AZ

QHT-lər COP29-da yerli və beynəlxalq səviyyədə ekoloji problemlərin həlli üçün şəbəkələşmə imkanları əldə etdilər RƏY

Bakıda keçirilən COP29 Azərbaycanın sosial, iqtisadi və ekoloji sahələrdə yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Bu tədbir ölkəmizin təkcə beynəlxalq nüfuzunu artırmadı, həm də cəmiyyəti ekoloji problemlərə daha həssas yanaşmağa təşviq etdi. Minlərlə xarici nümayəndənin iştirakı ilə baş tutan bu qlobal konfrans Azərbaycan üçün çoxşaxəli imkanlar açdı. İlk növbədə, COP29 turizm və xidmət sektoruna birbaşa iqtisadi fayda gətirdi. Konfrans müddətində otelçilik, iaşə və nəqliyyat xidmətlərinə tələbin artması yerli biznes üçün əlavə gəlir mənbəyi yaratdı. Xüsusilə kiçik və orta sahibkarlar bu tədbirdən böyük fayda götürərək, öz fəaliyyətlərini genişləndirdi. Bununla yanaşı, yerli şirkətlər öz məhsul və xidmətlərini sərgilər və forumlar vasitəsilə beynəlxalq auditoriyaya təqdim edərək yeni işgüzar əlaqələr qurmaq şansı əldə etdilər.

 

QHT.az bildirir ki,  bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə AZƏRTAC-a açıqlamasında söyləyib.

 

Konfransın əhəmiyyətinə toxunan QHT sədri bildirib ki, COP29 çərçivəsində qəbul ediləcək qərarlar ekoloji sosial layihələrin inkişafına da təkan verəcək. Bu mötəbər tədbir yaşıl inkişafın və beynəlxalq əməkdaşlığın yeni nöqtəsinə çevrilib: Ağacəkmə kampaniyaları, təkrar emal mərkəzlərinin yaradılması, yaşıl enerji təşəbbüsləri kimi layihələr ətraf mühitin qorunması ilə yanaşı, insanların həyat keyfiyyətini artırdı. Xüsusilə şəhərlərdə yaşıllıq sahələrinin genişləndirilməsi cəmiyyətin rifahını artırmaqla yanaşı, ekoloji mədəniyyətin formalaşmasına töhfə verdi. Bu prosesdə qeyri-hökumət təşkilatlarının rolu xüsusilə diqqətəlayiq oldu. QHT-lər COP29 çərçivəsində yerli və beynəlxalq səviyyədə ekoloji problemlərin həlli üçün şəbəkələşmə və əməkdaşlıq imkanları əldə etdilər. Onlar müxtəlif müzakirələrdə və şəbəkə görüşlərində iştirak edərək, yeni tərəfdaşlıqlar qurdular və birgə layihələr üçün əsas yaratdılar. Bundan əlavə, QHT-lərin maarifləndirmə fəaliyyətləri cəmiyyətin ekoloji məsələlərə daha həssas yanaşmasını təmin etdi. Məsələn, təşkil edilən seminarlar, mühazirələr və sərgilər vasitəsilə əhali, xüsusilə gənclər arasında ekoloji məsuliyyət anlayışı daha da gücləndirildi. COP29-da Azərbaycan QHT-ləri mərkəzi güc mənbəyinə çevrildi”.

COP29-un həm də beynəlxalq əməkdaşlıq üçün unikal platforma təqdim etdiyini vurğulayan C.Hüseynzadə bildirib: “Azərbaycan müxtəlif təcrübələrdən faydalanaraq, yaşıl texnologiyaların tətbiqini genişləndirmək imkanını əldə etdi. Enerji səmərəliliyini artırmaq, karbon emissiyalarını azaltmaq və bərpaolunan enerji mənbələrinə keçid sahəsində qlobal təcrübələrin öyrənilməsi ölkəmizin ekoloji problemlərin həllində qabaqcıl mövqe tutmasına şərait yaratdı. Eyni zamanda, Azərbaycan bir çox ölkələr üçün də yaxşı bir nümunə yardı. Bu konfransın daha bir əhəmiyyətli tərəfi sosial həmrəyliyin güclənməsinə verdiyi töhfə oldu. COP29 vasitəsilə Azərbaycan cəmiyyəti ekoloji problemlərin yalnız dövlət və ya biznes məsuliyyəti deyil, eyni zamanda, fərdi səviyyədə hər kəsin töhfə verə biləcəyi bir məsələ olduğunu anladı. Bu tədbir həm də Azərbaycanın davamlı inkişaf yolunda irəliləməsinə xidmət etdi”.

 

QHT sədri qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, həm də strateji əhəmiyyətli addım oldu: “Bu tədbir vasitəsilə ölkəmiz ekoloji problemlərlə mübarizədə fəal iştirak etməklə yanaşı, cəmiyyətin rifahını və gələcək nəsillərin sağlam yaşamaq hüququnu təmin etmək üçün mühüm qərarlar qəbul etdi. QHT-lərin, dövlət və özəl sektorun birgə səyləri Azərbaycanın davamlı inkişaf yolunda irəliləməsini təmin etdi və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı. COP29 Azərbaycanın gələcəyinə yönəlmiş bir baxışın təcəssümü oldu”.

Seçilən
0
1
qht.az

2Mənbələr