AZ

Qürurverici anlar -Foto



Xəbər verdiyimiz kimi noyabrın 11-dən 23-nə kimi Bakıda  COP29 (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Bakı Olimpiya Stadionunda baş tutan COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir.Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük təsisat hesab olunan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etdiyi kimi COP29-un da öhdəsindən layiqincə gəldi. Ölkəmizin növbəti sədrliklərə uğurlu ənənə qoyacağı artıq dünyada şübhə doğurmur.

Dünyanın bir nömrəli problemi olan qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirin 200 ölkənin yekdil qərarı ilə Azərbaycana həvalə edilməsini ölkəmizə yüksək etimadın göstəricisidir. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, regionda ilk dəfə Azərbaycanda baş tutan belə bir mötəbər tədbir həm də ölkə başcısı İlham Əliyevin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığın nəticəsidir. 
Noyabırın 12-13-də COP29 çərçivəsində keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün dövlət və hökumət başçılarının iştirakı bir daha bu tədbirin beynəlxalq əhəmiyyətindən xəbər verdi.Təxminən 72 min nəfərə yaxın qonağın qeydiyyatdan keçərək COP29 tədbirlərinə qatılması isə ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığını bir daha nümayiş etdirdi.
Ölkəmiz bu günədək ətraf mühitin qorunması sahəsində bir çox beynəlxalq müqavilələrə qoşularaq üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirib. Bakıda keçirilən COP29 həm də bəşər həmrəyliyinin simvoluna çevrildi, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşdü. Biz yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik. Azərbaycan sərbəst,müstəqil, azad təşəbbüslər ölkəsidir. COP29 iqlim məsələlərinin müzakirə olunduğu ən effektiv platformadır və bu tədbirin siyasiləşdirilməsi yolverilməzdir.Çox təəssüf ki,bəzi inkişaf etmiş ölkələr belə bir mötəbər tədbiri öz çirkin ambisiyalarına qurban verdilər.Həmin dövlətlərə ölkə rəhbərinin mesajı isə layiqincə oldu.

Azərbaycan Prezidenti İlham Əliyev COP29  Liderlər Sammitinin açılış mərasimində COP29 əleyhinə təbliğat aparanların nəzərinə catdırdı ki, “baykot” siyasətini həyata keçirənlər öz niyyətlərinə çata bilmədilər:  “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var”.  

Bakıda keçirilən COP29-iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni səhifə açmış oldu.Eyni zamanda, COP-un məqsədlərindən birinin–karbon qazının miqdarını sənayeləşdirmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və “yaşıl enerji” növlərinin yaradılması istiqamətində önəmli layihələr gələcək həyata xidmət edir. Ölkəmiz öz növbəsində COP29-un ev sahibi kimi 14 əsas təşəbbüs irəli sürüb. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynayırıq və COP29 çərçivəsində bu prosesin irəliləməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. 
Noyabrın 20-də Bakı Olimpiya Stadionunda təşkil olunan COP29 sessiyasının “Yaşıl Zona”sında təşkil olunan sərgini ziyarət edib həm yerli,həm də müxtəlif ölkələrin stentləri ilə tanış oldum. COP29-un Azərbaycanda keçirilməsinin bütün dünya üçün necə böyük əhəmiyyət kəsb etdiyinə bir daha şahidlik etdim.Müxtəlif ölkələrin nümayəndələrini belə bir böyük əhəmiyyətli tədbirdə,özü də ölkəmizdə görmək həqiqətən də qürurverici an idi.Hiss olunurdu ki,sərgidə iştirak edənlərin təbəssümləri səmimilik hökm sürür.Yəni dünyanı xilas etmək istəyənlər Bakıdadır.

Qeyd edim ki,hər şeydən əvvəl, bu mötəbər toplantının baş tutması mütləq Azərbaycanın nüfuzunu zirvələrə qaldıracaq. Gələn qonaqlara ölkəmizin davamlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirıldi. Sərgidə iştirak edən əcnəbi qonaqları gördükdə fikirləşirdim ki, mütləq onlar Azərbaycanı daha yaxından tanıyacaq, bu günədək yanlış təbliğat vasitəsi ilə onlara aşılanmış neqativ baxışlar pozitiv düşüncə ilə əvəzlənəcək.

Həqiqətən də Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakıda keçirilən beynəlxalq tədbirlərin siyahısına nəzər salsaq, COP29 geniş miqyaslı bir layihə olduğunu deyə bilərik. Əslində, ölkəmiz bundan faydalanaraq, ilk növbədə öz həqiqətlərini, bir sözlə 30 illik işğal dövründə erməni vəhşiliyini bir daha bütün dünyanın diqqətinə çatdırdıq, Vətən müharibəsində erməni faşizmi üzərindəki ədalətli və parlaq qələbəmiz barədə həqiqəti ifadə edərək, Azərbaycanın sosial-iqtisadi uğurlarını nümayiş etdirdik.

COP29-un Azərbaycanda keçirilməsi həm də “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradacaq.İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl həyatın yaradılması dövlətimizin əsas istiqamətlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə bir layihənin və “yaşıl enerji”yə keçidin əsas məqsədi də məhz Azərbaycan vətəndaşının sağlamlığının qorunması, həm də dövlətimizin dünyada söz sahibi olduğunu göstəricisidir.

Şübhəsiz ki, bir çox tədbirlər kimi, ölkəmiz COP29-u uğurla təşkil edərək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirdi. Qeyd edək ki, iqlim dəyişmələri təkcə insanların sağlamlığına mənfi təsir etmir, eyni zamanda özü ilə gələcəkdə bir sıra iqtisadi və ekoloji problemlər də yaradır.Və Azərbaycan da bu problemlərin gələcək nəsillərə qalmaması ücün əlindən gələni etməyə hazır olduğunu bir daha sübüt etdi. İnanırıq ki,dünya birliyi tezliklə ölkəmizin haqq və yaxşı amallar uğrunda inkişafını alqışlayacaqdır.

Zaur Vəliyev
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini








Seçilən
25
aia.az

1Mənbələr