AZ

“Daha yaxşı günlər gələcək, amma nə vaxt - sual budur”

Azərbaycan millisinin Estoniya (0:0) və İsveç (0:6) ilə oyunlarında həm yerli, həm də xarici çempionatlarda çıxış edən futbolçularımızın oyununu, bacarığını, daha doğrusu, bacarıqsızlığını bir daha gördük.

Bəs Azərbaycan Premyer Liqasında oynayan legionerlərin öz milli komandalarında işləri necə gedir?

İdman.biz xəbər verir ki, “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisində də əsas heyət üzvüdür.

Komandasının Türkiyə ilə qarşılaşmasından əvvəl mətbuat konfransında iştirak edən futbolçu da məhz Yankoviç olub ki, onun da bəzi fikirləri maraqlıdır.

“Fakt budur ki, biz nəticə baxımından böhrandayıq. Daha yaxşı günlər gələcək, amma nə vaxt - sual budur”.

“Vəziyyətə obyektiv baxmaq lazımdır, hazırda B liqasında komandalar bizdən daha güclüdür. Əlimizdən gələnin ən yaxşısını etməyə və uğurlu nəticə qazanmağa çalışacağıq. Türkiyənin hədəfi var və A liqasına yüksəlməyə layiqdir”, - deyən Yankoviç və oyundaşları meydanda elə “ən yaxşısı”nı ediblər də.

UEFA Millətlər Liqası B liqasında qrupda autsayder olsalar da, sonuncu turda Türkiyəyə 3:1 hesabı ilə qalib gələrək, “ay-ulduzlular”ın lider qalmasına imkan verməyiblər. Halbuki bundan üç gün əvvəl evdə İslandiyaya iki top fərqilə uduzmuşdular (0:2).

“Neftçi”nin mərkəz yarımmüdafiəçisi Edvin Kuç da Monteneqro millisində çıxış edir. O, İslandiya və Türkiyə ilə son oyunlarda ikinci hissədə meydana çıxıb.

“Qarabağ”lı Marko Veşoviç isə zədə səbəbindən sentyabrdan bəri yığmadan kənar qalıb.

Monteneqro komandasının baş məşqçisi də bizə tanış simadır: xorvat Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun rəhbərliyilə monteneqrolular ilə iki qələbə ilə başlasalar da, sonra ardıcıl yeddi oyunda uduzub, nəhayət, son qarşılaşmada qalib gəliblər.

Beləliklə, Monteneqro öz qrupunda sonuncu olduğu üçün C liqasına düşüb.

“Qarabağ”ın legionerlərindən Patrik Andrade Kabo Verde yığmasının heyətində Misirlə qarşılaşmada (1:1) ikinci hissədə meydanda olub. 31 yaşlı yarımmüdafiəçi sarı vərəqə alıb cəzalı vəziyyətə düşdüyündən Mavritaniya ilə növbəti oyunu buraxmaq məcburiyyətində qalıb.

Patrik Andradenin komandası seçmə mərhələdə qrup sonuncusu olaraq 2025 Afrika Millətlər kubokuna vəsiqə qazana bilməyib.

Onlardan fərqli, öz qrupunun aşkar lideri Əlcəzair millisi sözügedən yarışda iştirakını asanlıqla təmin edib. Bu komandanın hücumameylli yarımmüdafiəçisi Yassin Benzia Ekvatorial Qvineya (0:0) və Liberiya (5:1) ilə oyunlarında ikinci hissənin sonlarında meydana çıxıb.

Afrikalı legionerlərdən söz düşmüşkən, yuxarıda adları çəkilən futbolçulardan fərqli, “Zirə”nin ruandalı mərkəz müdafiəçisi Ange Mutsinzi ölkəsində millinin əsas oyunçusu sayılır. 2025 Afrika Millətlər kubokuna vəsiqə qazanmağa yaxın olan Ruanda komandası Liviyaya uduzub (0:1) və Nigeriyaya qalib gəlsə (2:1) də, onunla eyni – 8 xal toplayan Benini irəli buraxıb. Mutsinzi hər iki qarşılaşmada 90 dəqiqə meydanda olub, ikincidə qol da vurub.

“Sumqayıt”lı Tresor Mossinin heyətində yer aldığı Burundi millisi də 2025 Afrika Millətlər kubokuna çıxa bilməyib. 23 yaşlı dayaq yarımmüdafiəçisi Malavi ilə qarşılaşmada ehtiyatda qalıb, lider Seneqalla oyunda (0:2) isə ikinci hissədə meydana çıxıb.

Moldova yığmasının iki üzvü Azərbaycanda çıxış edir. “Araz Naxçıvan”ın qapıçısı Kristian Avram Andorra (1:0) ilə matçda ehtiyatda qalsa da, Cəbəllütariq (1:1) ilə yoldaşlıq görüşündə birinci hissədə qapını qoruyub.

“Turan”lı Denis Marandiçi isə bu oyunlarda meydana çıxmayıb.

Moldovanın Millətlər Liqasında D liqasından C-yə yüksəldiyini də xatırladaq.

Nəhayət, “Neftçi”li Keelan Lebon Parisdə doğulsa da, əcdadlarının vətəni Sen-Martinin milli komandasının şərəfini qoruyur. 27 yaşlı vinger Kürasao (0:5) və Qrenada (3:0) ilə son oyunlarda forma geyinib. Hətta qələbə qazandıqları matçda iki qol da vurub. Amma komandası CONCACAF Millətlər Liqasında öz qrupunda sonuncu olaraq B liqasından C-yə düşüb.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr