AZ

Türkiyə COP29-da yüksək səviyyədə iştirak etdi – FOTO

 

Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla yüksək səviyyədə iştirak etdi.

Yenicag.az xəbər verir ki, qlobal istiləşmə ilə mübarizədə görülən işlər və iqlim maliyyələşdirilməsi də daxil olmaqla bir çox vacib mövzunun müzakirə edildiyi COP29 bu il 11-22 noyabr tarixlərində Bakıda keçirildi. Azərbaycan tarixində ən böyük beynəlxalq tədbir olan konfrans çərçivəsində təşkil edilən Dünya Liderləri İqlim Sammitində təxminən 80 ölkənin dövlət və hökumət başçıları iştirak etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan da həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə zirvədə iştirak edərək Türkiyənin 2053-cü il sıfır emissiya hədəfi və “Yaşıl İnkişaf Vizionu” barədə məlumat verdi. Ərdoğan, həmçinin İsrailin Qəzza və Livana qarşı hücumlarının ağır humanitar və ekoloji fəlakətə səbəb olduğunu vurğuladı.

COP29-da Prezident Ərdoğanla yanaşı Türkiyənin xarici işlər, enerji, maliyyə, ekologiya, kənd təsərrüfatı, mədəniyyət, təhsil və nəqliyyat nazirləri də iştirak etdi. Tədbirdə Türkiyədən ümumilikdə 1900-dən çox nümayəndə, ümumilikdə isə 196 ölkədən 76 minə yaxın insan iştirak etdi.

Türkiyə, həmçinin COP29-da Mavi Zona və Yaşıl Zonada iki fərqli pavilyon quraraq həm dövlət, həm də özəl sektor layihələrini təqdim etdi.

Mavi Zona Pavilyonunda Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə strategiyaları, ənənəvi sənət növləri, o cümlədən ebru və çini sənəti nümayiş etdirildi. Tədbir ərzində pavilyonda təxminən 60 panel keçirildi. Yaşıl Zona Pavilyonunda əsas mövzu “Sıfır Tullantı” olaraq təqdim edildi və Əminə Ərdoğanın himayəsində həyata keçirilən Sıfır Tullantı layihəsi ətraflı izah edildi.

Türkiyə nümayəndə heyətinin rəhbəri, Çevrə və Şəhərsalma nazirinin müavini Fatma Varank, COP29-un uğurlu keçdiyini bildirərək, Türkiyənin COP31-ə ev sahibliyi etmək üçün diplomatik səylər göstərdiyini qeyd etdi:

“Türkiyənin vizionunu və məqsədlərini doğru çatdırdığımıza inanırıq”.

Məsimə Məmmədova

Seçilən
17
yenicag.az

1Mənbələr