AZ

Bu məhsulların istehsalı azalıb, qiyməti artıb - "Qiyməti artırmaq yerinə..."

Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə Oğuz-Şəki-Qax və Zaqatala rayonlarında üstünlük təşkil edən şabalıd bağlarında məhsuldarlıq bu il 30-40 faizə qədər azalıb.

Bu da qiymətlərin kəskin artması və alıcılıq qabiliyyətinin düşməsinə səbəb olub.

Bəs məhsuldarlığın belə azalmasına səbəb nədir?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Redaktor.az-a açıqlamasında deyib ki, təkcə şabalıdın deyil, digər məhsulların da istehsalında azalma var:

"Taxıl, xüsusən buğda istehsalımız azalıb, məhsuldarlıq aşağı düşüb. Biz kəndliləri, fermerləri maarifləndirməliyik. Aqrotexniki qaydalara mütləq vaxtı-vaxtında əməl edilməli, bitkiyə qulluq edilməlidir. Bitki də canlıdır və onun suya, qidaya, mineral maddələrə ehtiyacı var. Əgər fermerlər suvarmanı, yeniləməni vaxtında aparsa, bitkinin immun sistemi dözümlü olacaq və daha çox məhsul əldə etmək mümkün olacaq. Məhsuldarlıq bol olanda isə qiymət ucuzlaşacaq".

Kolbasaların

Ekspertin sözlərinə görə, Azərbaycanda istehsalçı da, ticarətlə məşğul olanlar da istəyir ki, məhsulunu daha baha qiymətə satsın, ancaq məhdud sayda alıcı var və alıcılıq qabiliyyəti aşağıdır:

"Əgər kəndli daha çox qazanmaq istəyirsə, daha çox istehsal edib, qiyməti ucuz qoyaraq dövriyyənin hesabına qazanmalıdır. İstehlakçı onda bir kilo yox, iki kilo alacaq. İstehsalçının da gəliri artacaq. Alıcı görür ki, qiymət bahadır, üç kilo əvəzinə bir kilo alır. Bizim fermerlər, kəndlilər başa düşməlidir ki, daha çox gəliri qiyməti artıraraq əldə etmək mümkün deyil. İndi onlar çıxılmaz vəziyyətdədir, məhsuldarlıq aşağı olub. Məhsuldarlıq aşağı olanda da onun xərci artır. Məhsuldarlıq artdıqca, məhsulun maya dəyəri aşağı düşəcək və kəndli də aşağı qiymətə satıb qazanc əldə edəcək. Biznesin qaydası budur".

Sevinc İBRAHİMZADƏ

Seçilən
9
redaktor.az

1Mənbələr