Nazirlər Kabineti "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası”nı təsdiq edib, “Büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında 28 dekabr 2018-ci il qərarını ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Maliyyə Nazirliyi qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.
"Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 5.7-ci bəndinə əsasən hazırlanıb və sektorlar üzrə strateji planların hazırlanmasının ümumi normalarını müəyyən edir. Qaydanın məqsədi sektorlar üzrə strateji planların hazırlanması prosesinin əsas mərhələlərini, həmin planların strukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqi müəyyən etməkdir. Qaydada istifadə olunan anlayışlar dövlət başçısının adı çəkilən fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nda və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.