AZ

Premyer Liqada yeni – müvəqqəti lider

“Araz-Naxçıvan” Premyer Liqada növbəti qələbəsini qazanıb. Elmar Baxşıyevin yetirmələri Tovuz şəhər stadionunda baş tutan matçda “Kəpəz”ə qalib gəlib – 0:2.

Autsayderlə oyunda favorit olan “Araz-Naxçıvan” proqnozları doğrultdu. Oyunun startından sona qədər üstün oynayan, daha çox hücum edən naxçıvanlılar inamlı qələbə ilə aktivinə daha üç xal yazdırıb, müvəqqəti olsa da, liderliyə yüksəlib. Komanda 14 turda cəmi 1 dəfə uduzub və 33 xalla ikinci “Qarabağ”ı 2 xal qabaqlayır. Düzdür, “atlılar” bu gün “Səbail”ə qalib gələcəyi halda, yenidən zirvəyə yüksələcək. Lakin indiki məqamda komanda birgünlük olsa da, liderlik postundadır.

“Araz-Naxçıvan”ın gözlənilməz çıxışı hər tur inamla davam edir. Oyun intizamından qopmayan Baxşıyevin komandası hücum xəttində Felipe Santos və Ramon Maçadonun effektiv oyunu ilə xallarını artırmaqdadır. Sabiq “Qəbələ”lilər bu mövsüm “Araz-Naxçıvan”ın uğurlu çıxışında əsas pay sahiblərindəndir. Eyni zamanda Baxşıyevin komandada yaratdığı nizam və kompakt oyun nəticəni gətirən digər amillərdəndir. “Araz-Naxçıvan” tempi saxlayıb, qış fasiləsinə qədər mövqeyini və rəqibləri ilə xal fərqini qoruya bilsə, avrokuboklara vəsiqənin əsas namizədi olacaq.

“Kəpəz” isə itkilərə davam edir. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan gəncəlilər keyfiyyət baxımından üstün olan rəqibinə müqavimət göstərə bilmədi. “Kəpəz” matç ərzində standart vəziyyətləri çıxmaqla demək olar, qol şansı yaxalaya bilmədi. Gəncə klubunu qarşıda çətin təqvim gözləyir. Azər Bağırovun yetirmələri növbəti üç oyunu “Şamaxı”, “Neftçi” və “Zirə”yə qarşı keçirəcək. Bu məqamda itirləcək xallar rəqiblərlə fərqi artıra bilər və elitada qalmaq şanslarını çətinə sala bilər.

Şahin Cəfərov

Seçilən
17
futbolpress.az

1Mənbələr