AZ

RF Su Ehtiyatları Agentliyinin rəhbəri: Sayca 29-cu olsa da, bu, unikal COP-dur

Sayca 29-cu olsa da, bu, unikal COP-dur. İqlim problemlərinə dair geniş və əhatəli müzakirələr aparılır. Bir çox başqa beynəlxalq tədbirlərdə belə bir səviyyədə müşahidə etdiyimiz siyasiləşmə yoxdur. İqlim gündəmi çərçivəsində öz iqtisadi rəqabətini nümayiş etdirmək cəhdi də edilmir. Açıq dialoq, o cümlədən həssas ölkələrlə aparılır və hər kəs öz mövqeyini ifadə edə bilər. Bu, hətta Paris Sazişi imzalananda da müzakirə olunan iqlim maliyyəsi ilə bağlı konkret mexanizmlərin işlənib hazırlanması üçün dialoqdur. Uzun illər keçsə də, bu günədək iqlim sahəsində real addımlar atılmayıb və bu gün artıq uyğunlaşma baxımından və iqlim dəyişikliyinə təsirin azaldılması nöqteyi-nəzərindən texnologiyanın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə ötürülməsi ilə bağlı dialoq gedir. Bu, Bakıdakı COP-un unikallığıdır.

Oxuməni.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Rusiya Federasiyasının Su Ehtiyatları üzrə Federal Agentliyinin rəhbəri Dmitri Kirillov bildirib.

Onun sözlərinə görə, iqlim dialoqunda su gündəliyi yenicə formalaşıb.

“Bu, su mövzularının müstəqil, ayrıca müzakirə edildiyi üçüncü konfransdır və onu göstərir ki, biz indi iqlim dəyişikliyi şəraitində ekosistemlərimizi qoruyub saxlamağın zəruriliyini anlamağa yaxınlaşırıq. Bu gün su gündəmi genişlənir. Ölkələr bu vəzifələrin bir dövlətin hüdudları daxilində həll oluna bilməyəcəyini anlayaraq su ehtiyatlarının qorunması, onlardan kompleks istifadə və rasional idarə olunması üçün birgə tədbirlərin görülməsinə ehtiyac olduğunu dərk edirlər. Rusiyaya gəlincə, dövlət sərhədimizin təxminən 40 min kilometri su hövzələrindən keçir”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Rusiya ilə Azərbaycan arasında su ehtiyatları üzrə münasibətlərin inkişaf perspektivlərinə toxunan Kirillov transsərhəd Samur çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında mövcud hökumətlərarası Sazişi xatırladıb.

Agentliyin rəhbəri qeyd edib: Bu mövzuda dialoq demək olar ki, hər həftə keçirilir, çünki bu, su ehtiyatlarının bölünməsi, su qurğularının fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Məsələn, bu gün toplaşdığımız Bakı şəhəri Samur suyu ilə 90 faiz təmin olunub. Əgər Rusiya ilə Azərbaycan arasında konstruktiv dialoq qurulmasa, o zaman Bakıya su təchizatı məsələsi havada qalacaq və problemin həlli üçün başqa alternativ yollar olmayacaq. Məhz bu səbəbdən biz azərbaycanlı həmkarlarımızla sıx əlaqə saxlayırıq. Bu, çayın su ehtiyatlarının 95 faizinin Rusiyada formalaşması şərti ilə ölkələr arasında strateji əməkdaşlığın nümunəsidir. Eyni zamanda, konstruktiv dialoqun elementidir və biz onu bu gün burada başqa ölkələrə təşviq edirik. Çaylar ayırmamalıdır - çaylar birləşdirməlidir”.

Oxuməni.az

Seçilən
1
2
oxumeni.az

3Mənbələr