AZ

BDU-da kafedra müdirinin 95 yaşı tamam olub

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın 95  yaşı tamam olub.

Modern.az xəbər verir ki, professor Məsumə Məlikova 70 ildən artıqdır Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 
 

BDU-nun Hüqüq fakültəsinin dekanı Zaur Əliyev 95 yaşlı kafedra müdirini doğum günü münasibətilə təbrik edib.

Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova  elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.

1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik, 1973-cü ildə isə “XIX əsrin II yarısı–XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Məsumə Məlikova 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olub. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilib. O, 1968-ci ildən indiyə kimi bu kafedraya rəhbərlik edir.
M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı, “Əmək veteranı” medalı, Təhsil Nazirliyinin “Fərqlənməyə görə” döş nişanını, Bakı Dövlət Universitetinin 75 illiyi münasibəti ilə “Xatirə medalı”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Xatirə” medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.

Seçilən
8
1
modern.az

2Mənbələr