AZ

Almaniyadan Rusiyaya avtomobil ixrac edənlər saxlanılıb

Ştutqartda Rusiyaya qarşı embarqonu pozmaqda və ölkəyə 100-ə yaxın avtomobil ixrac etməkdə ittiham olunan 3 nəfər saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətində qanunsuz yollarla Rusiyaya 15 milyon avro dəyərində 100 avtomobil ixrac etdiyi aşkarlanan 3 nəfərin saxlanıldığı bildirilib.

Ştutqart gömrük idarəsinin verdiyi açıqlamaya görə, bir avtomobil şirkətinin çirkli pulların yuyulması ittihamı ilə açdığı iddiadan sonra başladılan istintaq çərçivəsində sözügedən şəxslərin evlərində axtarış aparılıb.

Şübhəlilər hazırda Rusiyaya qarşı tətbiq edilən embarqonu pozmaqda ittiham olunurlar. İkisi avtosalon sahibi, biri də qalereyalardan birinin işçisi olan şübhəlilərin iki il ərzində üçüncü ölkələr vasitəsilə Rusiyaya təxminən 100 avtomobil göndərdiyi qeyd edilib. 

Qeyd olunub ki, qalereya əməkdaşı olan şübhəli şəxs ümumilikdə 58 avtomobilin Rusiyaya satışı və tədarükü zamanı edilən əməliyyatlarda iştirak edib.

Bildirilib ki, Mannheim İnzibati Məhkəməsi istintaq çərçivəsində təxminən 1,3 milyon avronun müsadirə edilməsinə qərar verib.

Saxlanılan şübhəlilərin qaçma riski ilə əlaqədar həbsdə saxlanmasına qərar verilib.

Seçilən
23
cebheinfo.az

1Mənbələr