Fins.az - Münhen Texniki Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimlərindən böyük uğur.
Münhen Texniki Universitetindən professor Hendrik Dits və Massaçusets Texnologiya İnstitutundan Sergey Ovçinnikovun rəhbərlik etdiyi alimlər qrupu xəstəliklərlə mübarizə üçün zülal molekullarının yaradılmasında süni intellektin imkanlarından istifadə edən unikal bir metod hazırlayıb. Bu yenilikçi yanaşmanın nəticələri dünyaca məşhur Science jurnalında dərc edilib.
Yeni metod, süni intellektin qabaqcıl proqram təminatı olan AlphaFold2 əsasında işləyir. Bu proqram zülal molekullarının formasını və funksiyalarını dəqiqliklə proqnozlaşdırmağa qadirdir. Alimlər bu texnologiyanı modifikasiya edərək, xüsusi xüsusiyyətlərə malik biomolekulların yaradılmasını mümkün ediblər.
Hazırlanan bu proqram alətləri sayəsində yeni dərmanların yaradılması, viruslarla mübarizə, ekoloji baxımdan təhlükəsiz həllərin tətbiqi və biotexnologiyaların səmərəliliyinin artırılması mümkün olacaq. Layihə iştirakçıları bildiriblər ki, bu texnologiya tibdə və sənayedə böyük dəyişikliklərə səbəb olacaq.
Metodun üstünlükləri yalnız tibb sahəsi ilə məhdudlaşmır. Bu yanaşma, ekoloji cəhətdən təhlükəsiz məhsulların daha sürətli və qənaətli istehsalına imkan verəcək.
Alimlərin araşdırmaları davam edir və bu metodun daha geniş sahələrdə tətbiq olunması gözlənilir.
Xatırladaq ki, yaxın keçmişdə Arktikadakı buzlaqlarda adi viruslardan 30 dəfə böyük virusların tapılması biotexnologiya sahəsində diqqəti daha da artırıb.