf imkanı verdi. Təhsil təcrübəm olduqca çətin keçdi, çünki Asiya ölkələrində təhsil almaq müəyyən dərəcədə stressli prosesdir. Orada tələblər yüksəkdir. Bizim ali təhsil sistemimizdə doktorantura səviyyəsində gözlənilən nəticələr, Çində ali təhsilin bakalavr səviyyəsindəki tədqiqatlarda tələb olunurdu. Magistraturada təhsil alan tələbələrin apardığı tədqiqatlar bizim aldığımız təhsillə müqayisədə əhəmiyyətli dərəcədə yüksək səviyyədə idi. Ölkəmizdəki dərslər kifayət qədər faydalı olsa da, Çindəki təhsil sisteminin standartları və elmi tədqiqatlara yanaşması daha spesifik tələblərə cavab verirdi. Bu səbəbdən Çindəki ilk təhsil ilimdə bir çox mövzunu yenidən öyrənməyə qərar verdim.

“Məqsədimdən heç vaxt dönmürəm”

- Fəaliyyətinizdə yaşadığınız çətinliklər sizi nə vaxtsa məqsədinizdən yayındırıb?

- Mən heç vaxt işimlə bağlı hər hansı bir vəziyyətdə bezməmişəm. İnanıram ki, burada olduğum yerə qədər gəlməyimin əsas səbəblərindən biri də vaz keçməməyimdir. Uğura aparan yolda nizam-intizam mütləqdir. Bu, qarşıma qoyduğum məqsədlərə çatmağı asanlaşdırır. Hər gün müəyyən vaxt ayıraraq tədqiqatlarım üzərində işləmək və yeni biliklər əldə etmək nizamın bir təzahürüdür. Eyni zamanda, intizam, çətinliklər qarşısında dayanma gücünü artırır və neqativ hallarla mübarizədə mənə dəstək olur. Tədqiqat zamanı qarşıma çıxan çətinliklərdən ilham alaraq daha da irəliləməyə müvəffəq oluram. Düzdür, bəzən neqativ hallarla da qarşılaşmışam. Lakin elm yolunda irəliləyərkən yalnız müsbət nəticələr gözləmək doğru deyil. İnsan bu hadisələri təcrübə və motivasiya mənbəyi kimi qəbul etməlidir. Beləliklə, məqsədimdən heç vaxt dönmürəm. Hər zaman daha yaxşısını hədəfləyərək irəliləməyə çalışıram. Bu yanaşma, mənim elmi inkişafım üçün mühüm bir elementdir.

- Tez-tez müxtəlif konfranslarda, tədbirlərdə çıxışlar edirsiniz. Onların sizin fəaliyyətinizdəki yerini necə ifadə edərsiniz?

- Peyk texnologiyaları sahəsində ölkəmizdə çalışanların sayı olduqca azdır. Bu səbəbdən nəticələr əldə etdikdə müzakirələr aparmaq üçün uyğun mütəxəssisləri tapmaq çətinlik yaradır. Lakin konfranslarda bu sahədə ixtisaslaşmış şəxslərin əhatəsində olmaq hər tədqiqatçı üçün olduqca vacibdir. Əldə etdiyiniz nəticələri paylaşmağa, müzakirələr aparmağa və yeni ideyalar kəşf etməyə imkan tanıyır. Bu cür mühitdə insanlar sizin tədqiqat nəticələrinizlə tanış olur, siz də digər alimlərin təqdimatlarını izləyirsiniz. Hər tədbirdən qayıdanda yeni biliklər əldə edir, müxtəlif ideyalarla geri dönürəm. Həmişə düşünürəm ki, bu ideyaları tətbiq edərək növbəti konfransa qədər hazır vəziyyətə gətirməliyəm. Bu il Avstriyada keçirilən konfransda təqribən 25 min iştirakçı arasında Xəzərlə bağlı tədqiqatımız Amerika Geofizika Cəmiyyəti tərəfindən seçilmiş və qlobal olaraq yayımlanmışdır.

Seçilən
15
5
publika.az

6Mənbələr