Venesuela müxalifət lideri Mariya Korina Maçado dövlətə xəyanətdə ittiham olunub.
Sfera.az bildirir ki, bununla bağlı prokurorluqda istintaq başladıldığı açıqlanıb. Bu barədə Venesuelanın baş prokuroru Tarek William Saab danışıb. O, Maçadonun ABŞ-nin Venesuelaya qarşı hazırladığı sanksiya paketini dəstəklədiyini bildirib. Baş prokuror Maçadonu adını çəkmədən hədəf alıb.
Bildirilib ki, müxalif lideri ABŞ Konqresi üzvünün sosial media hesabından verdiyi açıqlamadan sitat gətirərək sanksiyaları dəstəkləyib. Venesuela administrasiyasını hədəf alan Maçado isə, “Venesuela xalqının cəsarətini və iradəsini dəstəklədiyiniz üçün təşəkkür edirəm. Prezident Nikolas Maduro rejimi həqiqəti susdura bilməyəcək. “Bolivar qanunu”nu müdafiə edən və qəbul edən Nümayəndələr Palatasının bütün üzvlərinə təşəkkür edirəm. Bu qanun Maduro rejimini məsuliyyətə cəlb etmək üçün mühüm addımdır. Venesuela üçün azadlıq mübarizəsini davam etdirəcəyik”, - bildirib.
Qeyd edək ki, Venesuelada bir müddətdir harada olduğu bilinməyən müxalifət lideri Maçado, adətən sosial şəbəkələrdə açıqlamalar verir. ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə edilən “Bolivar Qanunu” kimi tanınan layihə ilə Venesuelaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. İyulun 29-da isə seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.
Günay
Sfera.az