AZ

Rusiya-Qərb gərginliyinin artması Avropanı qaza həsrət qoyacaq? - İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Yola saldığımız həftə Bakıda COP29 öz işini qızğın davam etdirdiyi zaman Qərbin və qlobal Cənubun bu tədbirə qatılmayan liderləri Okeanın o tayında – Braziliyada G20 zirvə toplantısını keçirirdilər və orada da iqlim dəyişmələrinə bir xeyli yer ayırmışdılar...

Qlobal bazarlar

Avropanın qaz bazarlarında həftə ərzində qiymət 6% artaraq 530 dollar həddini keçdi. Bəs səbəb nədir qaz qiymətlərinin belə templə artımında? Bunun bir səbəbi Qərblə Rusiya arasında münasibətlərinin yeni gərginlik fazasına qədəm qoymasıdır. Rusiya qazının artıq Yeni ildən təkcə Ukrayna üzərindən deyil, həmçinin Avropaya tankerlərlə daşınması da dayana bilər. İkinci amil isə klimatik faktorlardan qaynaqlanır.

Avropada soyuqların düşməsi ölkələri öz yeraltı anbarlarından aktiv şəkildə qaz istehlak etməyə vadar edib, nəticədə onların ehtiyatları artıq 90%-dən aşağı düşüb. “Gas Infrastructure Europe” təşkilatının məlumatına görə, istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından qazın götürülməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxalıb. Onu qeyd edim ki, bu il Avropada istilik mövsümü oktyabrın 29-da başlayıb ki, bu da son payız-qış mövsümündən 10 gün daha əvvələ təsadüf edib.

Məhz bu səbəblərdən bəzi Balkan və Şərqi Avropa ölkələri bu qış mövsümü Azərbaycana əlavə qaz tədarükü ilə bağlı müraciətlər ediblər. Necə deyərlər, Avropa parlamentində hay-küylə “qaz həcmlərini artıran Azərbaycan”ın iqlim dəyişmələri ilə bağlı beynəlxalq konfransa ev sahibliyi məsələsi Avropanın enerji təhlükəsizliyiə töhfə verən ölkə ilə qarşı-qarşıya gəlir.

COP29

Beləliklə, noyabrın 11-də Bakıda işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası həftə sonu öz işini işini yekunlaşdırdı.

Qeyd edim ki, COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng beynəlxalq tədbirdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

Amma burada həll edilməli olan əsas məsələ iqlim dəyişmələrinin qarşısını almaq üçün maliyyələşmənin həllinin tapılmasıydı. Çünki dünyadakı ölkələrin inkişaf səviyyəsi kifayət qədər fərqli olduğundan ümumi məqsədə töhfə vermək və 2050-ci ilə qədər planetin temperaturunun müsbət 1,5 dərəcədən yuxarı qızmasının qarşısını almaq üçün birgə səylərə ehtiyac yaranıb.

COP29-un prezidenti Muxtar Babayevin sözləri ilə desək, zaman getdikcə daralıb və iqlim dəyişmələrinin qarşısının alınması üçün addımlar atmaq bir növ gecikib, artıq qaça-qaça hərəkətin etməyin vaxtıdır.

COP-un maliyyəsi

COP29 sədrliyinin dünən axşam yaydığı bəyanatda bildirilir ki, COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edilir.

Bəyanata əsasən, Tərəflərin təkliflərinin ilkin nəzərə alınması çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə qərar inkişaf etməkdə olan ölkələr üçün bütün dövlət və özəl mənbələrdən iqlim tədbirləri üçün maliyyələşmənin 2035-ci ilə qədər illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün birgə işə çağırır. 

Onu deyim ki, iqlim məsələsini qəlizləşdirən bir şey də inkişaf etmiş ölkələrin digərlərinə illik nə qədər  vəsait ayrılması üzərində gedən danışıqlarda idi. BMT Baş katibi bunun 1 trln dollardan az olmamasına işarə edirdi. 3-cü dünya ölkələri isə indiki qiymətlər şəraitində Paris Sazişindən irəli gələn təxirəsalınmaz məsələlərin həlli üçün isə 1,3 tilyon dollara ehtiyac duyulduğuna işarə edirdilər. Həmin vəsait isə birbaşa qrantlar, inkişaf bankları və özəl sektorun maliyyələşdirilməsini özündə birləşdirməlidir.

Bu məsələ göründüyü kimi heç də asan başa gələcək bir proses təsiri bağışlamır. Çünki bir tərəfdə varlı-karlı dövlətlərin maraqları, digərində neft-qaz hasil edən qlobal oyunçu-dövlətlər, digər tərəfdə isə çox böyük sayda “enerji keçidinin” fəsadlarının minimuma endirmək arzusunda olan maliyyəyə ehtiyacı duyanlar ordusu var. Təsəvvür edin ki, Səudiyyə, Qətər, BƏƏ, Küveyt kimi enerjili ölkələr donorlar sırasında yer almalı və 25 ildən sonra neft-qaz gəlirlərindən məhrum olandan sonra isə özləri yardıma ehtiyac duyulan ölkələr sırasına qoşula bilərlər. Bu baxımdan Bakıdakı müzakirələr zamanı hansısa “qızıl ortalığın” – kompromis həll yolları üzərində də müzakirələr yer alıb.

G20-nin iqlimi

Həftə əvvəli Braziliyada keçirilən G20 sammiti iqlim dəyişikliyi, enerji keçidi və beynəlxalq institutlarda islahatlar da daxil olmaqla bir sıra mühüm qərar və bəyanatların qəbulu ilə başa çatıb.

Avropa Komissiyasının Prezidenti fon der Leyen noyabrın 19-da G20-nin üçüncü sessiyasında “Enerji keçidi və davamlı inkişafın təşviqi” mövzusunda çıxışı zamanı COP28 və gələn il Braziliyanın ev sahibliyi edəcəyi COP30-dan söz açsa da, Bakıda keçirilən COP29-un üzərindən sükutla keçib. Baxmayaraq ki, çıxışında iqlim dəyişmələri ilə bağlı maliyyə məsələlərinin həllinə toxunub, amma xüsusilə vurğulayıb ki, qalıq yanacaqlar bir çox ölkələrin iqtisadiyyatına gərginlik yaradan faktora çevrilib. Avropa hökumətinin başçısı bildirib ki, bərpa olunan enerji ölkə daxilində istehsal olunur, enerji müstəqilliyini təmin edir, təmizdir və ən əsası qalıq yanacaqlardan daha ucuz başa gəlir. Və fikrini belə tamamlayıb ki, Dubayda qarşıya qoyduğumuz hədəflərə nail olsaq, cari onilliyin sonuna qlobal istixana qazı emissiyalarını 10 milyard ton azalda bilərik ki, bu da Avropa İttifaqının üç il ərzində ümumi emissiyalarından çoxdur.

Ümumən, yaxşı fikirlərdir, amma yenə də Avropa İttifaqının qlobal miqyasda bu məqsədlərə çatmaq üçün nə qədər vəsait ayırmasını açıqlamır.

Bakıdakı müzakirələrdə “qızıl ortalıq” axtarışı

Elə bu məsələ də BMT Baş katibi Antonio Quterreşin yenidən Bakıya gələrək COP29 çərçivəsində noyabrın 21-də keçirdiyi brifinqdə narahatlığının əsasını təşkil edib. “Bakıda biz iddialı yeni iqlim maliyyəsi hədəfi üzrə razılığa gəlməliyik. Bu məqsəd müxtəlif komponentlərlə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etməlidir", - deyə o bəyan edib.

Amma ondan öncə Neft İxrac edən Ölkələr Təşkilatı – OPEC-in Baş katibi Haysam Əl-Qays COP29 çərçivəsində çıxışı zamanı “Tarazlı enerji keçidi qlobal dayanıqlılığın açarıdır” fikrini səsləndirib. O, qlobal enerji tələbatının ödənilməsi üçün neft və qazın davamlı əhəmiyyətini vurğulayaraq, enerji keçidinə tarazlı və inklüziv yanaşmanın vacibliyini qeyd edib.

Bununla yanaşı OPEC Baş katibi enerji əldə etməkdə mövcud olan bərabərsizliklərə də diqqət çəkib. "Dünyada təxminən 685 milyon insan hələ də elektrikə çıxışı olmayan vəziyyətdədir və 2,1 milyard insan qida hazırlamaq üçün  təhlükəli və səmərəsiz yanacaqdan istifadə edir", - deyə o vurğulayıb. Çıxışını isə OPEC rəhbəri "Paris Sazişi emissiyaların azaldılmasına yönəlib, enerji mənbələrinin seçilməsinə yox”, çoxmənalı fikri ilə tamamlayıb. 

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Baş katibi Məhəmməd Hameli isə təbii qazın hazırda dünya üzrə ilkin enerji tələbatının 24 faizinin təmin etdiyini COP29 iştirakçılarının diqqətinə çatdırıb. O, təbii qazın qlobal enerji mənzərəsində əvəzolunmaz rolunu vurğulayaraq, onun iqtisadi artıma, ekoloji dayanıqlılığa və qlobal ərzaq təhlükəsizliyinə töhfəsini qeyd edib.

"Təbii qaz iqtisadi artımı stimullaşdırır, həyat səviyyəsini yüksəldir, evlərdə ətraf mühitin çirklənməsini azaldır, şəhərlərdə hava keyfiyyətini yaxşılaşdırır və istixana qazlarının emissiyasını azaldır", – deyə Hameli bildirib.

O, günəş, külək və hidroenerji sistemlərinin fasilələrlə üzləşdiyi hallarda qazın təmin etdiyi stabil enerjini yaddan çıxarmamağı xatırladıb və əlavə edib ki, təbii qazın sənaye sahələrinin dekarbonizasiyası üçün iqtisadi cəhətdən səmərəli hidrogenə çevrilmək və gübrə istehsalı üçün əsas xammal kimi qlobal ərzaq təhlükəsizliyindəki həlledici rolu da var. Forum rəhbəri belə bir proqnozla da çıxış edib ki, dünya əhalisi artdıqca,  iqtisadiyyat genişləndikcə, təbii qaza olan tələbat azalmayacaq, artıma gedəcək, çünki ən stabil və əlçatan yanacaqdır.

Bu deyilənlərə şübhə ilə yanaşmaq üçün hazırkı gün heç bir əsas yoxdur, amma COP-un həll etməli olduğu qlobal məsələ gələcəklə bağlıdır axı. Bu baxımdan da rəsmi Bakı da “enerji keçidi”nə tarazlı yanaşmanın tərəfdarıdır, baxmayaraq ki, özünün enerji siyasətini yaşıl enerjinin payının getdikcə artırılmasında görür.

“Yaşıl enerji” hərracının nəticələri

Ona görə də Azərbaycan Energetika Nazirliyinin ölkədə ilk dəfə alternativ enerji mənbələri üzrə keçirilən hərracın nəticələrini açıqlaması COP iştirakçıları arasında böyük marağa səbəb olub. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi Çin şirkəti elan olunub.

Hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti külək elektrik stansiyasını 2027-ci ildə istismara vermək üçün öhdəlik götürüb. Bunun nəticəsində hər il 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı və  ilə 57 milyon kubmetr həcmində təbii qazın qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaldılması proqnozlaşdırılır.

Mərasimdə çıxış edən Energetika naziri Pərviz Şahbazov hərracın uğurla başa çatmasını Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühüm nailiyyəti adlandırıb və əlavə edib ki, bu hadisə həmçinin ölkəmizin yaşıl enerji layihələrinə beynəlxalq investorların artan marağını və inamının təsdiqidir.  

Kəlbəcərin külək enerjisi

Qeyd edim ki, bu həftə COP çərçivəsində həmçinin Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), yerli “CleanEnergy Invest” və Türkiyənin “Baltech Green” özəl şirkətləri arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu da imzalanıb. Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihə olacaq. 200-240 MVt gücündə olan stansiyanın 2028-ci ilin əvvəlində istismara verilməsi gözlənilir.

Neft və maliyyə

Bu həftə Milli Məclisin komitələrində 2025-ci ilin Dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov gələn il neft-qaz sektorundan gəlirlərin 2024-cü ilin proqnoz edilən göstəricilərlə müqayisədə  təxminən 750 milyon manat az olacağını bəyan edib. "Bunun səbəblərindən biri kimi nazir Azərbaycan neftinin büdcə qiymətinin 75 dollarından 70-ə endirilməsi, digər səbəbini isə neft hasilatının yataqlarımızın ehtiyatlarının azalması səbəbindən aşağı düşməsi kimi göstərib.

“Əgər neftin qiyməti dünya bazarlarında daha çox enərsə, bu mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”, - deyə Şərifov bildirib. 

Beləliklə, Azərbaycanda neft hasilatının 14 ildir azalmasına baxmayaraq, hələ də onun büdcəyə təsirləri kifayət qədərdir. Amma bir müddət sonra, artıq büdcənin tərtibi zamanı neftin deyil, təbii qazın qiymətləri əsas faktor kimi götürülər.

Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr