Azərbaycan artıq günlərdir ki, COP29 beynəlxalq tədbirinə ev sahibliyi edir. Tədbirlər davamlı şəkildə həyata keçirilir. Onlardan biri də Yaşıl zonada Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları forumunun pavilyonunda təşkil olunan “Yaşıl dünya naminə inklüzivlik” adlı tədbir olub.
“Yeni Gundem” xəbər verir ki, “Yaşıl dünya naminə inklüzivlik” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Agentliyinin maliyyə dəstəyi, “Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatlarının İttifaqı” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Əsas məqsəd əlillik mövzusunun COP gündəliyinə salınması və əlilliyi olan şəxslərin bu beynəlxalq tədbirdə iştirakının təmin edilməsinin təşviqi olub.
Bu barədə “Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatlarının İttifaqı”nın prezidenti Davud Rəhimli məlumat verib. O, layihədə Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyinin beynəlxalq partnyor təşkilat olduğunu deyib.
“Tədbirdə COP29 və növbəti iqlim dəyişikliyi ilə bağlı COP tədbirləri çərçivəsində iqlim dəyişikliyinin əlilliyi olan şəxslərin dünya miqyasında artımının sürətləndirilməsinə və əlilliyi olan şəxslərin müstəqil həyat tərzinə mənfi təsirinin təbliği, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP tərbirlərində geniş şəkildə iştirak etməsinin və bu tədbirlərdə onlar üçün müyəssərliyin təmin edilməsi müzakirə olunub. Bununla yanaşı, layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik Alyansı, Orta Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatlarının İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılıb. Bu şəbəkənin müntəzəm görüşləri keçirilib. Qeyd olunan təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda 2 günlük beynəlxalq təlim keçirilib”, – deyə, D.Rəhimli bildirib.
Eyni zamanda, layihə çərçivəsində “COP tədbirlərinə əlilliklə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün milli və beynəlxalq təşəbbüslər” adlı dəyirmi masa təşkil edilib.
COP29 Yaşıl Zonada “COP tədbirlərində əlilliklə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün milli və beynəlxalq təşəbbüslər” mövzusunda beynəlxalq panel müzakirə olub.
Tədbirdə dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələri ilə bərabər beynəlxalq və xarici ölkələrdən 15 nümayəndə iştirak edib. Görüşü giriş sözü ilə “Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının” prezidenti Davud Rəhimli açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, həyata keçirilən layihənin fəaliyyətləri çərçivəsində Azərbaycan və xarici ölkələrdə əlilliyi olan şəxslərin təşkilatları arasında koalisiyanın yaradılması nəzərdə tutulub. Yaradılacaq koalisiyanın isə öz növbəsində əlillik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların qeyd olunan sahə üzrə yaratdığı beynəlxalq əməkdaşlıq platformalarına qoşulmağı planlaşdırılır.
Tədbirdə iştirak edən milllət vəkili, COP29 təşkilat komitəsinin üzvü Pərvanə Vəliyeva mövcud problemlərin həllində qanunvericiliyin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması istiqamətində görülən və görüləcək işlər barədə Bugün.tv-yə müsahibə verib.
Qeyd edək ki, COP tədbiri ilk dəfə 1995-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilib. Növbəti il isə Braziliyada təşkil olunması planlaşdırılır.