AZ

İqlim dəyişikliyi bəşəriyyəti təhdid edir: Təcili tədbirlər görülməsə...

İqlim dəyişikliyi və təbii fəlakətlər 21-ci əsrin ən böyük qorxusudur. İqlim dəyişikliyi qida çatışmazlığına və havanın çirklənməsinə səbəb olur. Qlobal əhəmiyyət kəsb edən bu problemə qarşı mübarizə aparılmasa bəşəriyyət fəlakətlə üzləşəcək.

Alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda bəşəriyyət üçün böyük fəsadlara səbəb olacaq nəticələr çıxarıblar. Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, qeyd edilən iki amil 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb olacaq. Tədqiqat 2000-2090-cı illər arasındakı məlumatların 10 illik fasilələrlə təhlili olunması  ilə həyata keçirilib. Nəticələr göstərir ki, ölüm hallarına daha çox Cənubi və Şərqi Asiyada rast gəlinəcək. Bölgənin yaşlanan əhalisi və davamlı hava çirklənməsi ilə bağlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin sayının havanın çirklənməsinə görə ölümlərdən daha çox olacağı gözlənilir. Xüsusilə, ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb. Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi son hesabatda xəbərdarlıq edilir ki, əsrin sonuna qədər bütün dünyada temperatur 3,1 dərəcə arta bilər. Bu artım “fəlakət ssenarisi” hesab edilir. Alim Andrea Pozzer bu mövzuda təəccüblü statistik məlumatları paylaşıb: “2000-ci ildə həddindən artıq isti və soyuq havaya görə hər il təxminən 1,6 milyon insan həyatını itirib. Əsrin sonuna qədər bu rəqəmin 10,8 milyona yüksələcəyi gözlənilir ki, bu da təxminən yeddi dəfə artım deməkdir”.

Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və havanın çirklənməsi ilə mübarizə üçün daha güclü siyasət həyata keçirilməsə ölüm halları daha da artacaq. Bu, xüsusilə əhalinin sıx məskunlaşdığı və aşağı gəlirli ərazilərdə yaşayan insanlar üçün böyük təhlükə yaradır. Mütəxəssislər qeyd edirlər ki, lazımi ehtiyat tədbirləri görülməsə, dünyada təkcə sağlamlıq sahəsində deyil, həm də iqtisadi və sosial həyatda da ciddi fəsadlar yarana bilər.

Vüsal Cahanov, “İki sahil”

Seçilən
46
ikisahil.az

1Mənbələr