AZ

Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov mükafatı təqdim olunub

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, mükafatın laureatı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olub. O, bu mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.

Mükafatı Joqorku Keneşin (Qırğız Respublikasının parlamenti) sədri Nurlanbek Şakiyev və MDB PA Şurasının sədri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko təqdim ediblər.

Spiker Nurlanbek Şakiyev qeyd edib ki, bu mükafat Mehriban Ələkbərzadənin ədəbi sahədəki çoxsaylı xidmətlərinin, ədəbiyyatın inkişafına, mədəniyyətlərin yaxınlaşmasına, MDB ölkələri arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfənin təzahürüdür. O əlavə edib: “Çingiz Aytmatov bizim fəxr etdiyimiz ədib, qırğız xalqının böyük oğludur. Onun əsərləri müxtəlif mədəniyyətlərə, millətlərə yaxındır, hamımızı birləşdirir. Çingiz Aytmatov bizim ümumi sərvətimiz, ortaq qürurumuzdur, hamımızı sıx bağlayır, bizi həmfikir edir”.

Parlamentin sədri vurğulayıb ki, bu mükafatın təsis edilməsi barədə qərar Assambleya tərəfindən bütöv xalqları öz əsərləri ilə birləşdirən böyük ədibin xatirəsinə atılan mühüm addımdır. “Əminəm ki, bu ənənə, şübhəsiz ki, MDB iştirakçısı olan dövlətlərin mədəni və humanitar potensialının diqqətlə qorunub saxlanmasına və daha da inkişafına töhfə verəcək”, - deyə Nurlanbek Şakiyev çıxışını yekunlaşdırıb.

Öz növbəsində, Mehriban Ələkbərzadə yüksək mükafata görə minnətdarlığını bildirib. O deyib: “Çox şadam ki, mənim sevimli yazıçım və filosof, ümumbəşəri miqyaslı müəllif Çingiz Aytmatovun mükafatına layiq görüldüm. Onun yaradıcılığı milli koloriti və ümumbəşəri dəyərləri heyrətamiz şəkildə birləşdirir. Qırğız xalqı bizə və bütün dünyaya belə nadir, fenomenal yazıçı və mütəfəkkir bəxş edib”.

Mükafat 2012-ci ildə Qırğız Respublikası Joqorku Keneşinin təşəbbüsü ilə təsis edilib. O, hər il ədəbiyyat sahəsində nailiyyətlərə, görkəmli orijinal əsərlərə və çoxşaxəli ədəbi fəaliyyətə görə verilir. Mükafat üçün namizədlər baxılması üçün MDB PA-nın Mədəniyyət, İnformasiya, Turizm və İdman Daimi Komissiyasına təqdim edilir.

Seçilən
8
1
yeniazerbaycan.com

2Mənbələr