AZ

Xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi qaydası təsdiq edilib. 

Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qeyd olunur ki, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərara alır:

Son Yazılar:

1. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilsin.

2. Bu Qərar 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

3.1. “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 gün müddətində həyata keçirilməsini təmin etsin;

3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Seçilən
4
15
viral.az

10Mənbələr