“Ermənistanın baş naziri Nikol Paşinyan dünən verdiyi müsahibədə hökumət məmurlarına “WhatsApp” vasitəsilə istefa vermələri üçün təsir etdiyini bildirib. Lakin Paşinyanın bu hərəkəti müvafiq səlahiyyətlərə malik olmadan gerçəkləşib”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Hraparak” qəzetinə verdiyi açıqlamada siyasi texnoloq Armen Badalyan deyib.
Analitik Paşinyanın bu cür yanaşmasını avtoritar rejimlərə xas bir davranış olaraq qiymətləndirib. O, vurğulayıb ki, Qərb dövlətləri artıq Ermənistandakı idarəetmə sisteminin avtoritar bir xüsusiyyət kəsb etməyə başladığını yaxşı bilirlər.
Badalyan Paşinyanın rəhbərliyi altında Ermənistanın idarəetmə sisteminin artıq kukla bir hökumətə çevrildiyini və bunun beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası tərəfindən təsdiqləndiyini bildirib.
Siyasi analitik, həmçinin Paşinyanın Avropa müşahidəçilərini Ermənistandan çıxarmaq istəyinə də toxunub. Badalyan Paşinyanın belə bir addım atmasının çətin olduğunu və Avropa İttifaqı müşahidəçilərinin Ermənistandan çıxarılması halında bu qərarın ölkəyə maliyyə dəstəyi dayandıran qərarlara səbəb ola biləcəyini bildirib. O, Paşinyanın Avropa tərəfdaşları ilə münasibətləri qorumağa çalışdığını vurğulayıb.
Texnoloq həmçinin Paşinyanın məqsədinin 2026-cı ilin parlament seçkilərində siyasi mövqeyini gücləndirmək olduğunu da qeyd edib. O, Paşinyanın iqtisadiyyatda heç bir ciddi inkişaf əldə etmədiyini və yalnız sülh müqaviləsi imzalamaqla seçicilərinə müəyyən bir müsbət mesaj verməyə çalışdığını əlavə edib. Siyasi texnoloq Paşinyanın bu addımları ilə öz hakimiyyətini qorumağa çalışdığını və bu qərarların yalnız daxili və xarici siyasətdəki təzyiqlərlə əlaqəli olduğunu bildirib.
“Paşinyan, daxili təzyiqlərdən qaçmaq üçün müxtəlif gündəliklər irəli sürməyə başlayıb. O, seçicilərinin diqqətini çəkmək üçün sülh müqaviləsi və digər məsələlər barədə yeni təkliflər irəli sürür”, – deyə Badalyan vurğulayıb.
Bundan başqa, erməni analitik deyib ki, Baş nazirinin 2026-cı ilin parlament seçkiləri ərəfəsində, xüsusilə sülh müqaviləsi məsələsində uğur qazanmağa çalışması, həmçinin bu müddət ərzində iqtisadi sahədə heç bir irəliləyiş əldə etməməsi Paşinyanın gələcək strateji addımlarını daha da mürəkkəbləşdirəcək.
Badalyan Paşinyanın əvvəllər ABŞ və Qərb ölkələrinin dəstəyi ilə hakimiyyətini saxladığını və bunun ölkənin içindəki siyasi mühitin bir çox hissəsi tərəfindən dəstəkləndiyini qeyd edib. Onun sözlərinə görə, lakin Paşinyanın mövqeyi gələcəkdə ABŞ-da baş verəcək prezident seçkilərinə və bu seçkilərin nəticələrinə bağlı olacaq.
Rafi Müslümov