AZ

COP29 yüksək səviyyədə baş tutdu

Azərbaycanın mövqeyini heç nə dəyişə bilmədi 

Tədbirin gündəliyində müəyyən olunmuş 14 hədəf geniş müzakirə olundu


  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bitmək üzrədir. 12 gün ərzində bir çox fərqli platformalarda görüşlər təşkil olundu, iqlimlə əlaqədar panellərdə qlobal problemlər və onlardan çıxış yolları müzakirə edildi. COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul olundu. “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək. BMT-nin baş katibi Antonio Quterreş iqlim maliyyəsi məsələsində həqiqətə maksimum yaxınlaşacaqlarına inandığını söyləyib. O bəyan edib ki, yekun razılığın əldə olunması üçün tərəflərin danışıqlara meyilli olması və mövqelərinə düzəlişlər etməsi vacibdir: "Biz inanırıq ki, heç bir ölkə bu danışıqlardan nəticəsiz ayrılmayacaq. Mən danışıqçı olmasam da, hiss edirəm ki, ölkələr indiki halda öz mövqeyində qalıb. Yekun razılaşmanın əldə olunması üçün hər kəs gücünü birləşdirməli və səyləri artırmalıdır. Elmi mülahizələr də onu deməyə əsas verir ki, 1,5 dərəcəlik iqlim hədəfinə nail olunmaqdan başqa çıxış yolu yoxdur. Beləliklə, reallıq dəyişməz olaraq qalır. Yəni tərəflərin yekun sənədin müddəaları üzrə razılığa gəlməsi son dərəcə önəmlidir". Antonio Quterreş bildirib ki, ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır: "Paris İqlim Razılaşmasına əsaslanan beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyinin qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün son dərəcə vacibdir". O əlavə edib ki, ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır: "Belə olan halda hər bir ölkənin hökumətinə xalqı ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək imkanları verilməli və dövlətlər bu növ enerjinin üstünlüyündən yararlanmalıdır. Bu amil eyni zamanda zərərli tullantıların atmosferə atılmasını əhəmiyyətli dərəcədə azaltmaqla, ölkələri iqlim böhranından qorunmasına şərait yaradacaq və xalqlar arasında etimadı möhkəmləndirəcək". Quterreş, həmçinin ölkələr adından müzakirələrdə iştirak edən nümayəndə heyətlərinin üzvlərinə müraciət edib: "Sizin hər biriniz tutduğunuz sərt mövqeni yumşaltmalısınız. Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir. Onu da bildirmək istəyirəm ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır. Biz bunu həmçinin ayrı-ayrı ölkələrin çiçəklənən gələcəyə yatırılan sərmayəsi kimi başa düşürük. Ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta səviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul etdi. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq. Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq". BMT baş katibi tərəflər arasında bu ilin sentyabr ayında razılaşdırılan gələcək pakt haqqında da danışıb: "Bu pakt vacib maliyyələşmə alətlərinə etibarlı çıxışın əldə edilməsi, eləcə də borclanma üzrə effektiv tədbirlərin görülməsinin qaydalarını müəyyən edir. Eyni zamanda həmin sənəd çoxtərəfli inkişaf banklarının imkanlarını genişləndirməklə bərabər, onların kreditləşmə imkanlarını artıraraq, daha da inkişafına səbəb olacaq". BMT baş katibinin sözlərinə görə, iqlim maliyyəsi məsələsində yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var: "COP29 çərçivəsindəki müxtəlif görüşlərdə nümayəndə heyətləri ümumi razılığa gəlmək üçün böyük səylər göstərirlər. Fikir ayrılıqları mövcud olduğuna görə yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var. Hər bir kəs bilməlidir ki, iqlim maliyyəsinin razılaşdırılmasından imtina heç bir halda yaranmış vəziyyətdən çıxış yolu sayıla bilməz. Əksinə, bu məsələ həm qısamüddətli səyləri təhlükə altına ata, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni milli planların hazırlanmasını ləngidə bilər". Qeyd edək ki, Fransa kimi qərəzli ölkələrin təzyiqlərinə və qarayaxma kampaniyalarına rəğmən, əksər dünya ölkəsi, o cümlədən region dövlətləri COP29 tədbirinin əhəmiyyətini və Azərbaycanın yüksək təşkilatçılıq bacarığını qeyd ediblər.  
  Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, COP29 beynəlxalq əhəmiyyət daşıyan BMT tədbiridir və bu tədbirə çox uğurla ev sahibliyi etdik. Deputatın sözlərinə görə, ölkəmizə gələn 80-dən çox dövlət, hökumət və parlament rəhbərləri, 70 mindən çox qonaq ölkəmizdə özlərini çox rahat hiss etdilər, qlobal gündəliyə həsr olunmuş məsələləri geniş şəkildə müzakirə etdilər: 

"Deyə bilərik ki, COP29 ondan əvvəlki COP-lardan fərqləndi və COP həyatında bir dönüş nöqtəsi oldu. Çünki COP29 gündəliyində müəyyən olunmuş 14 hədəf geniş müzakirə olundu. Tədbirin keçirildiyi hər günündə məsələlər ətrafında  müzakirələr aprılaraq qərarlar qəbul edildi. Tədbirin yüksək səviyyədə keçirilməsi və nəticəyönümlü olması Azərbaycanın növbəti uğurudur və ölkəmizin dünya siyasətində özünəməxsus yerinin olduğunun göstəricisidir. COP29-da iştirak edən dövlətlər Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirirlər. Ümumi qərarların qəbulunda iştirakından məmnun olduqlarını bildirirlər. Məsələn, Rusiyanın XİN sözçüsü Mariya Zaxarova Azərbaycan haqqında yüksək fikirlər ifadə etdi". 
  Parlament üzvü diqqətə çatdırıb ki, COP29-un baş tutmasına mane olmağa çalışan, boykot çağırışları edənlər də oldu: "O cümlədən özlərini "demokratik və azad media" sayan Qərb mediası da ağalarının sifarişlərinə qoşuldular. COP29 tədbirlərinin işıqlandırılmasına geniş yer vermədilər. Təbii ki, bu qərəzin kökündə dayanan əsas məsələ ölkəmizin müstəqil siyasət yürütməsinin həzm edilə bilməməsidir. Azərbaycan Qərbin canfəşanlıqlarına baxmayaraq, COP29-u yüksək səviyyədə keçirdi. Qərb dairələri isə ölkəmizin belə böyük beynəlxalq tədbirə ev sahibliyi etməsini həzm edə bilmirlər. Onlar Cənubi Qafqazı müharibələr və qarşıdurmalar regionu kimi görməyinə öyrəşiblər. Amma Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik adasına çevrilib. COP29 kimi beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edirik". 
  A.Badamov əlavə edib ki, Azərbaycan COP29-un gündəliyinə çox ciddi və vacib məsələləri daxil edib: "Məsələn, iqlim maliyyəsinin yaradılmasında konsensusun əldə olunması və iqlimə daha çox zərər verən ölkələrin daha çox iqlim maliyyəsi ödəməsinin vacibliyi tələb edilir. Bu gün iqlim dəyişikliklərinə ən çox zərər vuran ölkələr inkişaf etmiş Qərb ölkələridir. Onlar iqlim maliyyəsinin ödənilməsindən yayınmağa çalışırlar. Bunun üçün də asan yol Azərbaycana qarşı qarayaxmalar və qərəz yağdırmaqla COP29-un keçirilməsinə mane olmaq idi. Amma Azərbaycanın mövqeyini heç nə dəyişə bilmədi və COP29 yüksək səviyyədə baş tutdu. Bu, ölkəmizin növbəti uğurudur. Uğurlarımız dostlarımızı sevindirir, düşmənlərimizə isə mənəvi əzab-əziyyət verir".

Seçilən
19
sherg.az

1Mənbələr