AZ

"ADY Express" İstanbulda Orta Dəhlizlə bağlı iki vacib razılaşma imzalayıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express" MMC Türkiyənin İstanbul şəhərində keçirilən “Logitrans Türkiye 2024” sərgisində Orta Dəhlizlə bağlı razılaşmalar imzalayıb.

Fins.az bu barədə şirkətə istinadən xəbər verir.

Onlardan biri Çinin Şenjen şəhərində yerləşən “Neptun Logistics” şirkəti ilə strateji tərəfdaşlıq haqqında memorandum olub. Sənəd şirkətlər arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini, Çin ilə Avropa arasında blok qatarları ilə yükdaşıma xidmətlərinin genişləndirilməsini nəzərdə tutur.

Bundan başqa, "ADY Express" "Pasifik Eurasia" şirkəti ilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməklə Orta Dəhliz boyunca hər iki istiqamətdə yükdaşımaların inkişafı haqqında protokol imzalayıb. Razılaşmaya əsasən, hər cümə günü İstanbuldan Azərbaycan, Mərkəzi Asiya və Çin istiqamətində blok qatarlar yola çıxacaq. Əks istiqamətdə isə hər çərşənbə günü Ələt stansiyasından Türkiyə istiqamətində analoji qatar yola salınacaq. Blok qatarlar müntəzəm şəkildə fəaliyyət göstərəcək ki, bu da marşrut üzrə yükdaşımaların səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

İmzalanmış razılaşmalar Orta Dəhlizdə logistika proseslərinin faydalılığını artırmağa, "ADY Express"in beynəlxalq tərəfdaşlarla əməkdaşlığının dərinləşməsinə və Azərbaycanın ərazisindən tranzit daşımaların inkişafına töhfə verəcək.

Seçilən
8
5
fins.az

6Mənbələr