Almaniyanın xarici işlər naziri (XİN) Annalena Berbok COP29 iqlim konfransının sona yaxınlaşması ilə bağlı “ürək parçalayan” şərhlər verib və Avropa İttifaqının (Aİ) iqlim maliyyələşdirməsi üzrə məsuliyyətini digər danışıq iştirakçılarının üzərinə atmağa çalışıb.
KONKRET.az oxu.az-a istinaədn xəbər verir ki, nazir sosial şəbəkələrdə Aİ-nin iqlim maliyyələşdirməsinə sədaqətli olduğuna and içən bir neçə paylaşım edib.
Lakin nədənsə xanım Berbok BMT-nin COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üzrə razılaşmaya dair əsas danışıqlarda Qərb bloku liderlərinin, xüsusilə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirak etməməsini görmür.
ABŞ və Avropa əsrlərlə davam edən və genişmiqyaslı ətraf mühit çirklənməsinə görə əsas məsuliyyət daşısa da, Almaniya XİN başçısı iqlim maliyyələşdirməsi yükünü inkişaf etməkdə olan ölkələrin üzərinə atmağa çalışır.
Əsrlər boyu Avropa ölkələri Afrika və Asiyadakı müstəmləkələrdən təbii resursların təchizatçısı kimi istifadə edib. Bu ərazilərin ekosisteminin məhv edilməsinə məhəl qoymayıblar. İndi də Fransa və digər bir sıra ölkələrin həm öz müstəmləkələrini, həm də keçmiş nəzarət altında olan ərazilərini fəal şəkildə istismar etməsi nümunəsi Almaniya XİN başçısının guya iqlim ədalətini dəstəkləməsi ilə bağlı çağırışının riyakarlığını göstərir.
Əgər Qərb bloku COP29-da bütün ölkələri qane edən iqlim sazişinə nail olmağa köklənmiş olsaydı, bu ölkələrin təmsilçilik səviyyəsi Bakıya gələn aidiyyəti nazirliklərin rəhbərlərindən daha yüksək olardı. Qərb blokunun faktiki olaraq bütün səyləri iqlim maliyyələşdirilməsi xərclərini mümkün qədər azaltmağa yönəlib. 2035-ci ilədək dövr üçün təklif olunan ildə 300 milyard ABŞ dolları səviyyəsi məhz iqlim dəyişikliyinin nəticələrinə məruz qalan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını əks etdirmir.
İnkişaf etməkdə olan ölkələr COP29-da bu barədə açıq danışırlar – tez-tez baş verən daşqınlar, tornadolar, qasırğalar məhz inkişaf etməkdə olan ölkələrə həm coğrafi mövqeyinə, həm də təbii fəlakətlərə dayanıqlılıq baxımından böyük ziyan vurur. Bu kataklizmlər də məhz Qərbin məsuliyyət daşıdığı iqlim dəyişikliyi səbəbindən tez-tez baş verir.
Lakin bu məsuliyyəti ABŞ Prezidenti Cozef Bayden, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron və digərləri başda olmaqla Qərb dövlət başçıları tam olaraq qəbul etmək istəmirlər.
KONKRET.az