“Yekun sənəd növbəti illər üçün əsas yol xəritəsi rolunu oynayacaq”—Deputat
“Dünya liderləri COP29 tədbiri çərçivəsində Azərbaycana təşrif buyurdular. Eyni zamandan ölkələrində nüfuz sahibi olan mütəxəssislər, siyasətçilər din xadimləri, bir sözlə, iqlim problemlərinə tövhə verə biləcək hər kəs Azərbaycana toplaşdı. Çox sayda panel müzakirələrin, toplantıların şahidi olduq. Mediaya çoxlu müsahibələr verildi. Ən əsası iqlim dəyişikliyi ilə bağlı məsələlər üçün ölkələr öz öhdəliklərinə yenidən baxdılar”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib:
“Yekun sənəd növbəti illər üçün dünya dövlətlərinə əsas yol xəritəsi rolunu oynayacaq. Biz inanırıq ki, yaşıl enerjiyə keçid, dövlətlərin iqlim dəyişiklikləri ilə bağlı məsələlərdə təşviq olunması, baş verən münaqişələrin, müharibələrin sayının azalması gələcəkdə də öz önəmini qoruyub saxlayacaq. Tədbirə hazırlıq üçün 11 ay vaxtı olan Azərbaycan bu ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildi. Bütün qonaqlar Azərbaycandan razı şəkildə ayrıldılar. Müxtəlif siyasi fikirlərdə olan siyasətçilərin, rəhbərlərin fikirlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hər bir şərait yaradıldı. Azərbaycan hökumət nümayəndələri və COP29-la bağlı məsul şəxslər, millət vəkilləri, ekspertlər hər zaman medianın qarşısında oldular. Hər zaman xarici qonaqlarla ünsiyyətdə olaraq ortaq məxrəcin tapılmasında yaxından iştirak etdilər”.
Deputat bildirib ki, COP29-a Azərbaycan ev sahibliyi etməklə öz öhdəliklərini layiqincə yerinə yetirdi:
“Növbəti COP tədbiri keçirilənə qədər rəhbərlik Azərbaycanın olacaqdır. Ölkəmiz növbəti il ərzində qəbul edilən qərarların həyata keçirilməsində öz aktiv iştirakını davam etdirəcək. Sonrakı dövrdə də Azərbaycan təcrübəsini növbəti ev sahibi dövlətlərə ötürmək üçün öhdəliklərini yerinə yetirəcək. Biz inanırıq ki, qəbul olunan qərarlar kağız üzərində qalmayacaq, ölkələr öz öhdəliklərini yerinə yetirəcək, dünyanı daha yaxşı halda gələcək nəsillərə ötürmək üçün səylərimizi davam etdirəcəyik. Nəticədə iqlim dəyişikliklərinə qarşı birgə mübarizə yalnız sözdə yox, əməldə də öz yerini tapmış olacaq.
Əfsanə Kamal
Demokrat.az