AZ

“Haçansa dünyada biz olmayanda, bizdən deyilənlər gerçək olacaq” – Xalq şairinin DOĞUM GÜNÜDÜR

Gözəl Vətən- qəlbimdəsən,

Qürbətlərlə aram olmaz,
Ürəyimə güllə dəysə
səndən dərin yaram olmaz.

Sən-Tanrılıq; yoxdan-varsan,
Sabahlara aparansan,
Bədbəxt olaram-unutsan,
Özgə bir axtaran olmaz,

Səndədir bəxtəvər illər,
Kim səni könlümdən silər?
Vaxt məni öldürə bilər,
Canımdan qoparan olmaz…

İncə ruhundan süzülüb gələn şeirləri ilə Vətənin sözlə rəsmini çəkir, Vətən qoxulu, torpaq ətirli misraları ilə könüllərdə bir sevgi cücərdir Azərbaycanın sevilən şairi Vahid Əziz. Şeirləri ilə ürəklərdə cücərtdiyi sevginin adı isə Vətəndir, ana Vətən. Göyərən ağaca dönüb ucsuz-bucaqsız yurd yerlərindən boy göstərib, budaq- budaq böyüyüb, çiçək-çiçək açılıb, şirin-şirin bar verib bu sevgi. 44 günlük Vətən savaşında igid-igid oğulların ürəyində atəş kimi alovlanıb, biləyinə qüvvət verib bu sevgi! Beləcə, torpaq ətirli şeirləri ilə Vətəni Vətən övladlarına sevdirib, onları ən ali hiss olan vətənpərvərliyə, ülviliyə, dürüstlüyə, sevgiyə ruhlandırıb Xalq şairi Vahid Əziz.

Bu gün onun dünyaya göz açdığı gündür. Yaş üstünə yaş gəldikcə, misranı-misraya, şeiri-şeirə calayıb, oxucularının ürəyində sevgidən, məhəbbətdən əbədi taxt qurub. Şeirləri dillər əzbərinə çevrilib, gözəl misraları həzin mahnılara dönüb ruhu oxşayıb, pərvazlanıb neçə-neçə ölkələr dolaşıb şairin.

Ümiddən danışma, onu üzmüşəm,
Zamandan soruşma tamam bezmişəm,
Taledən küsmüşəm, bəxtdən küsmüşəm,
Səninlə küsülü qala bilmirəm.

Söndür bu şamı da çıraqsız qalım,
Qələmsiz, kitabsız, vərəqsiz qalım,
Lap bütün dünyaya maraqsız qalım,
Səninlə küsülü qala bilmirəm.

Neçə-neçə sevən cütlük qəlbini bir-birinə o şeirlərlə möhürləyib, əhdi-peyman bağlayıb. Neçə-neçə sevən könül bir-birindən inciyib-küsəndə onun şeirləri ilə barışıb…

“Korla da görüşsən, təbəssümlü ol, Tanrı həm görəndir, həm eşidəndir”, deyir Vahid Əziz. İnsanlara sonsuz sevgi və mərhəmət hissi aşılayan şeirləri ilə ruhumuzu göy üzünə qanadlandırır, uca, ülvi, sevgiyə, İlahi eşqə səsləyir.

“İçindəki Allahını unudub, Göy üzündə nə axtarır bu adam?!” deyən şair incə misralar arxasında gizlənən həqiqəti də açır:

“Yəni içindəki, Allahını gör, imanlı ol, hamını sev. İndi kim səni sevər, kim sevməz bu onun özünün insafına qalan məsələ olsun qoy. Yer üzündə milyardlarla insan var. Və onların hər biri hər gün əl açıb Allahdan nə isə istəyir. İndi gəlin görək, Allaha verdiklərimiz nə qədərdir ki, qarşılıq istəyirik. Nə qədər yaxşılıq edirik, nə qədər insan sevindiririk, nə qədər dürüstük, nə qədər ədalətliyik. Yəni bütün bunları vermədən nə isə istəməyin özü nə qədər ədalətlidir?”

… “Ruhlar yurd salacaq özgə məkanda
Canlar ləçək, böcək, çiçək olacaq.
Haçansa dünyada biz olmayanda
Bizdən deyilənlər gerçək olacaq.

Azərbaycan poeziyasının sönməyən günəşi Vahid Əziz, təbiniz daim bulaq kimi qaynasın, təşnə ürəklərə məlhəm olan şeirləriniz ruhumuzu oxşamağa davam etsin, yaşayın, yaradın, ilhamlanın və ilhamlandırın!

Cəvahir

Seçilən
15
yenicag.az

1Mənbələr