Türkiyənin ilk süni intellektli robotu Ada Balıkəsirdə özəl bir təhsil müəssisəsində universitetə hazırlaşan gənclərə dərs keçməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, 5 dildə danışa bilən və üz ifadələri ilə reaksiya verən Ada danışarkən əl və qol hərəkətlərindən istifadə edir. Gənclərin böyük marağına səbəb olan Ada artıq təhsilin bir parçasına çevrilib.
Balıkəsirdəki təhsil müəssisəsinin qurucularından Murat Erkol Ada ilə bağlı bunları deyib:“Robotumuzu tələbə motivasiyasında, imtahan hesabatının hazırlanmasında və digər məsələlərdə istifadə edirik. Ada təxminən 15 gün əvvəl dərs keçməyə başlayıb. Bu müddət ərzində tələbələrimiz Ada ilə çox yaxından tanış olublar. Ada indi tələbələrimizi tanıyır və “Xoş gəldin, qızım”, “Xoş gəldin, Utku” kimi reaksiyalar verir.Mühazirəyə qatılan bu robot şagirdlərin ona verdiyi sualları bir-bir cavablandırır”.
Qeyd olunur ki, robot Ada müəssisədə tələbələrin qayğısına qalmaqla yanaşı, valideynlərə məsləhətçi kimi də fəaliyyət göstərir.