AZ

Anar Cəfərov: “Aqrar sektorda iqlim-ağıllı kənd təsərrüfatı təcrübəsindən istifadə edilməsi gözlənilir”

Fins.az - Kənd təsərrüfatı ölkə iqtisadiyyatının əsas strateji sahələrindən birini təşkil edir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aqrar innovasiyaların rolu danılmazdır. Bu istiqamətdə görülən işlər barədə “vergiler.az”ın suallarını Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov cavablandırıb. 

- İqlim dəyişikliyi fonunda kənd təsərrüfatı sektorunun inkişafı bir çox ölkələrdə gündəlikdə duran ən mühüm məsələlərdən biridir. Ölkədə məhsuldarlığın artırılması üçün texnoloji baxımdan hansı işlər görülür?

- Müasir dövrdə, xüsusən də qlobal iqlim dəyişikliyi fonunda aqrar sektorun innovativ həllərə əsaslanan texnoloji yeniliklərlə inkişafı günün aktual məsələlərindən hesab olunur. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə və insanların öz daimi yaşayış yerlərini tərk etmələrinə gətirib çıxarır. Yer kürəsində qlobal iqlim dəyişilmələrinin baş verməsində kənd təsərrüfatının da üzərinə müəyyən məsuliyyətlər düşür. Qlobal istixana qazı emissiyasında kənd təsərrüfatının payı 18 faizdən çoxdur.

Qlobal iqlim dəyişikliyinin təbii-iqlim anomaliyası olan quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. İqlim dəyişikliyi fonunda su itkisini azaltmaq, suvarma şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməklə yanaşı, müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsinin təşviq edilməsi tələb olunur. Bu gün ölkəmizdə fermerlərə müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəyi göstərilir ki, bu da onlara öz əkin sahələrində sudan daha qənaətlə istifadə etməyə, məhsuldarlığı və səmərəliliyi artırmağa imkan verən müasir suvarma sistemlərini tətbiq etmələrinə münbit şərait yaradır.

Hazırda ölkədə fəaliyyət göstərən dövlət və özəl taxılçılıq təsərrüfatları torpaq və su ehtiyatlarının səmərəli və dayanıqlı istifadəsinə imkan verən müasir resursqoruyucu texnologiyaların və elmi yanaşmaların tətbiqinə daha çox üstünlük verirlər. Bu texnologiyalar dizel yanacağına və gübrə normasına 50 faizə qədər qənaət olunmasına və nəticədə məhsulun maya dəyərinin, atmosferə atılan karbon qazının miqdarının azalmasına imkan verir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi də bölgələrdə innovativ həllərə əsaslanan müasir texnologiyaların tətbiqi, nümayişi və təşviqi ilə bağlı öz əməli fəaliyyətlərini davam etdirməkdədir. Mərkəz aqrar innovasiyaları təbliğ etməklə yanaşı, müntəzəm olaraq fermerlərə innovativ üsulların - yeni suvarma (damcı suvarma, yağış yağdırmaq metodu) və resurslara qənaət edən effektiv əkin üsullarının alternativ enerji mənbələri ilə çalışan su nasoslarının nümayişini həyata keçirir.

Qlobal iqlim dəyişikliyi fonunda aqrar sektorun innovativ həllərə əsaslanan texnoloji yeniliklərlə inkişafı günün aktual məsələlərindən hesab olunur

- COP 29-un aqrar sektorun inkişafına töhfəsini və rolunu necə qiymətləndirirsiniz? Bu istiqamətdə hansı dəyişiklikləri gözləyirsiniz?

- COP-un əsas məqsədi iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda istixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün qlobal səyləri qiymətləndirməkdir. Konfrans, həmçinin, daşqınlar və quraqlıq kimi iqlim fəlakətlərinin təsirlərindən əziyyət çəkən həssas ölkələr üçün maliyyələşməni müzakirə edir. Bu qlobal tədbir yalnız yeni strategiyaların işlənib hazırlanmasına kömək etmir, eyni zamanda iqlim dəyişikliyinə daha çox məruz qalan ölkələrə dəstək verir. Odur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iqlim böhranında kənd təsərrüfatının dayanıqlı inkişafında rolunu yüksək qiymətləndirmək olar.

Kənd Təsərrüfatı Nazirliyinin COP29 çərçivəsində beynəlxalq təşkilatlarla keçirdiyi görüşlər Azərbaycanın yeni aqrar inkişaf strategiyasına uyğun olan layihələrin reallaşdırılmasına imkan verəcək. Bura aqrar sahədə məhsuldarlığın daha da artırılması, fərdi təsərrüfatlara dəstək və ərzaq təhlükəsizliyinin təmin olunması, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması daxildir.

COP29 qlobal çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın güclənməsinə və bu əsasda ölkədə iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmağa, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadənin genişlənməsinə, iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin daha da inkişafına imkan verəcək.

Hazırda ölkədə fəaliyyət göstərən dövlət və özəl taxılçılıq təsərrüfatları torpaq və su ehtiyatlarının səmərəli və dayanıqlı istifadəsinə imkan verən müasir resursqoruyucu texnologiyaların və elmi yanaşmaların tətbiqinə daha çox üstünlük verirlər

- COP29-da kənd təsərrüfatı sənayesinin əsas mövzuları hansılar idi?

- Azərbaycanda keçirilən bu mötəbər tədbirdə iqlim böhranında kənd təsərrüfatının davamlı inkişafı, su ehtiyatlarının dayanıqlı idarə edilməsi və bu əsasda ərzaq təhlükəsizliyinin təmini sahəsində əməkdaşlığın gücləndirilməsi mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə dünyada iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq və hökumətlərarası təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti, kənd təsərrüfatının iqlim böhranının nəticələrinə davamlılığının təmin edilməsi, ərzaq təhlükəsizliyi kimi mövzulara toxunulub. Eyni zamanda, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirinə və regionlarda münaqişədən sonrakı ekoloji vəziyyətə xüsusi diqqət yetirilib.

- Ölkəmizdə aqrar sahənin inkişafında hansı texnoloji yeniliklərin istifadəsi gözlənilir?

- Azərbaycanda aqrar sektorda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına hədəflənən qabaqcıl texnologiyaların, o cümlədən iqlim-ağıllı kənd təsərrüfatı təcrübəsindən istifadə edilməsi gözlənilir. Bura iqlim risklərinin qiymətləndirilməsi və gələcək iqlim ssenariləri əsasında fermerlərə aqrotexniki tədbirlərin aparılması üçün əvvəlcədən tövsiyələrin verilməsi, uyğunlaşma strategiyaları haqqında məlumatlı qərarlar qəbul etməyə kömək edən modellərin hazırlanması, iqlim dəyişikliyinə davamlılığın və kənd təsərrüfatında məhsuldarlığın davamlı şəkildə artırılması və istixana qazları emissiyalarını azaltmaq üçün müxtəlif texnologiyalar və təcrübələr, resursmühafizəedici kənd təsərrüfatı, dəqiq əkinçilik və suya qənaət edən üsullar, dəyər zəncirində yaşıl enerji imkanları və s. daxildir.

COP29 qlobal çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın güclənməsinə imkan verəcək

- Azərbaycan dünyaya hansı nou-hau təklif edə bilər?

- COP29 çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya" (FAST) təşəbbüsünə daxil edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” ilə bağlı əməkdaşlığın gücləndirilməsinə dair birgə Niyyət Bəyannaməsi imzalayıb. Azərbaycan bu təşəbbüslə çıxış edərək, dünyaya sözügedən nou-haunu təklif edəcək. "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" qlobal tərəfdaşları bir araya gətirməklə, iqlimə müsbət təsir göstərən qida sistemləri üzrə investisiyaların təşviqi və xüsusilə qadınlar və gənclər üçün daha güclü dəstəyin təmin olunması məqsədi daşıyır.

Seçilən
2
50
fins.az

10Mənbələr