AZ

Santuş istefaya göndərilir?

Milli komandamızın baş məşqçisi Fernandu Santuş istefaya göndərilə bilər.

Futbolinfo.az xəbər verir ki, bu məsələdə AFFA daxilində ciddi fikir ayrılığı var. İcraiyyə Komitəsinin bir sıra üzvləri Millətlər Liqasındakı fiaskodan sonra portuqaliyalının yola salınmasının vacibliyini düşünür. Hazırkı oyunçu potensialı ilə əcnəbi məşqi təyinatının, ümumiyyətlə, səhv olduğunu düşünənlərin sayı artır. Bir sıra üzvlər isə Santuşa vaxt vermək lazım olduğunu, müqaviləni erkən pozmağın növbəti səhvə yol açacağını deyir.

Santuşun təyinatı AFFA prezidenti Rövşən Nəcəfin təşəbbüsüdür. O, vitse-prezident Elşad Nəsirovun məsləhəti ilə, məsələni İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə etmədən qərar vermiş, təyinatın təsdiqinə nail olmuşdu. Bu səbəbdən uğursuzluğa görə indi birbaşa o məsuliyyət altındadır.

Santuşun qovulması da bir o qədər asan deyil. Portuqaliyalıya 3 illik müqavilənin pozulması üçün yüksək məbləğdə kompensasiya ödəmək lazımdır. “Neftçi”də rəhbər olarkən Adrian Mutuyla bağlı oxşar qərar verən, sonra klubu böyük maliyyə itkisinə məruz qoyan Nəcəf, indi də eyni vəziyyətlə AFFA-da üzləşib.

Bu dəfə təkcə futbol ictimaiyyəti və azarkeşlər narazı deyil. Rövşən bəy havaya sovrulan milyonların hesabatını daha mötəbər dairələrə vermək məcburiyyətindədir. Ona görə də ya Santuş müqaviləyə qarşılıqlı xitam verilməsinə razılaşmalı, ya da Nəcəf onun maaşını öz cibindən ödəməlidir. Lakin AFFA prezidentinin himayədarları indi onu qorumaq üçün başqa variantlara da əl atır.

İstənilən halda, futbol təsərrüfatında tezliklə ciddi islahatlar aparılacaq. Ya Nəcəf və komandası sabiqləri yamsılamağı tərgidib həqiqətən doğru işlər görməyə başlayacaq, ya da özləri islahat dalğasının qurbanı olacaqlar. Ötən 8 ayda görülən işlərlə xərclənən pulların arasında dəhşətli uçurum var.

Seçilən
11
futbolinfo.az

1Mənbələr