AZ

Beynəlxalq hüquq üzrə mütəxəssis: Dövlətlər arasındakı siyasi motivlər hər zaman hüquqdan üstün durur...

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və sabiq müdafiə naziri Qallant haqqında həbs orderi verib...

Vüsalə Əhmədova: “Netanyahu və Qallanta qarşı çıxarılan həbs qərarlarının icrası da Roma Statutuna uyğun olaraq tərəfdaş ölkələrdən asılıdır”.

“Beynəlxalq hüquq sistemini ölkədaxili hüquq sistemi ilə müqaisə etmək olmaz. Ölkənin daxili hüquq sistemində hər bir vətəndaş hüquqa tabedir. Ancaq, dünyadakı bütün ölkələr bərabərhüquqludur, bir dövlətin digərinin dövlət başçısını mühakimə etmək kimi bir səlahiyyəti yoxdur”.

Bu sözləri beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantla bağlı həbs qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verildiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və sabiq müdafiə naziri Qallant haqqında həbs orderi verib. Bu qərarı şərh edən Trampın gələcək milli təhlükəsizlik müşaviri Uolts bildirib ki, BCM etimada layiq deyil, çünki İsrail hakimiyyətiinə qarşı irəli sürülən ittihamlar ABŞ höküməti tərəfindın rədd edilib.

Beynəlxalq hüquqa bu şəkildə yanaşma əslində nədən xəbər verir və bu yanaşmalarla hüquq sisteminə dayanan bir planetar gələcəyə ümid qalırmı?

Mövzunu Poliqon-un beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “BCM-nin verdiyi həbs orderlərinin icrası Roma Statutunun 86 və 87-ci maddələrinə uyğun olaraq tərəfdaş ölkələrin məsuliyyətindədir”.

Netanyahu və Qallant BCM Roma Statutunu imzalamış olan hər hansı bir ölkəyə səfər edərlərsə, həmin ölkənin səlahiyyətli orqanları onları həbs edib Haaqa məhkəməsinə təhvil verə biləcəklərini vurğulayan beynəlxalq hüquq üzrə mütəxəssis bildirib ki, burada da siyasi tərəfdaşlıq məsələləri gündəmə gəlir:

“Məlum olduğu kimi, BCM İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına dair qərar qəbul edib. Bilirsiz ki, beynəlxalq məhkəmələrin qərarlarının icrası ölkələrin insiyatifindədir. O cümlədən də, Netanyahu və Qallanta qarşı çıxarılan həbs qərarlarının icrası da Roma Statutuna uyğun olaraq tərəfdaş ölkələrdən asılıdır.

Hər zaman qeyd etmişəm, beynəlxalq hüquq sistemini ölkədaxili hüquq sistemi olə müqaisə etmək olmaz. Ölkənin daxili hüquq sistemində hər bir vətəndaş hüquqa tabedir. Ancaq, dünyadakı bütün ölkələr bərabərhüquqludur, bir dövlətin digərinin dövlət başçısını mühakimə etmək kimi bir səlahiyyəti yoxdur. Hələ ölkə beynəlxalq məhkəmənin nizamnaməsini imzalamamışsa bu proses daha da çətinləşir.

Vüsalə Əhmədova: “İsrail ilə iqtisadi və siyasi əlaqələri olan hər hansı bir ölkədən bu qərarın icrasını gözləmək olmaz”.

BCM-nin verdiyi həbs orderlərinin icrası Roma Statutunun 86 və 87-ci maddələrinə uyğun olaraq tərəfdaş ölkələrin məsuliyyətindədir. Statutun 89-cu maddəsinə uyğun olaraq, Netanyahu və Qallant BCM Roma Statutunu imzalamış olan hər hansı bir ölkəyə səfər edərlərsə, həmin ölkənin səlahiyyətli orqanları onları həbs edib Haaqa məhkəməsinə təhvil verə bilər. Lakin burada da siyasi tərəfdaşlıq məsələləri gündəmə gəlir. Dövlətlər arasındakı siyasi motivlər hər zaman hüquqdan üstün durur. İsrail ilə iqtisadi və siyasi əlaqələri olan hər hansı bir ölkədən bu qərarın icrasını gözləmək olmaz.

Digər ölkələrə isə Netanyahu və ya Qallant səfər etməzlər düşünürəm. LDH və Fransa Fələstin Həmrəylik Assosiasiyası (AFPS) da daxil olmaqla insan hüquqları məsələləri ilə məşğul olan dünyanın 11 qeyri-hökumət təşkilatı həbs qətimkan tədbirinin icrasına dair birgə bəyanatla çıxış edib. Ancaq, ölkələrin rəsmiləri bu barədə dəqiq bir fikir bildirməyə hələ çəkinirlər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr