Azərbaycanda, son dövrlər məhz sosial şəbəkələrdəki falçı və baxıcıların sayı çoxalıb. "TikTok" canlı yayımlarında hər yerindən duran kart açır, müxtəlif şamlar yandırır. Təbii ki, insanlar da oturub saatlarca onları izləyir, hətta müəyyən məbləğ də ödəniş belə edirlər. Bir sözlə, əvvəllər həmin baxıcılar öz fəaliyyətlərini gizli şəkildə həyata keçirirdilərsə, artıq bunu nümayiş etdirməkdən də çəkinmirlər. Çünki cəmiyyət bunu tələb edir.
Görəsən, hər kəsin ayrıca niyyətinə yandırılan şamların, həqiqətən, hər hansı təsiri ola bilər, yoxsa müştəri, izləyici psixoloji olaraq özünü buna inandırır? Falçıların fəaliyyəti manipulyasiyadır, yoxsa reallıqdır?
Mövzu ilə əlaqədar psixoloq Ülviyyə Murtuzova Redaktor.az-a açıqlamasında bildirib ki, insanların inanc yerləri, özlərindən asılı olaraq bu və ya digər formada mistik inancları, yaratdıqları emosiyaları var:
"Məsələn, müəyyən yerlərə getmək, orada dəstək kimi inandıqları güclərin, qüvvələrin adını çəkməklə Allaha şərik qoşmaq kimi hissləri var. Təbii ki, bu, psixoloji bir yanaşmadır. Reallıqda insanın gələcəyini və taleyini deyə biləcək kartların olması çox az ehtimaldır. Hərçənd buna özünü inandıran və beləcə təsəlli tapan, motivasiya alan insanlar çoxdur. Bu da təbii ki, psixoloji durumdur və iradə məsələsidir. İnsanların zəif nöqtəsinə təsir etmək məharətidir. Baxıcılar, falçılar öz dünyalarında insanları manipulyasiya edirlər və düşdükləri situasiyadan istifadə edərək onları ələ alaraq idarəetmə gücünə sahib olurlar. Bu, peşəkarlıq deyil".
Psixoloq canlı yayımları zəbt edən falçıların fəaliyyətini belə xarakterizə edib:
"Onlar sadəcə olaraq insanın həssas nöqtəsindən, düşdüyü situasiyadan, zəif məqamından, yıxılarkən saman çöpündən yapışmasından faydalanmaq, həmin insanlara həmdəm olmaq, özlərinə çəkmək və sonradan asılı vəziyyətə salmaq məqsədi güdürlər. Əslində, bu, doğru deyil. İnsan hər bir gücü bizi yaradan Allahdan və özündən almalıdır. Çünki insanın edə bilməyəcəyi heç bir şey yoxdur, yetər ki, biz onu istəyək və fokuslanaq. Düşüncəmizi sağlam kökləyərək, öz iradə gücümüzlə, sağlam təfəkkürə söykənərək istədiyimizi əldə edə bilərik. Başqa məsələlərin hamısı sadəcə mifdir, reallıqdan kənar bir tərzdir".
Ü.Murtuzova belə manipulyativ insanlara müraciət edənlərin əsasən qadınlar olmasına da diqqət çəkib:
"Daha çox xanımlarımızın bu məsələlərə aludə olmasını heç bir formada məsləhət görmürəm. Çünki bunun altında sonradan böyük travmalar yatır. Sabah, digər bir gün həmin şəxslərdən real olmayan pis bir xəbər alanda həmin kəs bunu qaldıra bilməyəcəklər".
Sevinc İBRAHİMZADƏ