Serialların həyatımıza daxil olması da müasir texnologiyanın yeniliklərindəndir. Elə ki, sovet dövrü başa çatdı, standart televiziya formasından çıxdıq, müasir antenlər, kabel televiziyaları sərhədləri aşmağımızla, dünyanın evimizə gəlməsi ilə nəticələndi. Bu, o vaxt idi ki, hələ ölkəmizin televiziya məkanında çoxseriyalı filmlərdən söhbət getmirdi. Lakin biz artıq türk, rus və Rusiya və Türkiyə telekanallarının dublyaj edərək təqdim etdiyi xarici ölkələrin-Amerika, Almaniya, Yaponiya və sair, xüsusilə Meksika seriallarına baxmaqdaydıq. Sovet imperiyası dövrünün xüsusi və senzuralı televiziya məkanından yenicə azad olunmuş insanlar sanki azadlığa çıxıblarmış kimi bu serialların bir saniyəsini belə ötürmürdü. Elə serial meyli də o zaman yaranmağa başladı. Elə olurdu ki, bir seriala bütövlükdə ailə tamaşa edirdi; yaşından, təhsilindən, dünyagörüşündən asılı olmayaraq sanki hər kəs axtardığını həmin seriallarda tapmağa çalışırdı. Beləliklə, biz səhv şəkildə serial izləmək prosesinə başladıq ki, bu, sonralar serial xəstəliyinə çevrildi.
Bu xəstəlik ildən-ilə irəlilədikcə, bizdən elə dəyərləri aldı ki, bir də baxdıq ki, onların aldıqları yanında verdikləri heç nədir. Belə isə seriallardan və onların müasir dövrdə həyatımızda oynadığı roldan danışaq.
Seriallar bizdən nələri aldı?..
Öncə vurğulayaq ki, biz Rusiya telekanallarında izlədiyimiz çoxseriyalı filmlərə onların deyimi ilə “serial”, Türkiyə telekanallarında izlədiklərimizə isə “dizi” deyirik. İllərdir ki, serial xəstəsinə çevrilmişik. Serial izlədiyimiz üçün ailələrimizdə yüzlərlə problemlər baş verib, ilkin olanları sadalayaq; ər işdən gəlib, yeməyi hazır görməyib; evi dağınıq, mətbəxi çirkli qabla dolu görüb; uşaq bağçada, məktəbdə qalıb, ana onu götürməyə yubanıb; uşaq saatlarla ac qalıb, ana isə televizor qarşısında; uşağın əlinə telefon verilib ki, səsi kəsilsin, ana isə serial, izləyib, nəticədə isə uşağın nitq qüsurları yaranıb; uşaq evdə qalmaqdan vitamin çatışmazlığı ilə əziyyət çəkməyə başlayıb, ana isə onu açıq, günəşli havada gəzdirməyə çıxarmaq əvəzinə, serialı üstün tutub; bir televizor olan evlərdə ər futbola baxmaq istəyəndə arvadın serial saatı olub, dava-dalaş haraya qalxıb, həftələrlə küsülülük yaranıb; serial səbəbi ilə neçə-neçə televizorlar ər-arvad qalmaqalının qurbanı olub, zibilliyə atılıb, yerinə kreditlə götürüləni qoyulub, lakin kredit bitmədən yeni qalmaqala görə o da əvvəlki televizorun yanına gedib; əvvəllər bir evdə bir televizor olardı, uşaq-böyük üçün də bəlli saatlar olardı, hər kəs öz saatında televiziya izləyərdi, lakin seriallar həyatımıza daxil olandan sonra evlərdə iki televizora ehtiyac olduğu ortaya çıxdı; kimi kreditlə, kimi hansısa vacib ehtiyacını bir kənara qoymaqla evinə ikinci televizoru da aldı ki, nədir-nədir ər-arvad arasında dava-dalaş başlamasın; iki televizor ailələrin bir-birindən saatlarla aralı qalması ilə nəticələndi; uşaqlar özbaşına qaldı, dərslərinə kömək üçün ataya müraciət edəndə ananın yanına, anaya müraciət edəndə atanın yanına göndərildilər; “səs salma” deyilərək otaqdan-otağa qovulan uşaqlar ya dəhlizə, ya mətbəxə, ya da öz otaqlarına sığınaraq başlarını nə iləsə qatmağa çalışdılar.
Bir də baxdıq ki...
Bilmirəm, hələlik dərk edirik, yoxsa etmirik, yaxşı-yaxşı baxsaq görərik ki, uşaqlarımızı seriallara çoxdan qurban vermişik. Ata öz serialının, ana öz dizisinin seyrçisinə çevrildikcə, bunlar uşaqlarımızın tərbiyə zamanını, təlim vaxtını bizdən qoparıb. Yadımıza sala bilərikmi, son dəfə uşaqlarımızla birlikdə hansı bir Azərbaycan filmini izləmişik? Və yaxud da gedək məktəblərdə sorğu keçirək, görək, 1-ci sinifdən 11-ci sinfədək uşaqlardan neçəsi Azərbaycan filmlərindən 3-nün adını saya biləcək? O filmlər ki, mənəvi, ailə dəyərlərimizin və milli mentalitetimizin saxlanc yeridir.
Baxsaq, görərik ki, seriallara baxa-baxa uşaqlarımızla aramızda olan körpünü öz əllərimizlə yandırmışıq. Onlara gün ərzində cəmi 1-2 saat ayıra bilirik, ya bilmirik. Uşaqlarla son dəfə nə vaxt oturub dərdləşmişik, problemləri ilə maraqlanmışıq? Onlarla birlikdə dərs hazırlamağı belə unutmuşuq. Uşaqlarla oynamağı, gəzintiyə çıxmağı çoxdan yadırğamışıq.
Biz o vaxt ayılırıq ki, bir övladımız intihar edir və ya intihar etməyə cəhd göstərir. Bu zaman isə sanki qəflət yuxusundan oyanıb günahın kimdə olmasını axtarmağa başlayırıq. Məktəbə hücum çəkir, uşağımızın sinif yoldaşları ilə danışmağa başlayırıq. Axı bu uşağa nə oldu, nə üçün belə bir hərəkətə qərar verdi, deyir, günahı özümüzdən başqa hər kəsdə axtarmağa başlayırıq. Nədənsə anlamaqda çətinlik çəkirik ki, biz son dəfə nə vaxt bu uşaqla maraqlanmışıq, onunla söhbət edib iç dünyasını öyrənməyə, ona dayaq olmağa çalışmışıq...
Bir də baxırıq ki, uşaq 5-6 yaşına çatıb, danışa bilmir. Bu dəfə serialımızın bir bölümünü təxirə salıb xəstəxanaları qapı-qapı gəzirik. Həkimlər deyir ki, bəs uşaq o qədər tək qalıb, danışdıran olmayıb ki, nitqi gecikib. Buna əməlli-başlı müalicə lazımdır. Nə bilim, loqopedə aparılmalı, kurs-kurs müalicə almalıdır.
Bir də baxırıq ki, qızımız, oğlumuz gəlib 8-10 yaşına çatıb, məktəbdə uşaqlara qaynayıb-qovuşa bilmir. Deyirik ki, bu uşaq niyə belə oldu? Nə bilim, filan nənəsi belə idi, filan bibisinə, xalasına çəkib. Lakin anlamaqda çətinlik çəkirik ki, biz serialların qarşısında saatlarla oturan zaman uşağa “səsini kəs”,- deyib onu bir küncə sıxışdırmışıq. Həmin küncdə uşaq o qədər səssiz-səmirsiz, hərəkətsiz qalıb ki, indi məktəbdə sinif yoldaşları ilə ünsiyyət qura bilmir, bir sözlə, sosiallaşmaqda əziyyət çəkir.
Bir də baxırıq ki, yeniyetmə oğlumuzdan siqaret qoxusu gəlir. Nə yaxşı da ki, seriallar bu qoxunu almağa imkan verir. Həmin an sanki bizə çatır ki, uşaq əldən gedir. Bu zaman düşünməyə başlayırıq ki, bu siqaretin axırı yaxşı olmaya bilər. Uşaq pis yola düşər, aldadıla bilər. Bu gün dodağına siqaret dəyən uşağımız sabah başqa bir vasitəni dodaqlarına apara bilər. Bu zaman başlayırıq uşağa dişimizin dibindən çıxan sözləri deməyə: sən getdin kimə çəkdin? Mən sənə belə tərbiyə vermişdim? Nə üçün bizi öldürürsən, kimlərə qoşulmusan, kimlərlə oturub-durursan? Lakin bircə dəfə anlamağa çalışmırıq ki, bütün bunları aylar öncə nəzarətə götürməli idik. Uşağa vaxt ayırıb onunla maraqlanmalı, yeri gələndə dost, yeri gələndə düşmən olmaqla, onu təkbaşına buraxmamalı idik. Atanın öz serialına, ananın öz dizisinə başı qarışanda, uşağın aqibətinin belə olacağını nə üçünsə üzərimizə götürmür ki, götürmürük. Və bütün bunlar kimi onlarla misal söyləmək olar...
Ailələrimizi dağıdan seriallar...
Serial xəstəliyi evimizdən, azyaşlı uşaqlarımızdan savayı, həm də gənc oğlan və qazlarımıza, hətta özümüzə də zərər verir. Axı hamı seriallardakı hadisələri eyni cür qavraya, dərk edə bilmir. Böyük əksəriyyət serial izləyərkən onu real həyata çox yaxınlaşdırır və düşünür ki, bizim də həyatımız belə ola bilərdi, lakin nə üçün belə deyil. Və yaxud da serialda bu hadisə belədirsə, bu qadın bu addımı atırsa, bu kişi bunu edirsə, biz də edə bilərik. Lakin axı əslində belə deyil. İstənilən ölkənin film və serialları ən yüksək səviyyəli həyatları təqdim edir. Biz nə üçünsə həmin filmlərdəki aşağı səviyyəli həyatları görə bilmir, öz həyatımızın da həmin yuxarı səviyyəli həyatlara bənzəməsini qarşımıza məqsəd qoyuruq. Hansı ki, o həyatlarla bizim real həyatımız arasında yerlə göy qədər fərq var.
Serialda qadın belə geyinir, biz də geyinməliyik. Kişi filan maşını sürür, biz nə üçün sürməyək? Ən pisi isə serial-dizilərdəki qadın-kişi, valideyn-övlad münasibətlərindən pay almağımızdır. Məsələn, gənc qızın anaya “mənim işlərimə qarışma”, gənc oğlanın otağının qapısını atanın üzünə çırpıb “mən tək qalmaq istəyirəm”, deməsi kimi. Qadının həyat yoldaşı ilə hesablaşmaması, kişinin həyat yoldaşını bəzi hərəkətləri ilə təhqir etməsi kimi. Və onlarla sadalaya biləcəyimiz bir-birinə oxşar misallar...
Bütün bunların hamısını seriallar bəxş edib bizlərə. Bunları söyləməklə məqsədimiz bütün serial-diziləri pisləmək deyil. Bəli, sanballı dizilər var, onlarda öyrənməli, dərs götürməli, əxz etməli çox məqamlar var. Lakin gündəlik, təxəyyül məhsulu olan seriallar da var və düşünəndə ki, insan övladının əksəriyyəti pisi götürməyə meyllidir, bəli, çoxseriyalı filmlərdə yetərincə belə məqamlar var. Onları da ki, götürən götürəndir. Bu səbəbdən də ailələr dağılır, ailə münasibətlərinə xələl gəlir, ər-arvad münasibətləri kəskin şəkildə pozulur. Bir sözlə, biz özümüzün olanlarla deyil, serial-dizilərdəki həyatları yaşamaqla özümüzə zərbə endiririk. Bu özünü istər ər-arvad, valideyn-övlad, istərsə də qohum-əqrəba münasibətlərində aydın şəkildə göstərir. Xüsusilə qayınana-gəlin münasibətlərinə isə birbaşa təsir göstərir.
Serial xəstəliyindən romantika mərəzinə
Gənc oğlan-qızlarda isə serial xəstəliyi yeni bir mərəz formalaşdırıb: romantika xəstəliyi. Qızlarımız sevgililərindən artıq dizilərdəki kimi böyük gül buketləri, bahalı hədiyyələr qəbul etmək, onlarda dizilərdəki maşınlardan olmasını, bahalı kafe-restoranlarda əylənmək istəyirlər.
Oğlanlar özlərini serial qəhrəmanlarına bənzədib xüsusi “əda” nümayiş etdirirlər. Maşını onlar kimi qeyri-adi sürməyə, qapısını çırpmağa çalışırlar.
Seriallardakı geyimlər isə lap çoxdan gənc qız və oğlanlara sirayət edib. Artıq hər bir serialda gördüyümüz gənc qız və oğlanların geyimlərini gündəlik həyatımızda hər addımda görürük. Saç forması, makiyaj da eynilə.
Qızlarımız hətta evlənmək təklifini də seriallardakı romantik şəkildə almaq istəyir. Sosial şəbəkələrdə tez-tez qarşılaşdığımız videolar, paylaşmalar bunu deməyə əsas verir. Kimi ona alınan böyük ölçülü gül buketini, kimi ad gününə hədiyyə olunan lent və güllərlə bəzədilmiş maşını, kimi romantik evlənmə təklifini, kimi dəbdəbəli-eyni ilə seriallardakıtək nikahını, kimi hamiləliyini, kimi uşağın cinsiyyət “partisini” və sair nümayiş etdirir. Bütün bunlar isə bizə serial və dizilərdən gəlir. Zəif gənclər baxır və öz həyatlarına da tətbiq etməyə çalışırlar.
Lakin bunların hamısını etməyə bütün gənclərin imkanı və gücü çatmır. Bu səbəbdən də romantika xəstəliyini daha ağır şəkildə yaşayanlar var. Arzularının da qarışdığı bu xəstəlik gündən-günə onları məhv edir, bunların istənilən birini həyata keçirmək üçün çox halda ümumilikdə həyatlarından, mövqelərindən məhrum olurlar.
Beləliklə, serial və dizilər yaxşılarla bərabər, pisləri də təlqin edir, lakin biz nə üçün yaxşıları yox, pisləri həyatımıza tətbiq etməyə çalışırıq, elə maraqlı olan da budur...
Serialların mövzusuna gəlincə...
Serial və dizilərin mövzusuna, baş verən hadisələr ətrafında gedişata gəlincə isə demək olar ki, 3-4, bəzən 5 il davam edən dizilərə rejissorlar elə hadisələr əlavə edib onun reytinqini qaldırmağa, gündəmdə saxlamağa çalışır ki, adam olanlara bəzən inana belə bilmir. Yəni, reytinq üçün hadisələr məhvərindən çıxıb yeni bir axara düşür. Belə olanda isə tamaşaçı onsuz da əksəriyyətinin süjet xətti normal olmayan serialların axarında itib-batır.
Məsləhətdir ki, bu gün hər birimizin evində çağırılmamış qonaq olan serial və dizilərdən bir qədər kənar olmağa çalışaq. Birincisi, onların böyük əksəriyyətinin həyat reallığından kənar olduğu üçün. İkincisi, bu serial və dizilərin bizim coğrafiyamızdan, mühitimizdən, ailə dəyərlərimizdən, tərbiyəmizdən çox uzaq olduğu üçün. Üçüncüsü isə yuxarıda da qeyd etdiyim kimi, aldıqları verdiklərindən çox olduğu üçün. Bu səbəblərdən də onların yerini başqa faydalı əyləncələrə, məsələn, kitab oxumaq, ev işləri ilə məşğul olmaq, ailə qayğıları ilə maraqlanmaq, uşaqların tərbiyəsi, gələcək üçün xeyirli vətəndaş yetişdirmək, körpələri təmiz havaya çıxarmaq, yemək, şirniyyat hazırlamaq, daha hansısa faydalı, bacardığımız bir iş üçün ayırmaq lazımdır.
Əks təqdirdə bizim cəmiyyətimizə, mentalitetimizə uyğun olmayan, çoxlarımızın həyatı ilə təzad təşkil edən serial və dizilər qarşıda bizdən çox şeylər alacaq. Sonrakı peşmançılığın acı nəticəsini yaşamamaq üçün bu gün özümüzə qayıtmaq zamanıdır... Qayıdaq ki, peşman olmayaq!
Mətanət Məmmədova