AZ

Qida Eksperti: Saf kərə yağı əritdikdə yalnız aydın maye əldə olunmalıdır

Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb.
Oxu.az xəbər verir ki, alıcı videoda bildirib ki, bu, kərə yağına yox, maşın yağına bənzəyir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə bağlı sözügedən marketdən bildirilib ki, mağazalarında təqdim edilən bütün qida məhsulları müvafiq dövlət qurumu tərəfindən yoxlamalara cəlb edilir:
"Yalnız keyfiyyət və təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların satışı həyata keçirilir. Sözügedən məhsulun qida təhlükəsizliyi sertifikatı mövcuddur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sosial şəbəkədə yayılan görüntü nəzarətə götürülüb:
"Məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər".

Qida eksperti Asim Vəli "Sherg.az"a deyib ki, alıcının iddiasını tam təsdiqləmək üçün müvafiq laboratoriya analizlərinə ehtiyac var:                         

"Kərə yağını əritdikdən sonra tündrəngli mayenin yaranması bir neçə səbəbdən qaynaqlanır. Əgər məhsul saf kərə yağı deyilsə və tərkibində bitki yağları, emulqatorlar və ya əlavə maddələr varsa, bu cür rəng dəyişiklikləri baş verə bilər. Keyfiyyətsiz istehsal texnologiyası və ya düzgün olmayan saxlanma şəraiti də yağın strukturunu dəyişdirə bilər. Saf kərə yağı əritdikdə yalnız aydın maye əldə olunmalıdır. Əgər çöküntü yaxud tünd maye yaranırsa, məhsulun tərkibində istənməyən qarışıqlar ola bilər.
Marketlərin dövlətin qoyduğu standartlara uyğun məhsullar satdığını iddia etməsi onların məsuliyyətdən azad olması anlamına gəlmir. Hər bir halda alıcının şikayəti obyektiv şəkildə araşdırılmalı, lazımi yoxlamalar həyata keçirilməlidir. Ümumiyyətlə sertifikatı olan məhsullar daha etibarlı məhsullar hesab edilir, ancaq bu həmişə elə deyil. Qablaşdırmanın bütöv olmasına, son istifadə tarixinə diqqət yetirilməlidir. Kərə yağı çox ucuzdursa, bu tərkibdə bitki yağlarının olması ehtimalını artırır. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmək, məhsulu laboratoriya analizindən keçirtmək lazımdır. Bu həm alıcının şikayətini aydınlaşdırmaq, həm də marketin mövqeyini dəqiqləşdirmək üçün vacibdir nüansdır".
Seçilən
21
15
sherg.az

10Mənbələr