AZ

"Kəlbəcərlilər əmindirlər ki, ən qısa zamanda..."

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Zəfər nəticəsində 4 il öncə - 2020-ci noyabrın 25-də Kəlbəcər rayonu işğalçılardan azad edildi. Ordumuz Azərbaycanın ən yüksək və olduqca çətin relyefə malik dağ rayonuna bir güllə atmadan daxil oldu. Əlbəttə, Ermənistan Ağdamı, Kəlbəcəri və Laçını öz xoşu ilə təhvil vermədi, Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən hərbi əməliyyatlar zamanı döyüş meydanında düşməni məhv edərək onları ağ bayraq qaldırmağa, tarixi torpaqlarımızdan çıxmağa məcbur etdi.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
 
“Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində 53 mindən çox Kəlbəcər sakini öz doğma torpaqlarından didərgin düşdü. Bu işğal nəticəsində 500-dən çox dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Ağır şəraitdə öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan Kəlbəcər sakinləri ölkəmizin 56 rayonunun ərazisində müvəqqəti məskunlaşmağa məcbur oldu”, - deyən deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin sosial məsələlərinin həlli, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Onların sosial rifahının yüksəldilməsi daim diqqətdə saxlanıldı.
 
Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə hər bir Kəlbəcər sakininin öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiyini bildirən Mircəlil Qasımlı qeyd edib ki, ermənilər tərəfindən işğal dövründə Kəlbəcərin demək olar bütün yaşayış məntəqələri, infrastrukturu məhv edildi: “Onlarla tarixi-mədəniyyət abidəsi, muzey və mədəniyyət evləri, məktəblər, uşaq bağçaları, kitabxanalar, xəstəxanalar, yüzlərlə inzibati bina, minlərlə mənzil tamamilə dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrildi”.
 
Milli Məclisin deputatı bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edən qətnamələrin qəbul edilməsinə baxmayaraq, 27 il ərzində bu sənədlər icra olunmadı. Bu beynəlxalq təsisat Ermənistandan sənədin icrasını tələb etmədi. Bu ədalətsizlik isə düşməni daha da azğınlaşdırdı və torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi: “Azərbaycan xalqı işğal dövründə beynəlxalq ictimaiyyətin problemin həllinə laqeyd münasibətinin şahidi oldu. Beynəlxalq hüququn tələblərinin icra edilməməsi və bəzi dairələr tərəfindən Ermənistana göstərilən dəstək bu ölkəni Azərbaycana qarşı yeni təxribatlar törətməyə və yeni ərazilər işğal etməyə həvəsləndirirdi, amma onlar Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər. Ötən illər ərzində Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük inkişaf yolu qət etmişdi. Ulu Öndərin əsasını qoyduğu qüdrətli Azərbaycan artıq bütün komponentlərdə Ermənistanı dəfələrlə üstələyirdi. Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşərək illərdir davam edən ədalətsizliyə, işğala son qoymaq əzmində idi. Vətən müharibəsi dövründə “Dəmir yumruğa” çevrilən bu həmrəylik torpaqlarımızın, o cümlədən Kəlbəcərin azad edilməsini şərtləndirdi”.
 
Mircəlil Qasımlı füsunkar təbiətə, zəngin tarixə, təbii sərvətlərə malik Kəlbəcərin, həmçinin əlverişli strateji mövqeyinə görə də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsində aparılan uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji yüksəkliklər azad edildi. Bu, ordumuza düşmənin əsas təminat yollarına nəzarət etmək imkanı verdi. Bu üstünlük sonrakı günlərdə də uğurlu əməliyyatların təşkilinə və düşmənə sarsıdıcı zərbələrin vurulmasına əsaslı töhfələr verdi.
 
10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə yekunlaşdı. Kəlbəcər, Ağdam və Laçın bir güllə atılmadan, şəhid vermədən azad edildi”.
 
“Kəlbəcərin Azərbaycana təhvil verilməsi prosesi Azərbaycan xalqının humanistliyini, ermənilərin isə vəhşiliyini növbəti dəfə dünyaya nümayiş etdirdi. Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Üstəlik, silahsız sakinlərə, yaşlılara, uşaqlara qarşı amansız cinayətlər törətmişdi. Bu xüsusda, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində ermənilər tərəfindən törədilən faciəni xüsusi qeyd etmək istərdim. Bütün bunlara baxmayaraq, hər zaman humanizm dəyərlərini uca tutan Azərbaycan xalqı Kəlbəcərin Ermənistan tərəfindən təhvil verilməsi zamanı da bu ali dəyərlərə sadiqliyini nümayiş etdirdi. Belə ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli idi. Lakin Ermənistan tərəfi Kəlbəcərin təhvil verilməsi üçün əlavə 10 gün vaxt istədi və Azərbaycan dövləti və xalqı müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi. Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər isə tarixi torpaqlarımızı tərk edərkən, öz xislətlərini, terrorçu mahiyyətlərini bütün dünyaya nümayiş etdirərək, evləri, meşələri yandırdılar, ağacları kəsdilər. Təəssüflər olsun ki, ətraf mühitin, ekoloji sistemin qorunmasının qlobal əhəmiyyət kəsb etdiyi bir dövrdə dünyanın gözü önündə baş verən bu cinayətlərə də beynəlxalq ictimaiyyət kəskin reaksiya vermədi”, - deyə deputat vurğulayıb.
 
Millət vəkili bu gün Kəlbəcərin bərpa və quruculuq dövrünü yaşadığını söyləyib: “Kəlbəcərdə müasir yaşayış kompleksləri inşa edilir, infrastruktur bərpa olunur, nəhəng layihələr uğurla icra edilir. Kəlbəcərə yeni yollar çəkilir, tunellər tikilir. Yaşıl enerji zonasına çevriləcək Kəlbəcərdə bu istiqamətdə davamlı işlər aparılır. Kəlbəcərlilər əmindirlər ki, Kəlbəcər ən qısa zamanda nəinki Azərbaycanın, bütün dünyanın ən müasir infrastruktura malik bölgələrindən birinə çevriləcək”.
Seçilən
14
moderator.az

1Mənbələr