AZ

Ötən il KOB-lar ölkə iqtisadiyyatına 20,1 milyard manat həcmində əlavə dəyər qatıb

Ölkə üzrə bizneslərin 99,7 faizini təşkil edən mikro, kiçik və orta sahibkarlıq üzrə müsbət artım dinamikası müşahidə edilir. Müsbət meyllər KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 2022-ci illə müqayisədə ötən il KOB-ların sayı 6,2 faiz artaraq 401149-a çatıb. 2023-cü ildə 125159 yeni KOB subyekti yaradılıb.

KOB-ların əlavə dəyərdəki payı 2022-ci ildəki 13,9 faizdən 2023-cü ildə 18 faizə çatıb ki, bu da 4,1 faiz bəndi artım deməkdir. Ötən il KOB-lar ölkə iqtisadiyyatına 20,1 milyard manat həcmində əlavə dəyər qatıb ki, bu, 2022-ci ilə nisbətən 16,9 faiz artım deməkdir.

KOB-ların məşğulluqdakı payı artmaqda davam edərək ötən il 44 faiz təşkil edib. Bu, 2022-ci ilə nisbətən 2,2 faiz bənd çoxdur. Bu dövrdə KOB-ların qeyri-neft sektoru üzrə məşğulluqdakı payı isə 43,1 faizdən 45,3 faizə yüksəlib. 2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390800 nəfər olub ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz çoxdur.

Bütün bunlar ölkə iqtisadiyyatında və məşğulluqda, o cümlədən qeyri-neft sektorunda KOB-ların rolunun artmaqda davam etdiyini, KOB-ların güclənərək iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir. KOB sektoru üzrə müsbət meyllər, həmçinin, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ÜDM-nin, qeyri-neft ixracının və birbaşa xarici investisiyaların artımına, eləcə də KOB sektoru üzrə nəzərdə tutulan göstəricilərə çatmağa xidmət etməkdədir.

Seçilən
12
vergiler.az

1Mənbələr