AZ

“Hədəfim peşəkar həkim olmaqdır” - 10 min nəfərin imtahanında 1-ci olan Gülcan 

Xəbər verdiyimiz kimi, Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR - YÖS/2 imtahanında azərbaycanlı şagird Gülcan Niftəli 1-ci yeri tutub. O, 500 tam bal toplayıb.

Modern.az saytı Gülcan Niftəli ilə həmsöhbət olub.
 

- Gülcan, hazırda təhsiliniz necə gedir? Dərslər çətin gəlirmi?


- Öncə diqqət göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Mən Niftəli Gülcan Elnur qızı hazırda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinifində təhsil alıram. Daha çox TR-YÖS kimi tanınan Türkiyənin ali təhsil məktəblərinə əcnəbi abituriyentlər üçün vahid qəbul imtahanından istədiyim maksimum nəticəni əldə etdiyimə görə sadəcə buraxılış imtahanına hazırlaşmaqla kifayətlənirəm. Buraxılış fənlərini yaxşı bildiyim üçün bu imtahana hazirlaşmaq elə də çətin deyil.

 

- Təhsilinizi harada davam etdirəcəksiniz? Hədəfiniz nədir? Gələcəkdə hansı peşəyə yiyələnmək istəyirsiniz?

 

- Təbii ki, təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Hədəfim peşəkar həkim olmaqdır. Anam da həkimdir.

 

- Uğurunuzun sirri nədir?

 

- Nizam-intizamla çalışmaq, dərslərimi vaxtlı-vaxtında oxumaq və bilmədiklərimi ən xırdalığına kimi öyrənmək məni uğura apardı. Bunlardan əlavə, yaşıdlarımdan fərqli olaraq, mənim hələ də smartfonun yoxdur, əvvəllər bununla bağlı valideynlərimlə razılaşmasam da,  sonralar bunun məni uğura aparan yolda önəmli fakt olduğunu gördüm.

 

- YÖS imtahanında birinci olmağınızda ailənizin rolu nə qədərdir? Ümumiyyətlə, bu uğurda ən çox əməyi olan kimdir?

 

- Məncə ailəmin ən böyük rolu  mənə olan sonsuz inamı idi. Və sözsüz ki, üzərimdə ən böyük əməyi olanlar müəllimlərim - Mahir Abdürrəhmanov və Elvüqar Məmmədovdur. Onlara çəkdikləri əziyyətə görə minnətdaram.

 

- Həyatda örnək aldığınız kimsə  varmı?

 

- Həyatda örnək aldığım şəxslər valideynlərimdir. Onlar mənə işlərində peşəkar və ən önəmlisi vicdanlı, təmiz qəlbli insanlar olmaqla örnəkdirlər.




 

Seçilən
9
4
modern.az

5Mənbələr