AZ

Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinəhücuma başlayıblar...

Image

Simmetrik aktivlərin dondurulmasında Rusiya 210 milyard dollar itki verə bilər

Rusiyanın maliyyə naziri Anton Siluanov Qərb investorlarının dondurulmuş aktivlərindən əldə edilən gəlirləri istifadə etməyi planlaşdırdığını açıqlayıb. Cənab Siluanov bildirib ki, Rusiya Qərb dövlətləri tərəfindən qeyri-dost hərəkətlər həyata keçirdikdən sonra cavab tədbirləri görüləcək.

“Əgər Qərb ölkələri bizim aktivlərimizdən və aktivlərimizdən əldə olunan gəlirlərdən istifadə etmək qərarına gəlsələr, Rusiya tərəfi mütləq adekvat addımlar atacaq. Ona görə də biz Qərb investorlarının və maliyyə bazarındakı Qərb iştirakçılarının, şirkətlərin resurslarını da dondurmuşuq. Bu aktivlərdən əldə edilən gəlirlər qızıl-valyuta ehtiyatlarımızı donduran və bu ehtiyatların yerləşdirilməsindən əldə edilən gəlirdən istifadə edən ölkələrin hərəkətlərinə qarşı istifadə ediləcək”, - Siluanov deyib.

Oktyabrın 24-də Siluanov bəyan edib ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməyə başlayarsa, Rusiya da eyni şəkildə cavab verəcək. Sonra o qeyd etdi ki, “dost olmayan ölkələrdən” gələn hüquqi şəxslərin vəsaitlərindən əldə olunan gəlir Rusiya iqtisadiyyatının və subyektlərinin ehtiyaclarına yönəldiləcək. İyun ayında G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit ayırmağa razılaşıblar ki, bu da Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. Kredit üzrə bütün tranşlar 2027-ci ilin sonuna qədər köçürülməlidir. Kreditin 45 il ərzində ödənilməsi planlaşdırılır.

Rusiya ilə Qərb arasında qarşılıqlı aktuvlərin dondurulması və dondurulmuş aktivlərin gəlirlərindən istifadə kimə daha çox ziyan vura bilər?

2023-cu ilin sonuna qədər Qərb mənbələri iddia edir ki, Rusiyanın 300 milyard dollar aktivləri üzərinə əl qoyub. Bunu rəsmi Moskva da etiraf edir. Lakin 2024-cü il ərzində Rusiya mərkəz bankının Avropa müttəfiqlərinin banklarındakı 50 milyard dollara yaxın aktivləri də dondurulub.

Rusiyanın dondurulmuş aktivləri Amerika, Avropa  və digər ölkələrdə fəaliyyət göstərərək əvvəlki qaydada gəlir əldə edir. Amma bu gəlirlər aktuvlərin sahibləri tərəfindən istifadə oluna bilmir.

Məsələn, proqnozlaşdırılır ki, Rusiyanin Qərb və onun müttəfiqləri tərəfindən dondurulan 350 milyard dollar aktivləri 2027-ci ilə qədər 30 milyard dollardan çox gəlir gətirəcək. Bu isə Ukraynaya vəd edilən kreditin 60 faizi həcmindədir.

Bəs Rusiya simmetrik olaraq Avropa ölkələrinin və Amerikanin nə qədər aktivlərini dondura bilib?

Clearstream-in ötənilki xülasəsində bildirilir ki, Rusiyada "dost olmayan ölkələrin" iş adamlarına və banklara məxsus dondurulmuş vəsaitlərin ümumi həcmi 134,1 milyard avro (139,55 dollar) təşkil edib. Nəzərə alsaq ki, Rusiya tərəfindən son bir ildə elə ciddi addımlar atılmayıb, deməli, onun əlavə olaraq dondurduğu aktivlərin həcmi o qədər də artmayıb. 2024-cü ildə Rusiyanın bu istiqamətdə fəaliyyətini nəzərə alaraq təsəvvur edək ki, Rusiya cavab olaraq "dost olmayan ölkələr" adı altında Amerikaya və Qərbə məxsus 140 milyard dollar həcmində aktivləri dondura bilib. Ortada real mənzərədən görünür ki, bu qarşılıqlı cəzalandirma prosesində Moskva uduzur. Belə ki, Qərb Rusiyanın ümumilikdə 350 milyard dollar dəyərində aktivlərini dondurubsa, Moskva Avropa və onun müttəfiqlərinin yalnız 140 milyard dollar dəyərində aktuvlərinə əl qoyub. Ümumi hesabda Rusiya 210 milyard dollar itkiyə məruz qala bilər.

Burada aktivlərin həcmindən başqa, onun gəlirlilik məsələsi də əsas rol oynayır. Rusiyanın Avropa və onun müttəfiqlərinin dondurduğu aktivləri əsasən istehsal sahələrinə, biznes strukturlarına, səhmlərə və qızıla yatırılıb. Ona görə də Rusiyanın dondurulmuş aktivleri hazırda daha çox gəlir gətirmək qabiliyyətinə malikdir. Rusiyanın dondurulmuş aktivləri ildə təxminən 6 milyard dollar gəlir gətirir.

Rusiyanın dondurduğu Avropa və onun müttəfiqlərinə məxsus aktivlərinin gəlirləri isə ildə hec bir milyarda da çatmır. Hər iki prizmadan dəyərləndirdikdə, bu, qarşılıqlı aktivləri dondurmaq savaşında Rusiya böyük hesabla məğlub duruma düşür.

Akif NƏSİRLİ





Seçilən
15
baki-xeber.com

1Mənbələr