AZ

Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...

“Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “O qızı tapın”, “Nəsimi” kimi Azərbaycan kinosunun məşhur filmlərində onun da əməyi var. Səyavuş Şəfiyev yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb. Ömrü qısa, rolları az da olsa, adını kinomuzun tarixinə yazdıra bilib.

Əməkdar artist, rejissor, sirk ustası Səyavuş Şəfiyevin 24 noyabr- xatirə günü ərəfəsində həyatı haqqında bilmədiklərimizi sənət dostları danışdı.

“Səyavuş kino çəkilişləri üçün Bakıya gəlib-gedirdi. Ona görə onunla ünsiyyət qurmaq çətin idi. Kinomuzda bır sıra rollar yaratdı. Təəssüf ki, onun həyatı faciə ili bitdi”, - deyə tanınmış kinoşünas Aydın Kazımzadə mərhum aktyorun bacısından eşitdiklərini danışır: “Səyavuş Şəfiyev Bakıda bir neçə filmə çəkildikdən sonra köçüb Moskvaya getdi. Onun rəhbərlik etdiyi sirk truppası Fransaya qastrola gedib. Səyavuş tamaşa zamanı akrobatik nümunələr göstərib. Aşağıda qoruyucu olmadığından yıxılaraq bərk əzilib. Səyavuş bu hadisədən sonra danışa bilmir, lal olur. Onu Moskvaya gətirirlər. Moskvada da infarkt keçirir. Elə bir cüssəli, hündürboylu və sağlam adam bir hadisə nəticəsində şikəst olur və az sonra dünyasını dəyişir...”

“Nə vaxta qədər qonaq evində yaşayacam?”

Səyavuş Şəfiyevin həyat və yaradıcılığını daha yaxşı bilən Xalq artisti Ənvər Həsənov danışır: “Səyavuş hələ məktəb illərindən idmanda uğurlar qazanmışdı. Boks üzrə müxtəlif yarışların qalibi idi. Moskvada Ümumittifaq Sirk Məktəbini bitirib, akrobatika üzrə dərəcə almışdı. Məktəbi qurtardıqdan sonra “Soyuzsirk”də çalışırdı. Moskva sirkində tanınmış artistlərlə işləyərək tezliklə öz işinin peşəkarına çevrilmişdi. Onu Rusiyanın sirk artistləri arasında qəbul edirdilər”.

1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. O, sirk rejissoru kimi də özünü sınayır. S.Şəfiyev Bakıda kino rejissorlarının diqqətini cəlb edir. Adil İsgəndərov onu “Əhməd haradadır?” filminə dəvət edir. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov ciddi tənqidlərlə üzləşir. Film “Burjua-meşşan elementləri ilə zəngin” ekran əsəri kimi xarakterizə edilir. Filmin tənqidindən xəbər tutan Səyavuş “nahaq çəkildim” deyə peşmançılıq keçirir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın baxımlı filmlərindən birinə çevrilir. S.Şəfiyev “Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi”, - deyir.

Seçilən
23
12
publika.az

10Mənbələr