Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə noyabrın 25-də Portuqaliyaya səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şeyxülislam noyabrın 26-27-də Portuqaliyanın Kaşkai şəhərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu yubiley Qlobal Forumunun açılışına qatılacaq. O, eyni zamanda, “Bəşəriyyət naminə iyirmiillik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda və “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”da çıxışlar edəcək.
BMT-nin Baş katibi Antonio Quterreş də Sivilizasiyalar Alyansının yaranmasının iyirmiilliyinə həsr olunmuş 10-cu Qlobal Forumda iştirak edəcək.
A.Paşazadə noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına da qatılacaq.
Qeyd edək ki, şeyxülislam Direktorlar Şurasının üzvüdür.