Baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu deyilən “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə keçmiş işçisi Lətif Xəlilov arasında qalmaqal yaranıb.
Qaynarinfo-nun məlumatına görə, işdən çıxarılan Lətif Xəlilov əmək haqqı və maddi ziyan tələbi ilə şirkət qarşı iddia qaldırıb.
Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Lətif Xəlilov qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Namiq Cəfərov iş üzrə hakim təyin edilib. Məhkəmə iclasının vaxtı hələ ki, müəyyənləşməyib.
“Evrascon” şirkəri Azərbaycanın ən iri inşaat şirkətlərindən biri hesab olunur. Şirkət təkcə Azərbaycanda deyil, xaricdə iri layihələrin icrasını həyata keçirir.
Abid Şərifovun biznesi haqqında mediada dərc edilən araşdırma materiallarında qeyd olunur ki, onun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Bu baxımdan, şirkət Abid Şərifovun hesab edilir.
Baş nazirin keçmiş müavini mediaya açıqlamasında şirkətə rəhbərliyi qardaşının həyata keçirdiyini deyib. “Bu şirkət 1000-dən çox fəhlə işlədir, azərbaycanlıları xaricə aparıb işlə təmin edir. Təsəvvür edirsiz, 1000-dən çox fəhləni. Bu şirkətin rəhbəri mənim qardaşımdır”, deyə o bildirib.
Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.