Politoloq: “Ermənistan hakimiyyətində qadın rəhbərlərin sayının çoxalması da Qərb dairələrinin tapşırığına uyğun görünür”
Ermənistan baş naziri Nikol Paşinyanın hökumətdə apardığı islahatlar haqda mütəmadi məlumat verilir. Maraqlıdır ki, ölkədə yüksək vəzifələrdən çıxarılan və ya qovulanların yerinə daha çox qadın kadrlar gətirilir. Hətta daxili işlər naziri, Paşinyanın sinif yoldaşı Vahe Qazaryanı 30 yaşlı qız - Arpine Sərkisyan əvəzləyib.
Məlumata görə, A.Sərkisyan “sorosçular”ın sevimlisi və ABŞ-ın Ermənistandakı səfirliyinin etibarlı adamlarından biridir. Qazaryan isə Rusiyaya yaxın adam sayılırdı.
“Hraparak” qəzetinin iddiasına görə, son təyinatlar məhz Qərbin təlimatı əsasında reallaşıb. Sitat: “Vaxtilə Ermənistan hökumətində qadınların sayı çox az idi, hətta qanunla belə kvotalar müəyyən edilmişdi ki, seçki siyahılarının hər üçdə biri qadın olsun və gender bərabərliyi təmin edilsin. Amma artıq Baş Prokurorluq, Xarici Kəşfiyyat Xidməti, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı və Daxili İşlər Nazirliyi qadınlara tapşırılıb”.
Bu gəlişmələr nədən xəbər verir? Doğrudanmı Nikol Paşinyan Qərbin təlimatı ilə öz komandasına qadınları gətirir?
Müdafiə naziri postu da erməni qadına həvalə oluna bilərmi? Azərbaycan üçün bu dəyişikliklər hansısa yeni anlam kəsb edirmi?
Naqif Həmzəyev
Deputat Naqif Həmzəyev bu istiqamətdə çox vacib məqamlara aydınlıq gətirdi: “Ermənistan hökumətində baş vermiş dəyişikliklər Nikol Paşinyanın hökumətini gücləndirməklə bağlı planlarının tərkib hissəsidir. Həmçinin erməni baş nazir növbəti seçkilərə hazırlığa başlayıb. Onu vaxtı ilə hakimiyyətə gətirən qüvvələr uzun müddətdir ki, ona təzyiqlər edirlər. Paşinyanın qərbmeyilli siyasət yeritməsini sürətləndirmək çağırışları eşidilməkdədir. Eyni zamanda, Paşinyan gələcək planlarını reallaşdırmaq üçün ona tabe olan, onun ideyalarını reallaşdırmağa kömək ola biləcək şəxslərin bu vəzifələri tutmasını istəyirdi. Bu baxımdan o qadınlara üstünlük verib. Ancaq qadınlar bəlkə də maskalanmaq üçün əla bir fürsətdir. Çünki bu qadınların arxasında ya ataları, ya qohumları, ya da sevgiləri var ki, onlar heç də zəif insanlar deyillər. Xüsusilə, Paşinyan hökumətində kifayət qədər güclənə biliblər. Bu da istər-istəməz imkan verəcək ki, Paşinyan növbəti seçkilərdə də qələbə qazana bilsin. Həmçinin Qərb dairələrinin təzyiqi altında bu dəyişiklikləri etməklə Paşinyan Qərbə mesaj vermək istəyir ki, mən Qərb modelli hökumət qururam, bununla həm də maliyyə və silahlar əldə etmək niyyətindədir. Bir məsələni də xüsusi vurğulayım. Ermənistan tarixinə baxsaq görərik ki, onlar qadın gücündən istifadə edərək bir çox planlarını həyata keçiriblər. Bu baxımdan bunu da eyni yanaşmanın davamı kimi qiymətləndirə bilərik. İstənilən halda Paşinyanın bu dəyişikliklərinin nəyə hesablandığının daha dəqiq cavablarını yaxın gələcəkdə görə biləcəyik. Paşinyan bu dəyişikliklərlə hökumətini daha da gücləndirmək və ən əsası ona dəstək verən, sona qədər yanında ola biləcək şəxslərə vəzifələr vermək niyyətindədir. Bunu da getdikcə reallaşdırmaqdadır. Növbəti seçkilərdə öz hakimiyyətini qorumaq, saxlamaq istəyən Paşinyan üçün bu dəyişiklikləri etmək vacib idi. Daxili işlər naziri postunun qadına həvalə olunması əslində Paşinyanın gizlin mesajlarından biridir. O həm də Azərbaycana mesaj vermək istəyir ki, mən müharibə etmək niyyətində deyiləm, əgər müharibə niyyətim olsaydı belə bir dəyişiklik etməzdim.
Müdafiə nazirinin də qadın ola biləcəyi ehtimalına gəlincə, unutmamalıyıq ki, yeni ordu quruculuğu dövründə Paşinyana xarici dilləri mükəmməl bilən, Qərb dairələri ilə danışıqlar apara biləcək şəxslər lazım idi. Böyük ehtimalla bu baxımdan qadına etimad göstərə bilər. Ancaq istənilən halda bu gizlin hədəflərdən biridir. Azərbaycan Ermənistanda baş verən bu dəyişiklikləri yaxından izləyir. Bizim üçün ən əsas hədəf qısa müddətdə Ermənistanla sülh müqaviləsini imzalamaqdır. Ümid edirik ki, Ermənistan haqq yoluna gələcək və Qərb dairələrinin təsirindən çıxaraq Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün sülh addımlarını atmağa başlayacaq. Silahlandırmanı dayandıraraq sülhə xidmət edən addımlar atacaq. Yaxın dövrdə biz Paşinyanın bu addımlarının məğzini anlaya biləcəyik. İnanıram ki, Paşinyan nəticə etibarı ilə Azərbaycanla sülh sənədinin imzalanmasından qaçmayacaq, Ermənistanın növbəti təxribatlarına şahidlik etməyəcəyik. Əks təqdirdə növbəti dəfə Ermənistan bu yanlışlıqlara meyllənərsə, sülh prosesi daha da uzana bilər və burada itirən ancaq və ancaq Ermənistan olacaq".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Paşinyanın idarəetmədə islahatlara başlaması təsadüfi deyil: “Nikol Vovayeviç indiki dəyişiklik həmlələri ilə ölkəsini konstitusiya islahatlarına hazırlayır. İrəvandakı hakimiyyət başa düşür ki, Bakı və Ankaranın təzyiqlərinə daha çox davam gətirə bilməyəcək. Ona görə də ana qanuna dəyişikliklər prosesində özünə qarşı təhlükə yarada biləcək ”milli etirazçı fiqurlar"a idarətmə qapılarını bağlayır. Başqa formada ifadə etsək, həmin maneələri aradan qaldırır. Paşinyanın vəzifəyə təyin etdiyi şəxslərin bir çoxu isə ya təcrübəsiz, ya da səriştəsi az olan gənclərdir. Bu cür “köksüz” fiqurlarla işləmək küçədən böyük siyasətə atılmış Nikol üçün daha asan və rahat olacaq. Düşünürəm ki, qadınların dilindən anlayan erməni baş nazir onların Avropada təhsil almasını da nəzərə alır. Əksər xanım idarəçilərin ən azı iki illik Avropa təhsili var. Bu durumda müdafiə naziri postunun da bir qadına həvalə edilməsi mümkündür".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı Ermənistandakı kadr dəyişikliklərinin Azərbaycan üçün heç bir önəminin olmadığını qeyd etdi: “Paşinyanın kadr dəyişiklikləri həm Qərb və Rusiya arasında balans yaratmaq, xüsusilə Rusiyanın təsirində olduğu deyilən kadrları əvəzləmək, həm də hakim partiya daxilində baş verən son qarşıdurmalardan qaynaqlanır. Çünki hakim partiya daxilində ciddi qarşıdurma yaşanır, daha dəqiq desək, uzun müddət mövcud olan bu qarşıdurma artıq ictimaiyyətin gözü önünə keçir. Görünür, Paşinyan idarəolunmaz hesab etdiyi şəxslərlə yolları ayırır və daha ”sadiq" olan kadrları gətirir. Bu təyinatlarda Ermənistan hakimiyyəti daxilindəki qruplaşmaların da müəyyən rolu ola bilər. Misal üçün daxili işlər naziri olan Arpina Sərkisyanın Andranik Köçəryana yaxın olduğu deyilir. Andranik Köçəryan hakim hökumətdə ciddi fiqurdur və bir çox güc strukturunda təsir imkanlarına malikdir. Digər tərəfdən, Arpina Sərkisyanın ABŞ-a yaxın olması, Amerika səfirliyi ilə sıx təmaslar qurması da burada Qərbin rol oynadığını deməyə əsas verir. Bütün bunların fonunda Paşinyan hakimiyyətində qadın rəhbərlərin sayının çoxalması da Qərb dairələrinin tapşırığına uyğun görünür. Çünki Qərbdə “gender bərabərliyi” adı altında qadınların idarəetmədə rolunun artırılması planları əvvəldən mövcuddur. Bu təyinatlar Ermənistan müdafiə nazirinin də qadın olması ehtimalını istisna etmir. Suren Papikyan ətrafında son dövrlər müəyyən qalmaqallar baş verib, o cümlədən, onun Paşinyanla arasında narazılıqların olması haqda məlumatlar var. Mümkündür ki, Papikyan da hansısa qadın namizədlə əvəzlənsin. Lakin bu dəyişikliklərin - Ermənistanda qadın rəhbərlərin çoxalmasının, yaxud Qərbyönümlü kadrların önə çıxmasının Azərbaycan üçün o qədər də əhəmiyyəti yoxdur, çünki rəsmi İrəvanın siyasəti bəllidir və Bakı bu siyasətə uyğun davranır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”