AZ

Koreyalıların Ukraynaya qarşı savaşda iştirakı Çini HƏRƏKƏTƏ KEÇİRDİ

"Pekin Koreyanın müharibəyə cəlb olunmasından narahatdır. Şimali Koreya hərbçilərinin Rusiya tərəfdən Ukraynaya qarşı savaşda iştirak etməsi yalnız Qərb ölkələrini deyil, Çini də narahat etməyə başlayıb".

Bu sözləri Musavat.com-a açıqlamasənda politoloq Elxan Şahinoğlu deyib.

ELXAN

Politoloq qeyd edib ki, Şimali Koreya illər uzunu Çinin siyasi və iqtisadi dəstəyinə arxalanıb və Şimali Koreya ordusunun qurulmasında da Çinin böyük rolu olub.

"Kreml Qərbin Rusiyaya qarşı sərt sanksiyaları və Ukrayna müharibəsi fonunda Pxenyanla strateji tərəfdaşlıq əlaqələri qurub. Pekin bu iki dövlət arasındakı münasibətlərə qarışmasa da, Kremlin Asiya qitəsində bu şəkildə fəallaşmasından narahat olmaya bilməz. 

"Financial Times" qəzetində Çin lideri Si Cinpinin Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubun mətni dərc edilib. Həmin məktubda Si Cinpin şimali koreyalı həmkarına kommunist Çinin yaranmasının 75-ci ildönümü münasibətilə onu təbrik etdiyi üçün təşəkkür edib. Çin lideri sanki bu məktubla bölgədə Şimali Koreyanın əsl dostunun kim olduğuna işarə edib. Rusiya-Şimali Koreya ittifaqı ABŞ, Cənubi Koreya və Yaponiyanın ittifaqını gücləndirməyə xidmət edəcək. Bu isə Çinin maraqlarına ziddir", - deyə politoloq bildirib.

Elxan Şahinoğlunun fikrincə, Çin Rusiyanın Şimali Koreyaya nüvə potensialını gücləndirmək təşəbbüslərindən də narahatdır:

"Doğrudur, Kreml Şimali Koreyanı Cənubi Koreya və ABŞ-a qarşı gücləndirir. Ancaq bölgədə müharibə başlayarsa, bunun zərbəsi Çinə də dəyəcək. Ona görə də Pekin Şimali Koreyanın raket və nüvə arsenalının Rusiyanın dəstəyi hesabına güclənməsini istəmir.

"The New York Times" nəşrində yayımlanan məqalədə Vaşinqton Pekinin Şimali Koreyaya təsir göstərərək öz qoşunlarını Rusiyanın Ukraynaya qarşı müharibəsində kömək üçün göndərilməsinə son qoymasını xahiş edib. ABŞ dövlət katibi Entoni Blinkenin bu mövzuda çinli həmkarı Van Yi ilə danışıqları olub. Vaşinqtonun səylərinə baxmayaraq, Pekin Şimali Koreyanın müharibəyə cəlb edilməsi məsələsilə bağlı Kremlə təsir etməyib. Buna baxmayaraq, Rusiyanın Şimali Koreya hesabına Ukraynaya qarşı müharibəni qloballaşdırması siyasəti Pekində suallar doğurub. 

Koreya yarımadasının özündə də vəziyyət sabit deyil. Si Cinpin mövcud vəziyyətlə bağlı narahatlığını gizlətmir. Şimali Koreya ilə Cənubi Koreya arasındakı münasibətlərdə gərginlik müşahidə olunur. Bu səbəbdən ABŞ-ın Cənubi Koreyaya siyasi və hərbi dəstəyi artıb. Si Cinpin narahatlığını Perunun paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenin diqqətinə çatdırıb. Bunun qarşılığında Ağ Ev sahibi Koreya yarımadasında gərginliyin artmasında Pxenyanın məsuliyyət daşıdığını, misal olaraq Şimali Koreyanın raket sınaqlarını davam etdirməsini göstərib".

Xalidə Gəray
Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr