AZ

Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

2022-ci ildən Ermənistana milyardlarla dollar dəyərində qızıl idxal edilib, lakin metal ölkədə qalmır - onun BƏƏ-yə ixracının həcmi də misilsizdir. Eyni zamanda, guya BƏƏ-dən Ermənistana nağd pul və qiymətli kağız axını var. Rusiya biznesi üçün Ermənistan vasitəsilə qızıl ticarəti etmək sərfəlidir, çünki ölkə ixrac rüsumları almır və fərdi şəxslər vasitəsilə ticarət etmək sanksiyalardan yayınmağa imkan verir.


EDnews Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Insider” və "Hetq” nəşrlərinin birgə araşdırılmasında deyilir.


Qızıl Ukraynanın genişmiqyaslı işğalı səbəbindən embarqo qoyulan ilk Rusiya ixracatlarından biri olub. 2022-ci ilin iyununda ABŞ bu qiymətli metalın Rusiyadan alınmasını qadağan və bunu "ölkənin ən böyük qeyri-enerji ixracatı” olaraq xarakterizə edib. Texniki cəhətdən bu embarqo yalnız ABŞ-a idxala aiddir.


Bununla belə, "ləkələnmiş" qızıl başqa bir ölkə tərəfindən satın alınsa da, ABŞ-da satışa yararsız olaraq qalır, yəni banklar onu investisiya və ya ticarət üçün almayacaqlar. Beləliklə, əksər malların idxalındakı məhdudiyyətlərdən fərqli olaraq, Amerikanın "bank qızılına" embarqosu avtomatik olaraq qloballaşır.


2022-2023-cü illərdə Rusiya qızılının axını şərqə yönəlib: tammiqyaslı müharibə başlamazdan əvvəl Böyük Britaniyaya ixrac edilirdi, lakin 2022-ci ildən BƏƏ, Honq Konq və Türkiyə əsas alıcılara çevrilib. Lakin qızıl axını 2023-cü ilin aprelindən tamamilə dayanıb. O vaxtdan bəri bir unsiya rus qızılı Avrasiya İqtisadi İttifaqından kənara çıxarılmayıb. Təxminən eyni vaxtda "Hetq” Ermənistanın əsas qızıl ixracatçısına çevrildiyini bildirib. "The İnsider” və "Hetq” bu qızılın demək olar ki, hamısının Rusiyadan gətirildiyini müəyyən edib.

Rusiya və Ermənistan gömrükləri arasında məlumat fərqi Rusiya və Ermənistanda əməliyyatlar və onların hesabatı arasındakı vaxt fərqləri ilə izah oluna bilər.


"The İnsider” və "Hetq” müəyyən edib ki, 2024-cü ildə Ermənistana Rusiya qızılının ən böyük idxalçıları arasında (söhbət 50 milyon dollardan çox dəyərində qızıl idxal edən şirkətlərdən gedir) tanınmış erməni siyasətçiləri və oliqarxları, eləcə də Rusiya ilə əlaqəli şirkətlər var. Belə ki, Rusiyadan Ermənistana üçüncü ən böyük qızıl idxalçısı "İrəvan Zərgərlik Fabriki”dir ki, bu fabrik hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsi ilə bağlıdır.


"İəvan Zərgərlik Fabriki” 2022-ci ildə "İrəvan” bazarının ərazisindəki yeni binada rəsmi açılışı olub. O, Sukiasyan və Avaqyan ailələri ilə bağlıdır - sonuncular Rusiyada zərgərlik biznesi ilə məşğul olublar. "Hetq” müəyyən edib ki, şirkət Rusiya mənşəli külli miqdarda zərgərlik məmulatlarını Ermənistanda istehsal olunmuş kimi keçirərək Ermənistandan ixrac edir. Görünür, "İrəvan Zərgərlik Fabriki” Rusiya zərgərlik məhsulunun "qanuniləşdirilməsi” üçün kanal rolunu oynayıb. O, təxminən üç Rusiya şirkətindən qızıl alıb. 


Sanksiyaların tətbiqindən sonra 2022 və 2023-cü illərdə qızıl alanlar arasında təkcə zərgərlik fabrikləri və saxta şirkətlərinin əlamətləri olan MMC-lər deyil, "Araratbank” və "Converse Bank” kimi banklar da olub. Lakin 2024-cü ildən erməni bankirləri belə riskli addımlardan çəkinməyə başlayıblar.
2024-cü ildə Ermənistanda Rusiya qızılının ən böyük idxalçıları (hər biri 50 milyon dollardan çox qızıl idxal edən şirkətlər) infoqrafikada göstərilib.


"Hetq” bu şirkətlərlə əlaqə saxlamağa çalışıb. Onların nümayəndələri ilə çoxsaylı söhbətlər göstərib ki, şirkətlər qızıl ticarəti, sanksiyaların riskləri və Rusiya və Qərblə əməkdaşlığı müzakirə etməyə meylli deyillər.


Belə ki, "Hetq” ilə söhbətində özünü Ermənistanın ən böyük qızıl idxal və ixracatçısı olan "TB Arm” şirkətinin direktoru kimi təqdim edən şəxs şirkətin ortaq sahibi Armen Tadevosyanın adından bildirib ki, onlar bu barədə şərh vermək istəmirlər. 


Ermənistanın ikinci ən böyük qızıl idxalı şirkətinin - "Diamond Standard”ın sahibi Anahit Çitçyan "Hetq”ə müsahibəsində vurğulayıb ki, şirkət 2022-2024-cü illərdə aldığı lisenziyalar əsasında müstəsna olaraq qanun çərçivəsində fəaliyyət göstərib və hər şey hesabatlarında şəffaf olub. O, "Hetq”in digər suallarına cavab verməkdən imtina edib, ancaq şirkətin son yarım ildə ərzində fəaliyyət göstərmədiyini bildirib. 

"Win-Gold”un direktoru Zöhrab Toroyan "Hetq”ə bildirib ki, onun şirkəti də təxminən 3 aya yaxındır bağlanıb. Onun sözlərinə görə, Kotayk rayonunun Abovyan şəhərində qeydiyyatdan keçmiş Qor Şaryana məxsus "Win-Gold” və "GG-Group” şirkətləri xam qızıl ixrac edib.

Qızıl Ermənistanda qalmır - nə zinət əşyaları kimi, nə də banklarda. Onlar ixrac olunur. Dövlət Gəlirləri Komitəsinin (DGK) "Hetq” tərəfindən əldə etdiyi məlumatlara görə, 2023-cü ildə qızıl əsasən BƏƏ-yə axıb. Və Ermənistan gömrük məlumatlarına görə, 2024-cü ilin birinci yarısında ölkədən rekord həcmdə - təxminən 59 ton (4,1 milyard dollar) qızıl ixrac edilib. Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, kiçik həcmdə Honq Konq və Çinə də ixrac edilir.


DGD 2023-24-cü illərdə qızıl ixrac edən əsas şirkətlər kimi "Diamond Standard”, "Golden Line”, "Win-Gold”, "Bagario Gold” və "TB Arm”ın adlarını açıqlayır. Həmçinin ixracatçıların bir qismi həm də qızıl idxalçısıdır.

"Hetq”in məlumatına görə, Ermənistandan qızıl ixrac edən ən böyük şirkətlərdən biri "Golden Heritage” olub. Hələ 2020-ci ildə nəşr bu şirkətin Ermənistandan böyük həcmdə qızıl ixrac etdiyini öyrənib. Daha sonra "Hetq” ilə söhbətində şirkətin sahibi İsveçrədən qızıl gətirdiyini və Rusiyaya ixrac etdiyini bildirib. 2022-ci ildə bu şirkət Rusiya qızılını Türkiyəyə idxal və ixrac edib.


Banklarda qızılın valyuta ilə satılması halında Ermənistan vasitəsilə həyata keçirilməli olan milyardlarla dollarlıq ödənişlər şübhələrə səbəb olardı. Üstəlik, sanksiyalar səbəbindən Rusiya son ödəniş alıcısı olaraq bu valyutalardan digər malların alınması üçün istifadə etməkdə açıq bir problemlə qarşılaşacaqdı.

İqtisadçı Aqasi Tavadyan qeyd edir ki, rusiyalı iş adamları Ermənistandan qızıl ixrac etmək üçün tranzit ölkə kimi istifadə ediblər, çünki Rusiya ona gömrük rüsumu tətbiq edib. Lakin bu, Aİİ ölkələrinə ixraca şamil edilməyib.


"Rusiya iş adamları bu qızılı əvvəlcə Ermənistana gətirib, sonra isə Əmirliklərə ixrac ediblər. Bu, onlar üçün sərfəlidir, çünki Ermənistandan qızıla ixrac rüsumu alınmır”, deyə iqtisadçı izah edir.


Ermənistan İqtisadiyyat Nazirliyi "Hetq” şirkətinin sorğusuna cavab olaraq bəyan edib ki, embarqo altında olan Rusiya qızılının ixracı Ermənistanı ikinci dərəcəli sanksiyalarla hədələyə bilər. Nazirliyin baş katibi Haykaz Nəsibyan vurğulayıb ki, belə hallar hələ qeydə alınmayıb.


"Dəyişikliklərə çevik reaksiya vermək üçün vəziyyətin inkişafı Ermənistan İqtisadiyyat Nazirliyinin daimi monitorinqi altındadır”, deyə Nəsibyan bildirib və əlavə edib ki, qurum hökumət tərəfindən tətbiq edilən monitorinq alətlərinin effektivliyinə əmindir.


Ermənistan Statistika Xidmətinin məlumatları göstərir ki, 2024-cü ilin may ayından etibarən Ermənistanda qızıl idxalı və ixracı ilin ilk dörd ayı ilə müqayisədə kəskin şəkildə azalıb. Məsələn, apreldə Ermənistandan 14,3 ton qızıl ixrac edilibsə, may ayında cəmi 3,7 ton qızıl ixrac edilib.

Seçilən
24
4
ednews.net

5Mənbələr