AZ

Ekspert: Azərbaycan iqtisadiyyatı COP29-dan sonra yaşıl, dayanıqlı və alternativ iqtisadiyyata transformasiya oluna bilər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatının yaşıl, dayanıqlı və alternativ iqtisadi fəaliyyətlərə transformasiya olunmasına gətirib çıxaracaq.

Bunu “Far.Az”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, COP29-dan sonra Azərbaycanın nəqliyyat sistemi tam formada dəyişə bilər:

“COP29-dan sonra bərpa olunan enerjiyə keçid və suyun təkrar emalı, eləcə də təsərrüfat məqsədli istifadəsində biznesin iştirakı arta bilər. Bu da su ilə bağlı problemləri aradan qaldıraraq suyun daha səmərəli şəkildə istifadəsini təmin etməklə yanaşı, aqrar sektorda müşahidə edilən su çatışmazlığından qaynaqlanan məhsuldarlığın zəifləməsinin qarşısını alacaq. Bundan başqa, ölkənin nəqliyyat sistemi də tam formada dəyişə bilər. Ekoloji təmiz nəqliyyata keçid özlüyündə əhalinin ümumi orta səviyyəsinin qalxmasına səbəb olacaq. Bütün bunların ekologiyaya təsiri davamlı su təminatı, uzunömürlülük, çirklənməmiş ərazilər və təmiz havadır”.

Rəşad Həsənov

Konseptual yanaşma olmalıdır

Ekspert bildirib ki, Azərbaycan da iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələr siyahısındadır:

“Dünyada hər bir ölkə və icma iqlim dəyişikliyini hiss etməyə başlayıb. Azərbaycan da iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələr siyahısındadır. Quraqlıq, Xəzər dənizinin quruması ölkənin gələcəyi baxımından ciddi təhlükələr yaradır. COP29 tədbiri çərçivəsində bu məsələnin ictimaiyyətdə daha aktual şəkildə gündəmə gətirilməsi müəyyən mənada icma davranışlarına öz töhfəsini verəcək. Amma nəzərə almaq lazımdır ki, proses o qədər də bəsit deyil. Təkcə COP29-un tədbirləri çərçivəsində baş tutan kompaniyalar məsələnin həllinə gətirib çıxara bilməz. Bununla bağlı konseptual yanaşma ortaya qoyulmalıdır”.

İqtisadçı Azərbaycanda keçiriləcək müzakirələr və hökumət tərəfindən gələcəkdə atılması planlaşdırılan tədbirlərin yerli vətəndaşların ətraf mühitə qarşı həssas və məsuliyyətli yanaşmasına təhrik edəcəyini deyib.

İctimai birliklər, biznes, hökumət və mediadan birgə iş tələb olunur

“Bu gün dünyada yeni enerji keçidi və ya digər adla yaşıl energetikaya keçid bütün sahələrdə özünü göstərir. COP29 konfransı yerli əhalinin bəşəriyyətin gələcəyi ilə bağlı məlumatlandırılması baxımından vacibdir. Bu proses şüur inkişafının növbəti mərhələsidir və qlobal iqlim dəyişikliyi, eləcə də temperatur artımı ilə bağlı üzləşdiyimiz problemin həlli üçün insanlar ətraf mühitə və çevrəsinə, o cümlədən birgə yaşadığı ekosistemə qarşı həssas və məsuliyyətli davranmaq məcburiyyətindədir”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, vətəndaşların maarifləndirilməsi istiqamətində “ekologiya və iqlim dostu” siyasəti yürüdülməlidir:

“Düşünürəm ki, ekologiyaya həssas icmaların yaradılması istiqamətində təhsilin ilkin pillələrindən – bağçadan başlayaraq vətəndaşların “ekologiya və iqlim dostu” siyasətini yürüdə biləcək mövzularla davamlı maarifləndirilmə işləri aparılmalıdır. Eyni zamanda, ictimai birliklərin, biznesin, hökumətin və medianın birlikdə aparmalı olduğu uzunmüddətli proses nəticəsində biz ciddi nəticələr əldə edə biləcəyik”.

Dairəvi-iqtisadi modelin tətbiqi effektiv maliyyə dəstəyi ilə mümkündür

R.Həsənov COP29-un Azərbaycanın ekoloji durumuna təsirinin qısa dövr ərzində ölçülə bilməyəcəyini söyləyib:

“COP29-un ekoloji duruma təsiri yalnız orta və uzunmüddətli dövrdə ölçülə bilər. Qeyd etdiyim kimi, bunun üçün konseptual siyasətlər həyata keçirilməlidir. Tədbir bitəndən sonra bu mövzu Azərbaycanın gündəmindən düşməməlidir. Dövlət də sözügedən istiqamətdə riskləri əvvəlcədən neytrallaşdırmaq məqsədi ilə davamlı siyasətlər həyata keçirməlidir. Təbii ki, burada dövlətin birbaşa maliyyə dəstəyi çox vacibdir. Bu sahədə böyük xərclərin tələb olunduğundan nəticə əldə etmək üçün dövlətin dəstəyi böyük əhəmiyyət daşıyır”.

İqtisadçının sözlərinə görə, dayanıqlı maliyyə alətlərinin emissiyasının yaradılması və bunun biznesə təqdimi ilə bağlı yaxın perspektivdə gözləntilər var:

“Hazırda Mərkəzi Bank tərəfindən taksonomiya sənədinin imzalanması istiqamətində işlər gedir. Ümid edirəm bu gözləntilər qısa müddətdə reallaşacaq və effektiv bir mexanizm ortaya qoymaqla biznesin dayanıqlı keçidini şərtləndirən layihələrin icrasını həyata keçirmək mümkün olacaq. Bununla yanaşı, mikro biznesin yaşıl transformasiyasını təmin etmək də bizim üçün vacibdir. Çünki təbii ehtiyatların səmərəli istifadə edilməsi, yaşıl zonaların salınması və qorunması, suyun təkrar istifadəsi, bərpa olunan enerjiyə keçid, dairəvi-iqtisadi modelin tətbiqi effektiv maliyyə dəstəyi nəticəsində mümkün ola bilər”.

Dayanıqlı siyasətlər Azərbaycan iqtisadiyyatının gələcəyinə töhfə olacaq

Ekspert əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə start verildiyini nəzərə alsaq, COP29 şəhərsalmada yeni və müasir baxışların tətbiq olunması üçün ciddi imkanlar formalaşdıra bilər.

“COP29-un Azərbaycan iqtisadiyyatına hələ ki birbaşa təsiri yoxdur. Əsas məsələ bu tədbirin bundan sonrakı dövrdə Azərbaycanın inkişaf siyasətində nə dərəcədə yer almasıdır. Bu istiqamətdə hər şey qəbul edilən qərarlar və ortaya qoyulan mövzuların siyasətlərin hazırlanmasında necə əks olunmasından asılıdır. Əgər dayanıqlı siyasətlər təklif olunacaqsa, Azərbaycan iqtisadiyyatının gələcəyi istiqamətində böyük töhfələr mümkündür” , - deyə R.Həsənov qeyd edib.

Seçilən
10
far.az

1Mənbələr