Ermənistana köçən keçmiş erməni məmur Sarkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanla sülhə çağırış edən keçmiş məmur casusluqda təqsirli bilinir. Ermənistan dövləti hətta onun ömürlük həbsini tələb edib. məhkəmə cəzanı 18 illə məhdudlaşdırıb.
Sarkis Qalstyan 2018-2023-cü illərdə Qarabağdakı qondarma rejimin dövründə müxtəlif “vəzifələrdə” çalışıb. O, 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndini tərk etməyən azsaylı ermənilərdən biri idi. Arvadı ilə birgə Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan 2024-cü ilin aprelində Ermənistana köçmüşdü. İttihama görə, o, 2020-ci ildən casusluq fəaliyyəti ilə məşğul olub.
Ermənistanda sülhdən danışanlar niyə hədəfə alınır?
Məsələ ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın sülh ritorikası ilə özünün əsl niyyətini malalamağa çalışdığı hər zaman müşahidə edilir:
"Ermənistan müəyyən cəhdlərlə vəziyyəti dəyişməyə çalışır. Bizim preventiv addımlarımız Ermənistanın cəhdlərinin hər hansı nəticə verməsinin qarşısını alır. Ona görə də sülhdən danışan Qalstyanın həbs edilməsi növbəti dəfə nümayiş etdirir ki, Ermənistan özünün sülh ritorikasında səmimiyyətdən çox-çox uzaqdır. Bəs Ermənistan nəyə görə sülh ritorikasına üstünlük verir? Ona görə ki, Ermənistan beynəlxalq aləmdə guya sülh tərəfdaşı olduğunu nümayiş etdirməyə çalışır. Digər yandan da sülhün olmaması üçün əlindən gələni edir. Sözsüz ki, belə olanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmamış qalır. Ermənistan dünyaya nümayiş etdirməyə çalışır ki, o sülh istəsə də,bu,mümkün olmur. Bununla da Ermənistan beynəlxalq ictimaiyyətin sülhün olmamasına görə Azərbaycanı ittiham etməsinə ümid edir. Yəni Ermənistan sülh ritorikası ilə,əslində, Azərbaycana qarşı beynəlxalq hücumların olmasını istəyir. Azərbaycan isə öz mövqelərini çox ciddi arqumentləşdirirərək dünyaya çatdırmaqdadır. Buna görə bütün platformalardan layiqincə istifadə edirik. Azərbaycanın siyasi, diplomatik gücü beynəlxalq səviyyədə haqlı mövqelərimizi qorumağa və əsl sülhsevər niyyətimizi sərgiləməyə imkan verir".
Siyasi şərhçi vurğulayıb ki, Qalstyanın həbsi Ermənistanın sülhlə bağlı əsl mövqeyinin nədən ibarət olduğunu bir daha ortaya qoymuş oldu:
"Hər zaman Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlərə uyğun mövqe sərgiləmədiyini müşahidə edirik. Yəni sülhdən danışsalar da, buna gedən yolda nəsə etmirlər. Sadəcə olaraq, imitasiyalarla məşğuldurlar. Azərbaycan sülhlə bağlı çox şəffaf şərtlər irəli sürüb. Lakin biz görürük ki, Ermənistan da hansısa məqamlar üzərindən Azərbaycanı ittiham edir. Bunun özü göstərir ki, Ermənistan hələ bundan sonra da sülh üzərindən manipulyasiyalar etməyə çalışacaq. Sözsüz ki, bu istiqamətdə ona dəstək olan Qərb qüvvələri var. Bu gün Ermənistanın sərgilədiyi mövqe sayəsində, əslində, Qərbin təlimatlarının nədən ibarət olduğunu görürük. Qərb bütün yollarla regionda yeni gərginliyin olmasına çalışır. Qalstyanın sülhdən danışması Ermənistandakı siyasi rejimi himayə edən Qərb dairələrinin maraqlarına uyğun gəlmir. Ona görə də hesab edirəm ki,Qalstyanın da həbs edilməsində Qərbin iradəsi təsirli amil rolunda çıxış edib".